AZ

Hansi Flik: “Qollar Robert Levandovskinin qanındadır”

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik “blauqrana”nın polyak mərkəz hücumçusu Robert Levandovski haqda danışıb.

Arena.az “Sport.es” dərgisinə istinadən, alman mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Roberti cərimə meydançasında dayandırmaq mümkün deyil. Məşqin ilk günlərində darıxdığım kəs o idi. Qollar onun qanındadır və o, hətta məşqdə də çoxlu imkanlar yaratmağı bacarır.

Veteranların gənc oyunçuların yanında oynaması və onlara qarşılıqlı əlaqə qurmağı öyrətməsi mənim üçün xoşbəxtlikdir. Veteranlar gənc oyunçular üçün örnək ola bilərlər”, deyə Flik vurğulayıb.

Xatırladaq ki, Hansi Flik daha əvvəl Levandovski ilə çalışıb. Alman mütəxəssis 2019-cu ilin noyabrından 2021-ci ilin iyununa qədər polyak hücumçunun həmin dövrdə çıxış etdiyi “Bayern”i uğurla çalışdırıb.

Robert Levandovski “Barselona”ya 2022-ci ilin iyulunda 45 milyon avro müqabilində “Bayern”dən keçib. Tərəflər arasında müqavilə daha 1 il müddətinə uzadılması inkanı ilə 2026-cı il iyun ayının sonuna qədər qüvvədədir.

Artıq geridə qalmış 2023/2024-cü illər mövsümündə polyak hücumçu “Barselona”nın heyətində bütün yarışlarda 49 oyuna çıxıb. “Lyova” bu oyunlarda 26 qol vurub, 9 məhsuldar ötürmə verib. Levandovskinin “blauqrana”nın heyətində çıxışı rəqəmlərin gözü ilə belə təsvir yaradır: 95 oyun, 59 qol, 17 məhsuldar ötürmə.

Təcrübəli hücumçu karyerası ərzində “Borussiya” (Dortmund), “Lex” (Poznan), “Zniç”, “Legiya” (Varşava) və “Delta” komandalarında da çıxış edib.

Robert Levandovski hazırda kapitanı olduğu və 2008-ci ilin sentyabr ayında debüt etdiyi Polşa yığmasının heyətində 151 oyun keçirib, 82 qol vurub, 33 məhsuldar ötürmə verib. Robert hər iki göstərici üzrə Polşa yığma komandasının mütləq rekordçusudur.

“Transfermarkt” internet-portalı 35 yaşlı polyak mərkəz hücumçusunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
2
arena.az

3Mənbələr