AZ

““Rolex” markalı saatlarımızın qiyməti dəfələrlə şişirdilib” – Yenilənib


“5 avqust tarixində məzuniyyətdə olarkən Brüssel vaxtı ilə saat 15:00-da Belçikada yaşadığım evin qarşısında mən və xanımım naməlum 2 nəfər tərəfindən hücuma məruz qaldıq. Bu şəxslər biz binanın girişindən içəri girərkən zorla içəri soxularaq, bizi silah və bıçaqla hədələyərək, üzərlərimizdəki əşyaların onlara verilməsini tələb ediblər”.
Yeniavaz.com
xəbər verir ki, bunu APA-ya Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə deyib.
“Onlar xanımımın çantasını və qollarımızdakı “Rolex” model saatları götürərək, bizə yüngül xəsarət yetirərək ərazidən kənarlaşıblar. Polis dərhal əraziyə gələrək, hadisənin araşdırılmasına başlayıb. Polis tərəfindən verilmiş məlumata əsasən, hal-hazırda cinayətkarların məsuliyyətə cəlb edilməsi məqsədilə müvafiq istintaq tədbirləri davam etdirilir. Həmçinin, qeyd edim ki, Belçika mətbuatında yaşadığımız binanın şəkillərinin dərc olunması təhlükəsizlik səbəbindən qəbuledilməzdir. Qarət edilən saatlarımızın qiymətinin mətbuatda hədsiz dərəcədə və dəfələrlə şişirdilməsi də təəssüf doğurur. Bizə məxsus saatlar “Rolex” markalı olsa da, onlar metalik və sadə modellər olub. Bu hücum hadisəsi barədə, həmçinin, Belçika tərəfinə rəsmən səfirliyimiz tərəfindən müraciət edilib və diplomatların toxunulmazlığının təmin olunması və onlara qarşı bu kimi hücumların qarşısının alınması üçün Diplomatik əlaqələr haqqında Vyana Konvensiyası çərçivəsində tədbirlər görülməsi tələb olunub”, - azərbaycanlı diplomat bildirib.

***14:24
Azərbaycanın NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə və həyat yoldaşı qarət olunub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Belçikanın “Sudinfo” nəşri məlumat yayıb.
Bildirilir ki, hadisə avqustun 5-də, saat 15:30-dan (Bakı vaxtı ilə 17:30) bir qədər əvvəl Brüsseldəki Stefaniye meydanının yaxınlığında, Luiza prospektində baş verib.
“Onların başına tapançanın qundağı ilə vurulub və hər ikisindən dəyəri ümumilikdə 90 min avro (təxminən 167 min manat) olan iki ədəd “Rolex” qol saatı götürülüb”, - nəşr yazır.

Murad Məmmədov
Seçilən
67
42
yeniavaz.com

10Mənbələr