AZ

Qərbi Azərbaycan Televiziyasının yaranmasının bir illiyi münasibətilə görüş keçirilib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Qərbi Azərbaycan İcmasında yaranmasının 1 illiyi münasibətilə Qərbi Azərbaycan Televiziyasının əməkdaşları ilə görüş keçirilib.
Oxu.Az xəbər verir ki, tədbiri giriş sözü ilə açan icmanın aparat rəhbəri Qalib Qasımov əvvəlcə səfərdə olduğu üçün görüşdə iştirak edə bilməyən icmanın İdarə Heyətinin sədri, VI çağırış Milli Məclisin deputatı Əziz Ələkbərlinin salamlarını və təbriklərini televiziyanın heyətinə çatdırıb.
Qalib Qasımov bildirib ki, televiziya yarandığı müddətdən bu yana Qərbi Azərbaycan həqiqətlərinin geniş auditoriyaya bir neçə dildə çatdırılması istiqamətində mühüm işlər görüb. Bu gün zəngin veriliş müxtəlifliyi və məzmun rəngarəngliyi ilə Qərbi Azərbaycan Televiziyası mütəmadi olaraq tamaşaçılarının görüşünə gəlir. Aparat rəhbəri televiziyanın işinə könüllü olaraq dəstək verən ziyalılarımıza da dərin təşəkkürünü çatdırıb.
Qərbi Azərbaycan İcmasının İctimaiyyətlə Əlaqələr və Qərbi Azərbaycan Televiziyası şöbəsinin müdiri Ülviyyə Zülfiqar çıxışında Qərbi Azərbaycan Televiziyasının yaradılmasının soydaşlarımızın sülh yolu ilə, təhlükəsiz və ləyaqətlə geri qayıdışı istiqamətində aparılan işə, o cümlədən maddi-mədəni irsimizin dağıdılmasına diqqət çəkilməsi məsələlərinə öz töhfəsini verdiyini bildirib.
O, televiziyanın daha əvvəl onlayn şəkildə fəaliyyət göstərdiyini, may ayının 1-də isə Qərbi Azərbaycan Televiziyasının yeni binasının istifadəyə verilməsini xatırlayaraq bütün imkanlarla təchiz olunmuş ofisə görə icmaya təşəkkürünü bildirib. Televiziyanın digər əməkdaşları da çıxışlarında təkliflərini səsləndiriblər. Tədbir Qərbi Azərbaycan Televiziyasının səsinin soydaşlarımızın öz ata-baba yurdlarına qayıdışından sonra Qərbi Azərbaycandan gəlməsi niyyəti ilə yekunlaşıb.
Qeyd edək ki, 1 avqust 2023-cü ildə yaradılan Qərbi Azərbaycan Televiziyası əvvəlcə onlayn şəkildə fəaliyyət göstərib. "Müzakirə vaxtı", "Xəbər vaxtı", maddi-mədəni irsimizə aid buraxılışlarla efirə çıxan televiziya 1 may 2024-cü ildə icma tərəfindən yeni təmirdən çıxmış binaya köçdükdən sonra efir siyasətini də dəyişib. Həmin tarixdən etibarən kanal gündə iki saat olmaqla Azərbaycan, rus və ingilis dillərində buraxılış və verilişlər yayımlamağa başlayıb. Efir cədvəlinə "Ulu öndər və Qərbi Azərbaycan", "Qərbi Azərbaycana doğru", "Addım-addım Qərbi Azərbaycan", "İnsanlıq əleyhinə", "Ziyalı", "Ədəbi İrəvan", "Deportasiyaya uğrayan irs", "Qərib Qərbi azərbaycanlılar", "İnsan hekayəsi", "Qərbi Azərbaycan ləzzətləri" kimi verilişlər əlavə olunub. Televiziya "Xəbər vaxtı" və "Müzakirə vaxtı" kimi verilişlərdə ölkənin gündəlik həyatında baş verən mövzulara aktiv şəkildə toxunmaqla, əsasən, Qərbi Azərbaycan həqiqətlərinin ölkə və dünya ictimaiyyətinə çatdırılması istiqamətində fəaliyyət göstərir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
133
50
oxu.az

10Mənbələr