AZ

Yardımlar, viza, birgə hərbi təlim şirinliyi: Ermənistan vətəndaş savaşı astanasında

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Ermənistanı yenə körükləyirlər. Əvvəllər dövləti olmayan ermənilərdən regiondakı Osmanlı və Qacar türk dövlətlərinə qarşı istifadə ediblər. Müasir dünya siyasətinin əsas aktorları dəyişməyiblər. Ancaq hədəflər müəyyən istiqamətdə dəyişikliyə uğrayıb.
Bu dəfə Ermənistan adlı dövlət var. Ondan isə Azərbaycan, Türkiyə, İrana qarşı ehtiyat təkər kimi yararlanma gündəlikdədir. Ancaq əsas hədəf Rusiyadır. 2018-ci ilin mayından, hakimiyyət dəyişikliyi baş verəndən sonra Ermənistan birbaşa bu ölkəyə qarşı fokuslanıb.
ABŞ və onun Qərbdəki müttəfiqləri İrana qarşı sanksiya tətbiq ediblər. Dünyanın aparıcı dövlətləri və şirkətləri bu məhdudiyyətdən ehtiyatlanaraq İslam Respublikası ilə ticarət əlaqəsini kəsib, oraya sərmayə qoymurlar. Ancaq Ermənistan İranla bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə əməkdaşlıq edir.
Qərb bloku bu məsələdə Ermənistana güzəştə getməklə əsas hədəfini istəsə belə, gizlədə bilmir. Ermənistanın şərtlərə əməl etməməsi səbəbindən Azərbaycanla sülh sazişi imzalanmayıb. Habelə Türkiyəyə qarşı iddialarından, o cümlədən saxta soyqırımının beynəlxalq miqyasda "tanınması" iddiasından əl çəkmədiyi üçün bu ölkənin qapıları onun üzünə bağlı qalıb. Ona görə də ABŞ Ermənistanı "şər bucağı", "beynəlxalq terrorizmin sponsoru" olaraq təqdim etdiyi İranın qapısına göndərir. Tehran da bunu Ermənistanla əməkdaşlığının inkişafı, dünya dövlətləri ilə ticarət dövriyyəsinin artması kimi təbliğ edir.
Ancaq o da gün kimi aydındır ki, son məqamda İrana ilk zərbə də bu ölkədən dəyəcək. Çünki tarixdə buna Osmanlı, Qacar, çar Rusiyası və SSRİ örnəkləri var.
Azərbaycan torpaqları işğal altında olanda da təcavüzkar Ermənistana sanksiya tətbiq edilməmişdi. Hətta ABŞ-nin dövlət və qeyri-hökumət təşkilatlarının, Avropa İttifaqının bu ölkə üçün nəzərdə tutulan müxtəlif yardımları və ianələri kəsilməmişdi.
44 günlük müharibə zamanı da Rusiya, İran, Fransa və başqaları Ermənistana maddi-mənəvi, hərbi, təbliğat və informasiya baxımından yardımlar ediblər.
İyulun 22-də Avropa İttifaqı Şurası Avropa Sülh Fondundan (EPF) Ermənistan silahlı qüvvələrinə 10 milyon avro dəyərində yardım paketinin ayrılmasını təsdiqləyib. Bildirilib ki, yardımın məqsədi Ermənistan silahlı qüvvələrinin maddi-texniki imkanlarını artırmaq, böhran və fövqəladə hallarda mülki əhalinin müdafiəsinin yaxşılaşdırılmasına töhfə verməkdir. Bundan başqa, Ermənistan vətəndaşları üçün Avropa İttifaqına səyahət vizası liberallaşdırılır.
ABŞ-nin Avropa komandanlığı "Eagle Partner 2024" çərçivəsində Ermənistanla kütləvi iğtişaşlara qarşı birgə hərbi təlim keçirir. Bildirilib ki, bu təlim yüksək intensivlik şəraitində əməkdaşlıq etmək və birgə işləmək bacarığını nümayiş etdirir, eyni zamanda, hazırlığı, cavabdehliyi və qarşılıqlı fəaliyyət qabiliyyətini artırır.
Pentaqonun nümayəndəsi isə Ermənistan Müdafiə Nazirliyində oturub.
ABŞ-nin Beynəlxalq İnkişaf üzrə Agentliyinin (USAID) başçısı Samanta Pauer də bu günlərdə Ermənistanda ikigünlük səfərdə olub. O, bu ölkədə baş nazir Nikol Paşinyan da daxil olmaqla müxtəlif görüşlər keçirib. Səfərdən sonra yaydığı videomüraciətdə isə qeyd edib ki, ermənilərlə danışanda əsas diqqət müqavimətin qurulmasına, ərzaq təhlükəsizliyi, enerji dayanıqlılığının artırılmasına yönəlib.
Onun sözlərinə görə, ABŞ ilə Ermənistan arasında hər gün daha da güclənən müasir və davamlı tərəfdaşlıq nümunəsi yaranır.
Qeyd etdiyimiz bu faktlar Ermənistanın yeni bir mərhələyə hazırlandığından xəbər verir. Hərbi sahədə kütləvi iğtişaşlara qarşı hazırlıq onu deməyə əsas verir ki, bu ölkədə gec-tez vətəndaş müharibəsi, yaxud kütləvi etiraz aksiyaları keçirilə bilər. Elə Avropa İttifaqının ayırdığı 10 milyon avro məbləğinin "böhran və fövqəladə hallarda mülki əhalinin müdafiəsinə" yönələcəyi də Ermənistan daxilində bir savaşın, qarşıdurmanın olacağı ehtimalını artırır.
Çünki rəsmi İrəvanın özünü "dəli oğlan" kimi aparmasını Moskva hələ seyr edir. Rusiya rəsmiləri Ermənistanı cızığından çıxmamaqla bağlı xəbərdarlıq edir.
Odur ki, iğtişaşlara qarşı hazırlıq, fövqəladə hallarda mülki sakinlərin müdafiəsinin təşkili və viza liberallaşdırılması məsələləri rebusa daha çox oxşayır. Bunlar biri-biri ilə bağlı məsələlərdir. Fikrimizcə, bu sıralanmanın açması belədir: Ermənistanda iğtişaşlar baş verəcəyi halda mülki əhalinin müdafiəsi məqsədilə viza verilərək ölkədən təxliyəsini təşkil etmək.
Meydana, deyəsən, yenə keşiş Baqrat Qalstanyanı buraxacaqlar. O, bu ilin sentyabrında yeni aksiyaya başlayacaqlarını bildirib: "Bizim taktikamız dəyişib: sentyabra qədər tərəfdarlarımız arasında seçim edəcəyik. Sentyabrın əvvəlində isə böyük toplantı keçirəcəyik".
Keşişin sözlərinə görə, mübarizə yalnız özü və hərəkatın bütün iştirakçıları öləndən sonra bitəcək. Bunu da Ermənistanda iğtişaşa hazırlığın başlayacağının anonsu saymaq olar.
Odur ki, Moskva-İrəvan münasibətləri aydınlaşmayanadək bu ölkədə vəziyyətin sabitləşəcəyindən bəhs etmək əbəsdir. Bu baxımdan, ehtimal etmək olar ki, Ermənistanın payızdan qışa çıxması prosesi daha çətin olacaq.
"Report" İnformasiya Agentliyi
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
124
31
oxu.az

10Mənbələr