AZ

Kasper Yulmann Danimarka millisindən getdi - Rəsmi

Futbol üzrə Danimarka milli komandasının baş məşqçisi, 52 yaşlı danimarkalı mütəxəssis Kasper Yulmann vəzifəsindən istefa verib.

Arena.az xəbər verir ki, bu barədə Danimarka Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

“Almaniyada keçirilən Avropa çempionatından sonra Kasper Yulmann və Danimarka Futbol Federasiyasının direktoru Peter Möller komandanın turnirdəki çıxışını qiymətləndirdilər və gələcəklə bağlı danışıqlar apardılar. Bu qiymətləndirmədə Yulmann komandanın yeni enerjiyə ehtiyacı olduğu qənaətinə gəldi. Beləliklə, Yulmann və Möller ümumi nəticəyə gəldilər ki, dəyişiklik vaxtı çatıb və milli komandanın yeni məşqçiyə ehtiyac var” – deyə qurumun açıqlamasında bildirilir.

Qeyd olunur ki, Morten Viqhorst yeni ilə qədər müvəqqəti olaraq Danimarka millisinin çalışdırıcısı olacaq. Yeni baş məşqçinin kimliyinə isə daha sonra aydınlıq gələcək.

Xatırladaq ki, Danimarka millisi Almaniyada təşkil olunmuş Avropa çempionatında (AÇ-2024) 1/8 finala qədər irəliləyə bilmişdi. Sözügedən komanda bu mərhələdə məhz Almaniya millisinə uduzaraq (0:2) AÇ-2024-lə vidalaşmışdı.

Kasper Yulmann 2020-ci ilin avqust ayından Danimarka yığmasına rəhbərlik edirdi. O, milli komandanı bütövlükdə 54 oyuna çıxarıb. Danimarkalılar bu görüşlərdə 32 qələbəyə seviniblər, 8 heç-heçə görüblər, 14 məğlubiyyətə üzülüblər.

Yulman məşqçiliyə 1998-ci ildən başlayıb. 52 yaşlı mütəxəssis ölkəsinin millisindən öncə “Nordsyelland”, “Lyunqbyu” və “Maynts” (Almaniya) klublarında da baş məşqçi kimi çalışıb. Yulmanın məşqçi kimi yeganə uğuru 2011/2012 mövsümündə “Nordsyelland”ı Danimarka çempionu etməsidir. O, həmin mövsümdə Danimarkada ilin məşqçisi də seçilib.

Seçilən
45
7
arena.az

8Mənbələr