AZ

“Jurnalist, muğənni niyə deputat olmalıdır ki?“ –SƏRDAR CƏLALOĞLU /MÜSAHİBƏ

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı Azpost.info saytının suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik:

-Sərdar bəy, növbədənkənar parlament seçkilərindən nə gözləyirsiniz?

-Əlahiddə bir gözləntim yoxdur. Şəffaf və demokratik seçkilərin keçirilməsi təbii ki, vacibdir, lazımdır və buna böyük ehtiyac var. Qalib ölkə, ərazilərini işğaldan azad etmiş, suverenliyini təmin etmiş ölkənin seçkiləri adına layiq keçirilməlidir. Təəssüf ki, bu seçkilərin də əvvəlki seçkilərdən fərqli keçiriləcəyinə inam azdır. Çünki ölkədə köklü siyasi islahatlar həyata keçirilməyib. Əvvəlki kimi seçkilərlə formalaşacaq parlamentdən belə gözləntilər olmayacaq.

-Sizcə, parlament kimlərdən formalaşmalıdır?

-Real bir parlament formalaşdırılmalıdır ki, bu parlament də Prezidentin həyata keçirmək istədiyi islahatların arxasında dayanmalıdır, bir növ rupor rolunu oynamalıdır. Həm Prezidentin islahatlarının təbliğatını aparmalıdır, həm də qanunvericilik bazası yaratmalıdır, möhkəmləndirməlidir. Yeni parlament yeni insanlardan təşkil olunmaldıır, millətə, dövlətə bağlı olan şəxslər mandat almalıdır. Rusiyanın, digər Azərbaycanı istəməyən dövlətlərin, qüvvələrin təsiri altında olan şəxslərin Milli Məclisə buraxılması ənənəsinə son qoyulmalıdır. Korrupsionerlərin, iş adamlarının, yaradıcı şəxslərin, müğənnilərin parlamentə düşməsinin qarşısı alınmalıdır. Məsələn, redaktorlar, jurnalistlər namizəd olurlar. Necə ola bilər ki, “dördüncü hakimiyyətin” nümayəndəsi gedib qanunverici orqanda oturur?! Bu gün idmançılar, müğənnilər, jurnalistlər, qeyri-siyasilərin bir çoxu deputatlığa iddialıdır. Mən başa düşmürəm, parlament oyuncaqdır? Parlament siyasi müstəvidə formalaşmalıdır, siyasi çəkişmə meydanı olmalıdır.

–Konstitusiyaya görə hər kəs deputatlığa namizədliyini irəli sürə bilər axı. Jurnalist, müğənni, yaxud da rəssam seçicilərinə faydalı olacaqsa, töhfə vermək istəyirsə, niyə bunun qarşısına çəpər çəkilməlidir? Yaxud da, onların parlamentə buraxılmasının qarşısı necə alına bilər? Bu, anti-demokratik üsul deyil?

-Birincisi, biz bilirik ki, Milli Məclis üzvlüyü necə olur. Qeyri-siyasilər xalqına, dövlətinə öz sahəsinin peşəkarlığı ilə töhfə versin da… Jurnalist yaxşı araşdırmalarla çıxış etsin, faydalı məlumatlandırma ilə məşğul olsun, ortaya analitik yazılarını ortaya qoysun. Yaxud da, müğənni yaxşı mahnılar oxusun, millətin musiqi ehtiyacını təmin etsin, rəssam yaxşı rəsm əsərləri ortaya qoysun. Niyə məhz deputat olmalıdırlar ki?  Birdəfəlik anlamaq lazımdır ki, Milli Məclis qanunverici orqandır, siyasi məkandır. Bilirsiniz, ağıla gələn və gəlməyən adamların parlament üzv olması heç də yaxşı hal deyil.

-ADP seçkilərdə necə iştirak edəcək?

– ADP Ali Məclisinin sessiyası keçirildi və seçkilər iştirak məsələsi geniş müzakirə olundu. Müzakirələrin yekunu olaraq Ali Məclis Milli Məclisə növbədənkənar seçkilərdə partiyanın iştirak edəcəyi ilə bağlı qərar qəbul etdi. İlkin olaraq, 16 nəfərin namizədliyi və hansı dairələrdən namizəd olmaları barədə rəy verilib. Partiyanın Seçki Qərargahı yaradılıb. Seçki Qərargahına rəhbərlik partiya sədrinin seçki və hüquq məsələləri üzrə müavini Taliyət Əliyevə həvalə edilib. Seçki qərargahına partiyanın deputatlığa namizədlərinin seçkilərində iştirakı ilə əlaqədar bütün lazımi tədbirlərin görülməsi tapşırılıb. Yəni ki, qanuna uyğun şəkildə ADP seçkilərdə iştirak edəcək.

-Siz özünüz haradan namizəd olacaqsınız?

-Fikrim var ki, Naxçıvandan deputatlığa namizədliyimi irəli sürüm. Amma hələ ki, namizəd olmağımla bağlı qəti qərarım yoxdur.

-ADP sizin namizədliyinizi irəli sürüb axı…

-Partiyanın namizədliyimi irəli sürməsi o demək deyil ki, mütləq seçkilərdə iştirak edəcəm.

-Tərəddüd edirsiniz?

-Tərəddüd etmirəm, sadəcə hələlik prosesi analiz edirəm, faktlar toplayıram. Bu gün ortaya bir siyahı dərc edilib və orada müxalifətdən kimlərə deputat mandatı veriləcəyi göstərilib. Bu o deməkdir ki, siyahı məlumdur da… Belə bir vəziyyətdə seçkilərdə iştirak etmək bir qədər mənasını itirmiş olur. Bəli, Naxçıvandan namizəd olmağı düşünürəm. Qəti qərar verməmişəm, amma ola bilsin ki, əvvəli 5 saylı, indiki 3 saylı Babək-Şahbuz-Kəngərli Seçki Dairəsindən namizə olum. Bu barədə açıqlamamdan sonra Naxçıvandan zənglər olur, insanlar mənim namizəd olmaq istəyimə sevinirlər, məni gözlədiklərini deyirlər. Buradan hamısına təşəkkür edirəm.

Təvəzökarlıqdan uzaq olsa da, deyim ki, Azərbaycanda elə bil seçki dairəsi yoxdur ki, oradan namizəd olum, uğur qazanmayım. Yaxud da, elə bir şəxs yoxdur ki, onunla parlament seçkilərində rəqib olum və nəticədə məğlub olum. Yenə deyirəm, bu, təkəbbür deyil, reallıqdır. Mən bu günədək iştirak etdiyim parlament seçkilərinin hər birində qalib gəlmişəm, mandatım tanınmayıb. Beynəlxalq məhkəmələrin qərarları ilə də bunu sübut etmişəm. Ona görə də, istənilən seçki dairəsindən namizəd olub qalib gəlməyimdə heç bir problem yoxdur. Söhbət demokratik seçkidən gedir. Hələ ki, tələsmirəm, avqustun 1-dək namizədliyin irəli sürülməsi imkanı var. Amma vəziyyəti izləyirəm, kimlərə mandat veriləcəyi barədə siyahılara baxıram.

-O siyahılar nə dərəcədə etibarlıdır?

-Rəsmi olmasa da, inandırıcıdır. Çünki əvvəlki təcrübələrdən görünür ki, bu siyahılar sıradan ortaya atılmır. Bir-iki ad fərqli olur. Məsələn, Müsavat Partiyasından iki nəfər, Ağ Partiyadan bir nəfər, KXCP-dən  bir nəfər mandat alacaq və s. yazılır. Mən bilirəm ki, bu siyahı havadan yazılmır… Anlamıram, niyə bu əvvəlcədən yayır, amma o siyahılar bir-iki nəfər ad istisna olmaqla, dəqiq olur. Baxın, sentyabrın 1-də axşam biz o siyahıdakı şəxslərin əksəriyyətinin mandat alacağının şahidi olacağıq.

-Sanki ümidsizsiniz?

-Yox, ümidsizlik deyil, sadəcə proseslərin analizi deməyə əsas verir ki, əvvəlki seçkilərdən fərqli seçki olmayacaq. Əvvəl ümidim var idi ki, bu parlament seçkiləri əvvəlkilərdən 10 faiz müsbətə doğru dəyişikliklə keçiriləcək. Amma müşahidələr onu göstərir ki, əksinə, 5-10 faiz fərqlənəcək.

-Müxalifət düşərgəsi əvvəllər seçkilərə blok şəklində gedirdi. Son illər bu hal müşahidə edilmir. Pənah Hüseyn bizə müsahibəsində deyib ki, müxalifətin blok yaratması mümkün görünmür. Bununla razısınız?

-Faktiki olaraq seçkilərə 45 gün vaxt qalıb və hansısa partiyaların blok şəklində seçkilərdə iştirak etməsi haqqında müzakirələrin şahidi deyilik. Ona görə də Pənah bəyi haqlı sayıram və mən də düşünürəm ki, partiyaların blok şəklində seçkilərdə iştirakı gözlənilmir. Bizim partiya da kimləsə bu barədə müzakirə aparmayıb. Ümumiyyətlə əvvəlki illərdə olduğu kimi blokların yaranmamasının səbəbi çoxdur. Ən əsas səbəb isə demokratik olmayan seçkilərdə məğlubiyyətə uğramaqdır. Yəni bu baxımdan, partiyalar bloklarla seçkilərə qatılmağı yox, fərdi iştirakı üstün tuturlar.

A.ABDULLA

Azpost.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
6
azpost.info

8Mənbələr