AZ

Azərbaycanda oğlan uşaqlarının say artımı rəqəmi ildən-ilə böyüyür...

Image

Fatimə Hacıbəyli: "İndiki dövrdə qız uşaqlarını böyütmək, evləndirmək daha çətindir düşüncəsi ilə…”

Dünyada cins nisbətinin pozulması halları getdikcə dərinləşir. Bu problem Azərbaycanla yanaşı, bir sıra dünya ölkələri üçün də aktualdır. Son illər yenidoğulanlar arasında cins nisbətinin pozulması gələcəkdə əhalinin demoqrafik göstəricilərinə mənfi təsir göstərə bilər. Çox təəssüflər olsun ki, biz artıq bu fərqi statistik rəqəmlərdə daha aydın görə bilirik.

Hətta statistik rəqəmlərdə ön sırada yer almışıq. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ildə ilk dörd ay ərzində Azərbaycanda 37 min 159 körpə doğulub. Əhalinin hər 1000 nəfərinə doğulanların sayı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 12,1-dən 11,1-ə enib. Doğulanlar arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,2, qız uşaqlarının xüsusi çəkisi isə 46,8 faiz olub. 

Qeyd edək ki, qanuna əsasən, hamiləliyin süni surətdə pozulması qadının arzusu ilə hamiləliyin 12 həftəlik müddətinədək aparılır (6 həftəlik müddətə qədər ambulatoriya şəraitində, 6 həftədən 12 həftəyədək müddətdə isə yalnız stasionarda aparılmasına icazə verilir). Bu müddətdən sonra həyata keçirilən bütün abortlar (tibbi zərurət halları istisna olmaqla) qanun pozuntusudur.

Məlum olduğu kimi, 12 həftənin sonunadək embrionun cinsini müəyyən etmək mümkün deyil. Lakin bu bir faktdır ki, hamilə qadınlar bətnində qız övladı olduğunu bildikdən sonra əksər hallarda aborta üstünlük verir. Bu isə o deməkdir ki, ölkəmizdə selektiv abortlar qeyri-qanuni yolla daha gec hamiləlik dövründə həyata keçirilir.

Ekspertlər hesab edir ki, son illər yenidoğulanlar arasında cins nisbətinin pozulması gələcəkdə əhalinin demoqrafik göstəricilərinə mənfi təsir göstərə bilər.

"Selektiv abortların artmasının sosial-iqtisadi və mənəvi-psixoloji səbəbləri var" 

Sosioloq Fatimə Hacıbəyli "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki, sosial araşdırmalar indiki cəmiyyətdə bir sıra mənəvi-əxlaqi problemlərin yarandığını göstərir: “İnsanlar oğlan uşağını ona görə arzulayır ki, oğlan soyadı daşıyır və nəslin davamçısı hesab edilir. Hər bir insan düşünür ki, ailədə oğlan uşağının dünyaya gəlməsi ailə təməlinin möhkəmlənməsinin zəmanətidir. Hətta bəzi insanlar düşünür ki, qadın yoldaşını daha çox sevərsə və hörmətlə yanaşarsa, oğlan uşağı dünyaya gətirə bilər. Bəzi qadınlar bu düşüncə ilə oğlan uşağına daha çox bağlı olurlar”.

Sosioloq onu da əlavə etdi ki, selektiv abortların artmasının 2 səbəbi var - sosial-iqtisadi və mənəvi-psixoloji. Bəzi yoxsul ölkələrdə ailələr qız uşağının dünyaya gəlməsində maraqlı olmur, çünki oğlan uşağı böyüyəndə ailəyə dəstək olur, işləyir, pul qazanır, asan yaşamaq üçün kömək edir, daha sonra isə ailənin himayəçisinə çevrilir. Qız uşağı isə bunu edə bilmir: "Onun evlənməsi üçün cehiz lazımdır. Sonda da ərə verirlər və bununla da o, ailədən ayrılıb gedir. Ata- ana tək qalır. Buna görə yoxsul ölkələrdə böyük əksəriyyət oğlan uşağına üstünlük verir. Bu, sosial-iqtisadi səbəbdir. Mənəvi-psixolojik səbəblərə baxdıqda görürük ki, son dövrlərdə insanlar oğlan uşağını nəslin davamçısı hesab edirlər və bunun daha vacib olduğunu düşünürlər. Bununla yanaşı, indiki dövrdə qız uşaqlarını böyütmək, evləndirmək daha çətindir”.

Günel CƏLİLOVA





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
11
baki-xeber.com

10Mənbələr