AZ

İspaniya, yoxsa İngiltərə? - Seçkiyə hazırlaşan siyasətçilərdən PROQNOZ

Avropa Çempionatında finalçıların adı bəlli olub.

Beləliklə, yarımfinal mərhələsində Fransanı 2-1 məğlub edən İspaniya millisi ilə Niderlanda eyni hesabla qalib gələn İngiltərə finalda qarşılaşacaqlar.

Səbirsizliklə gözlənilən final matçı 14 iyulda keçiriləcək. Hər iki ölkənin AVRO-2024-dəki uğurlu çıxışı və gözoxşayan futbol oynaması sözügedən matça marağı daha da artırır. Futbol mütəxəssislər hər iki ölkənin də çempion olma şanslarını yüksək qiymətləndirirlər.

“Cebhe.info” isə fərqli addım ataraq partiya sədrlərindən İspaniya-İngiltərə finalı ilə bağlı düşüncələrini öyrənib.

Maraqlıdır, parlament seçkilərinə hazırlaşan siyasətçilər hansı ölkənin Avropa Çempionatının qalibi olacağını düşünürlər?

Azad Vətən Partiyasının sədri Akif Nağı İspaniyanın çempion olacağını gözləyir:

“Mən çempionatın əvvəllində Almaniyanı favorit hesab edirdim. Onun çempionluq şanslarını daha yüksək qiymətləndirirdim. Amma ¼ final mərhələsində almanlara qarşı açıq-aşkar ədalətsizlik olundu və penaltiləri verilmədi.

Beləliklə, Almaniya mübarizəni dayandırdı. Ondan sonra isə İspaniyanın AVRO-2024-ü qazacağını düşünməyə başladım. İspanlar da həqiqətən güclü kollektiv olduqlarını göstərdilər. İndi də o mövqeyimin üzərində dayanıram. 

Yəni İspaniyanın çempion olmasını gözləyirəm. Düzdür, futbolda hər şey ola bilər. Finala da iki güclü milli komanda çıxıb. Buna baxmayaraq, bütün parametrlərdə İspaniya üstündür və çempionluğa daha çox layiqdir”. 

Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə də həmkarı ilə eyni düşüncədədir:

“Avropa Çempionatı başlamadan əvvəl də İspaniyanın çox güclü gənc futbolçulardan ibarət yığma olduğunu deyirdim. Finalda da İspaniyanın İngiltərəni məğlub edərək çempion olacağını proqnozlaşdırıram. Onların şanslarını daha üstün görürəm”.

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevin fikrincə də, çempion İspaniya olacaq:

“Məncə, final oyununun favoriti İspaniyadır. İspaniyanın çox yaxşı futbol oynadığı üçün əvvəldən onun çempion olacağını deyirdim. İndi də eyni fikirdəyəm. İspaniyanın çempion olacağı ehtimal olunur”.

AĞ Partiyanın başqanı Tural Abbaslının da proqnozuna əsasən, İspaniya Avropa çempionu olacaq:

“Əslində, finala İspaniya ilə İngiltərənin çıxacağını gözləyirdim. 

Finalda İspaniyanın İngiltərəni məğlub edərək çempion olacağı ilə bağlı ehtimallar çox böyükdür.

Hətta Niderland-İngiltərə matçı ilə bağlı da dostlarıma proqnoz vermişdim. Niderlandlıların daha yaxşı oynayacağını, amma ingilislərin finala çıxacağını demişdim.

İndi isə həm İspaniyanın qalib gələcəyinə inanıram, həm də çempionluğu həqiqətən haqq edirlər”.

Seçilən
113
23
cebheinfo.az

10Mənbələr