Bu gün Avropa Çempionatının 1/4 final mərhələsinə start veriləcək. İlk oyunda meydan sahibi Almaniya İspaniyanı qəbul edəcək.

Fransa isə Portuqaliyanı sınağa çəkəcək. Son yarımfinalçılar isə sabah məlum olacaq. İngiltərə İsveçrəni, Niderland isə Türkiyəni məğlub etməyə çalışacaq. 

Azərbaycan millisinin sabiq üzvü Aslan Kərimov Offsideplus.az-a açıqlamasında qarşılaşmalar barədə düşüncələrini bölüşdü:

İspaniya - Almaniya

"Bu gün baş tutacaq matçlar daha gərgin və dramatik olacaq. Sabahkı oyunlar haqda isə bunu demək olmaz. İspaniya - Almaniya qarşılaşmasını erkən final adlandıranlar az deyil. Hər ikisi olduqca yaxşı çıxış edir. Favoritin kim olduğunu demək çətindir. Şansların bərabər olduğunu düşünürəm. Sözügedən kollektivlər topla oynamağı sevirlər. Lakin burada bir məsələ ortaya çıxır: İspaniya digər komandalara qarşı bu cür oyunu asan sərgiləyirdi. Fəqət bunu almanlara qarşı etmək mümkün olacaqmı? Bu, sualdır. Almaniyanın pireney təmsilçisinə qarşı üstünlüyü əks-hücumlara daha sürətli çıxmasıdır".

Portuqaliya – Fransa

"Portuqaliyanın bu mərhələyə adlamasında əsas pay sahibi qapıçı Dieqo Kostadır. Onun Sloveniyaya qarşı görüşdə 3 penaltini dəf etməsinin nəticəsidir ki, onlar bu gün fransızlara rəqibdir. Amma bu portuqalları aldatmalı deyil. Sözügedən komandanın “bir nömrə” ilə oynaması çətin olacaq. Bunun üçün keyfiyyətli futbolçuların olmalıdır.  Düşünmürəm ki, Fransa müdafiədən çıxış etsin. Maraqlı matç olacaq. Cütün favoriti Fransadır. Oyunçularının hər biri olduqca yaxşıdır. Top səviyyədə futbolçulara sahibdirlər. Lakin qarşı tərəfdə fərqli mənzərəyə şahid oluruq. Ronaldodan danışsaq, deyə bilərik ki, indiki performansı ürəkaçan deyil. Hərəkətliliyi aşağıdır".

Niderland - Türkiyə

“Niderland - Türkiyə oyunu haqda nəsə demək çətindir. "Ay-ulduzlular" Avstriya üzərində qələbə qazansa da, emosiyaları kənara qoyub diqqətlə oyunu təhlil etdikdə görürük ki, onlar texniki cəhətdən yaxşı çıxış etmirlər. Qardaş ölkənin futbolçuları 1/8 final matçında topu saxlamaqda çətinlik çəkirdilər. Belə davam etmək mümkün deyil. Bu cür çıxışla mərhələ adlamaq çətindir. Niderlandın daha dominant futbol sərgiləyəcəyini gözləyirəm. Düşünürəm ki, Türkiyənin mərhələ adlamaq şansı var. Komanda əks-hücumdan oynaya biləcəksə, "ay-ulduzlular"ın qələbə qazanacağını demək olar. Niderlandın mərhələ keçmək şansı 60 %-dır".

İngiltərə - İsveçrə

"İsveçrə bu mərhələyə qədər yaxşı oyun sərgiləyib. Lakin ingilislər üçün bunu demək olmaz. Hücum potensialı olsa da, ondan yetərli qədər istifadə edə bilmirlər.  Qaret Sautqeyt risk edib müdafiədən ön xəttə oyunçu göndərmir. Komanda hücumda say çoxluğu yaratmaq istəyirsə, 2-3 futbolçusu önə çıxmalıdır. Lakin İngiltərədə bunu görmürük. Bu balansı pozmaq istəmirlər. Düşünmürəm ki, bu gün riskə yol versinlər. Şansları yarı-yarıya qitmətləndirirəm. Bəlkə təcrübələrinin sayəsində İngiltərə İsveçrəni məğlub edə bilər".