AZ

Pezeşkian Zəngəzur dəhlizinə “hə” deyəcəkmi - gözlənti

Azərbaycan Prezidentinin İran səfirliyində dedikləri unudula bilməz; ekspert: “Dəhlizin açılması hansısa formada İranı narahat etməməlidir...”

Azərbaycan türkü Məsud Pezeşkian yüksək səs çoxluğu ilə (ümumi səslərin 53,6 %-i) İran İslam Respublikasının Prezidenti seçildikdən sonra rəsmi Tehranın qonşularla bağlı siyasətində hansı korrektələrin ediləcəyi maraqlıdır. Doğrudur, İranın xarici siyasətində əsas söz sahibi dini liderdir, amma istisna deyil ki, prezidentin də mövqeyi diqqətdən tamamilə kənarda qala bilməz.

Məlum olduğu kimi, İranın ali rəhbəri və dini lideri Ayətullah Əli Xameneyi ölkənin yeni seçilmiş prezidenti Məsud Pezeşkianla ilk görüşünü keçirib. Bildirilir ki, dini lider ona bir sıra təlimatlar verib, “Pezeşkianın xalqın potensialından, ölkənin bir çox digər imkanlarından tərəqqi və çiçəklənmə yolunda istifadə edəcəyinə ümid etdiyini” bildirib.

İran-Azərbaycan münasibətlərində son illər, xüsusilə də 44 günlük müharibədən sonra ciddi problemlər yaşanırdı, bu barədə detalları xatırlatmağa ehtiyac yoxdur. Amma son aylar müsbətə doğru geridönüş başlanırdı. 19 mayda helikopter qəzası nəticəsində həlak olan keçmiş prezident İbrahim Rəisi ilə sonuncu görüş də pozitiv məqamlarla yadda qalmışdı. Hətta Azərbaycan Prezidenti İlham Əliyev mayın 21-də İranın ölkəmizdəki səfirliyində olarkən başsağlığını çatdırmaqla yanaşı, bir sıra önəmli fikirlər də səsləndirmişdi. Bildirmişdi ki, prezidentlə son görüşü tarixi bir görüş idi. Sitat: “Həm o, həm də mən bu görüşü məhz tarixi görüş adlandırmışdıq. Dövlət sərhədində böyük infrastruktur layihəsinin açılışında birgə iştirakımız İran-Azərbaycan əlaqələrinin nə qədər möhkəm olmasından xəbər verirdi, həm xalqlarımıza, həm bütün dünyaya çox açıq mesaj idi ki, biz dostuq, qardaşıq, biz bundan sonra da birlikdə olacağıq. Açılış mərasimindən sonra həm mərhum Prezident Rəisinin, həm də mənim rəsmi açıqlamalarımız çox ciddi siyasi məna daşıyırdı. Hər iki Prezident açıq bəyan etmişdi ki, bu bölgənin gələcək inkişafında bölgədə yerləşən ölkələr fəal iştirak etməlidirlər”. 

Dövlət başçımız qeyd etmişdi ki, bir saatdan çox davam edən ikitərəfli görüş əsnasında bir çox önəmli məsələlər müzakirə edilmişdi: “İran-Azərbaycan əlaqələrinin inkişafının gələcək istiqamətləri bir daha təsdiqlənmişdir və hər iki tərəfin güclü siyasi iradəsi bir daha nümayiş etdirilmişdir. Bununla bərabər, biz konkret infrastruktur layihələri haqqında geniş fikir mübadiləsi aparmışdıq, önəmli qərarlar qəbul edilmişdir. O görüşdə iştirak edən şəxslər bunu, əminəm ki, İranın yeni rəhbərliyinə çatdıracaqlar. Əldə edilmiş bütün razılaşmalar, əminəm ki, icra ediləcək. Çünki bu, İran və Azərbaycan xalqlarının iradəsinə söykənir və biz mərhum Prezident Rəisi ilə söhbət əsnasında qəti iradəmizi bildirdik ki, bundan sonra böyük layihələrin sayı çox olacaq, həm ikitərəfli, həm çoxtərəfli formatda”.

Azərbaycan Prezidentinin səsləndirdiyi fikirlər heç şübhəsiz, İranda da ciddi müzakirə olunub və 19 may anlaşması hərtərəfli sərf-nəzər edilib. Üstəlik, Azərbaycan türkü olan yeni prezidentin Azərbaycan, həmçinin Türkiyə dövlətləri ilə münasibətlərə önəm verəcəyi şübhə doğurmur, ən azı açıq mətnlə dəfələrlə “mən türkəm, atam-babam da türkdür” dediyinə görə.

Bu arada, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İranda prezident seçkilərində qalib gələn Məsud Pezeşkianın türk olduğunu açıqlayıb. Bu barədə Türkiyə lideri Almaniyadan qayıdarkən təyyarədə jurnalistlərə bildirib. “Məsud Pezeşkian əslində Azərbaycan əsilli türkdür. Məsələn, Təbrizdə türkcə danışır. Amma kürdlərin məskunlaşdığı bölgələrə gedəndə orada da kürdcə danışa bilir”, - Ərdoğan qeyd edib. O əlavə edib ki, İranın yeni prezidenti ilə əlaqə saxlayacaq və onu seçkilərdə qazandığı qələbə münasibətilə təbrik edəcək. 

Türkiyə prezidenti həmçinin ümidvar olduğunu bildirib ki, Ankara və Tehran hər cür xarici siyasi əlaqələri bundan sonra da inkişaf etdirəcək. Ardınca isə cənab Ərdoğanın İran prezidenti ilə telefonla danışdığı açıqlandı.

Bütün bu açıqlamalar və məlumatlar İranın yeni rəhbərliyinin Ermənistanın sərhədlərini “qırmızı xətt” olaraq qiymətləndirən keçmiş hakimiyyətdən fərqli siyasət sərgiləyəcəyinə inam yaradır. Eyni zamanda Zəngəzur dəhlizinin açılmasına yersiz müqavimətin də davam etdirilməyəcəyi qənaətini səsləndirmək olar. Düzdür, İranın İrəvandakı diplomatı hələ köhnə “hava”dadır. “Əminəm ki, İranda keçirilən prezident seçkilərinin nəticələri Tehranla İrəvan arasında münasibətləri daha da gücləndirəcək”, - səfir Mehdi Sübhani deyib. 

Diplomat İranın Ermənistanla münasibətlərdə siyasətinin prinsipial olduğunu bildirib: “İranda hakimiyyətə gələn hər kəs bu prinsipial siyasət çərçivəsində hərəkət edir. İranın Ermənistana yanaşmaları Ali Rəhbər tərəfindən, o cümlədən Ermənistanın baş naziri ilə görüşdə səsləndirilib. Biz ərazi bütövlüyünə hörmət edirik və beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişdirilməsinin və istənilən geosiyasi dəyişikliyin əleyhinəyik. İranda və Ermənistanda hakimiyyət dəyişikliyindən asılı olmayaraq bu siyasət heç vaxt dəyişməyəcək”. 

Sübhani Ermənistanı yaxşı və vicdanlı qonşu adlandırıb, iki ölkənin təhlükəsizliyi və maraqlarının bir-biri ilə sıx bağlı olduğunu qeyd edib. Amma Ermənistanın nə qədər “yaxşı”, “vicdanlı” olması onun 30 illik işğal dövründən, 70-dən artıq məscid dağıtmasından məlumdur. Həmçinin Ermənistan Qərb ölkələri üçün platsdarm rolunu oynayır ki, bu da Tehranda narahatlıq doğurur.

Bəs ekspertlər necə düşünür, Pezeşkianın İran prezidenti olması Zəngəzur dəhlizinin açılmasına Tehranın əvvəlki maneələrini ortadan qaldıracaqmı? Bir sıra hallarda İran hətta Fransa ilə müttəfiqlik şəraitində Ermənistanın yanında dayanırdı. Türk prezidentin dövründə siyasət necə olacaq?

Tural

Tural İsmayılov

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Tural İsmayılov xatırlatdı ki, İranda qərarları prezidentdən daha çox ali dini rəhbərlik qəbul edir: “Yəni prezidentin qərarlara təsir imkanları o qədər də yüksək deyil. Nəzərə almalıyıq ki, İranda prezidentliyə namizədlərin namizəd kimi təsdiq edilməsi hüquqşünaslardan və din xadimlərindən ibarət olan şura tərəfindən təsdiq edilir. Bu baxımdan İranın idarə edilməsi üçün problem yarada biləcək şəxslərin dəfələrlə seçkilərdə namizəd belə ola bilməməsinin şahidi olmuşuq. Eyni zamanda Pezeşkian islahatçıdır. Çox açıq şəkildə azərbaycanlı olduğunu vurğulayır. Və bunu açıqladıqdan sonra onun prezident seçilməyi müəyyən ümidlər yaratdı”. 

T.İsmayılov bu ümidlərin əsassız olmadığı qənaətindədir: “Uzun zaman idi ki, İranın həm Azərbaycana, həm Ermənistana lazımi mövqe qoymadığını müşahidə edirdik. Ancaq Pezeşkianın prezident seçilməsindən sonra İranın Azərbaycanla münasibətində, eyni zamanda regionla bağlı gələcək yanaşmalarında müəyyən dəyişikliklərin müşahidə olunacağını söyləmək olar. Zəngəzur dəhlizinin açılması hansısa formada İranı narahat etməməlidir. Bu dəhlizin İranın özü üçün də iqtisadi baxımdan yeni imkanlar yaradır. Amma təəssüf ki, İran məsələyə ideoloji baxımdan yanaşır və bu siyasətin dəyişəcəyi güman edilmir”.

Gözlənilən

Məhəmməd Əsədullazadə

Politoloq Məhəmməd Əsədullazadə isə “Yeni Müsavat”a bildirdi ki, İran Cənubi Qafqazda İkinci Qarabağ müharibəsindən sonra yaranan yeni siyasi nizamı ağrılarla qarşıladı: “Hətta Ermənistanı təşviq edirdi ki, sülh müqaviləsi bağlanmasın. Azərbaycana qarşı hərbi təzyiqlər və siyasi təhdidləri artırmışdı. Nəticədə Tehran rejimi özü geri addım atdı. Azərbaycanla mərhum prezident İ.Rəisi danışıqlara getdi və müəyyən razılaşmalar əldə edildi. Hesab edirəm ki, may ayında Araz çayı üzərində Qız Qalası Hidroqovşağının açılışında Azərbaycan və İranın mərhum prezidenti ilə Zəngəzur dəhlizinin açılması və Tehranın buna mane olmayacağı barədə razılaşma əldə edilib. Çünki bu görüş çox müsbət atmosferdə keçdi və əldə edilən razılaşmalar iki dövlət başçısı tərəfindən yüksək səviyyədə qəbul edildi və bu son 30 ildə İran Azərbaycan arasında əldə edilmiş ən böyük mehriban anlaşmalar idi. Rəisinin qəzaya düşməsindən sonra keçirilən seçkidə hakimiyyətə islahatçı qanad gəldi. Azərbaycanlı prezident Məsud Pezeşkian qonşularla əlaqələrə üstünlük verəcəyini qeyd edir”. 

M.Əsədullazadə hesab edir ki, yeni prezident Ali dini rəhbərin göstərişinin təlimatı ilə gedəcək: “Amma istisnalar da olacaq. Yeni prezident Qərblə əlaqələri inkişaf etdirmək və Azərbaycanla münasibətlərin yüksək səviyyəyə qaldırılması istiqamətində əldə edilən razılaşmalari icra edəcək. Təsadüfi deyil ki, Azərbaycan prezidenti və rəsmilər son razılaşmaların yerinə yetirilməsini İranın indiki rəhbərliyindən gözlədiyi mesajlarıni verir. Burada Zəngəzur dəhlizinin açılmasına mane olmayacağı və Araz dəhlizinin də eyni paraleldə işləyəcəyi razılaşdırılıb. Düşünürəm ki, İranın yeni adminstrasiyası yeni reallıqlara uyğun addımlar atıb, Cənubi Qafqazda əməkdaşlığa üstünlük verəcək. İranın Ermənistan siyasəti dəyişəcək. Çünki ABŞ və Avropa Ermənistanda öz hərbi qüvvələrini toplayır. Ermənistandakı İran səfiri mənşəcə ermənidir və hər həftə təlimatı Robert Köçəryanla görüşüb, ondan alır”.

Hər halda, yaxın zamanlarda suların durulmasının şahidi olacağıq. Pezeşkianın türk faktorunu və maraqlarını, türk dövlətlərinin mənafelərini kənara qoyacağı halda öz reputasiyasını zədələyəcəyini öncədən görə bilməməsi də mümkünsüzdür. Təbriz belə hallara biganə qala bilməz. Üstəlik, Azərbaycan və Türkiyə Ermənistanın da daxil olduğu 3+3 formatlı əməkdaşlıq təklif edirsə, bu əməkdaşlığın qarşısını kəsməyin əsası yoxdur. Araz çayı üzərindən alternativ dəhlizin tikilməsi Bakı və Tehran arasında razılaşdırılıb. Belə olan təqdirdə tarixi Zəngəzur dəhlizinin əleyhinə olmaq təkcə Azərbaycana və Türkiyəyə qarşı deyil, həm də Mərkəzi Asiya, Çin, Rusiyaya qarşı çıxış etməkdir. Pezeşkian hakimiyyəti Şanxay Əməkdaşlıq Təşkilatındakı tərəfdaşlarını niyə incitsin ki?..

E.PAŞASOY,
“Yeni Müsavat”




Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
50
musavat.com

10Mənbələr