AZ

Xameneyi Zəngəzur dəhlizinə əngəl ola bilməyəcək

“İran hələ də Zəngəzur dəhlizi ideyasının Ermənistanın maraqlarına cavab vermədiyi qənaətindədir”.

Qeyd edək ki, bu sözləri İranın ali lideri Əli Xameneyi Tehranda Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündə deyib. Xamneyi Ermənistanın ərazi bütövlüyünün vacibliyini vurğulayıb.

O qeyd edib ki, Ermənistan-İran münasibətləri digər ölkələrin siyasətindən asılı olmayaraq, qarşılıqlı maraqlar əsasında inkişaf edəcək. O, həmçinin əlavə edib ki, xarici dövlətlər qonşu dövlətlər arasında münasibətlərə qarışmamalıdır. Xatırladaq ki, Nikol Paşinyan İrana yeni Prezident Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün gedib.

Məsələ ilə bağlı politoloq Natiq Miri “Cebheinfo.az”-a şərhində qeyd edib ki, Tehran hər nə qədər cəhd göstərsə də, öz hədəfinə nail ola bilməyəcək:

“İranın xarici siyasət prioritetlərini əsasən ali rəhbər Seyid Əli Xameneyi müəyyən edir. Ali rəhbərdən sonra İslam İnqılabı Keşikçiləri Korpusu (SEPAH)bu prosesdə fəal iştirakçıdır. Yəni SEPAH ali rəhbərin ölkənin xarici siyasəti ilə bağlı qərarlarına dəstək verir. Ölkənin xarici siyasət prioritetlərini dəyişmək dövlət rəhbərinin qərarına söykənmir. Mütləq mənada ölkənin xarici siyasət və strateji təhlükəsizliyi ilə bağlı qərarlar razılaşdırılmış şəkildə verilməlidir.

İran demokratik dövlət olmadığı üçün istənilən dövlət rəhbəri ali rəhbərin qərarı ilə razılaşmaq məcburiyyətində olub. O ki qaldı Seyyid Əli Xameneyinin Ermənistan Baş naziri Nikol Paşinyana Zəngəzur dəhlizi ilə bağlı mesajına, bu, İranın yeni mövqeyi deyil.

İranın hərbi-siyasi və dini rəhbərliyi dəfələrlə belə bir mövqe sərgiləyib. Xameneyi Paşinyanın diqqətinə çatdırır ki, guya İran Ermənistanı ermənilərdən çox istəyir və buna görə də Zəngəzur dəhlizini Ermənistanın ziyanına hesab edir”.

Ekspert bildirib ki, Zəngəzur dəhlizi heç bir şəkildə Ermənistanın ziyanına deyil:

“Sadəcə olaraq, bu dəhliz İranın geosiyasi və geoiqtisadi maraqları ilə ziddiyyət təşkil edir. Azərbaycan, Ermənistan və Türkiyəni bir-biri ilə birləşdirəcək nəqliyyat kommunikasiyasının açılması Ermənistanın iqtisadi əhəmiyyətini daha da artıracaq, Ermənistan Türkiyə üzərindən Aralıq dənizinə və Avropaya çıxış əldə edəcək və beynəlxalq bazarlara inteqrasiya olunacaq. Zəngəzur dəhlizinin açılıb-açılmayacağı İrandan asılı olan məsələ deyil. Əgər Ermənistan rəhbərliyi bu istiqamətdə müsbət addımlar atarsa və İrəvanın Qərb havadarları buna dəstək nümayiş etdirərlərsə, Zəngəzur dəhlizi tam şəkildə fəaliyyət göstərəcək. Tehran heç cürə buna əngəl ola bilməyəcək”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
42
turkustan.az

10Mənbələr