AZ

“Zəngəzur dəhlizi Ermənistanın ziyanınadır"- Xamnei düşmən nöqtəni qoydu...

Image

Yeganə Hacıyeva: “Molla rejimi Zəngəzur dəhlizi açıldıqdan sonra daxilində olan azərbaycanlıların haqq və ədalətin bərpasını tələb edəcəyindən çəkinir”

İranın dini lideri Əli Xamnei Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşdə deyib ki, Zəngəzur dəhlizinin açılması Ermənistan üçün zərərlidir və İran buna qarşıdır.

Xamnei üstüörtülü şəkildə Ermənistanın son vaxtlar ABŞ və Fransanı regiona gətirməsi ilə bağlı narahatlığını ifadə edib:

“Region ölkələri təhlükəsizliyin təminatı üçün özlərinə və qonşularına güvənməlidir. Uzaqdan gəlib burada bəzilərinin işinə qarışılması sonra onların özlərinə ziyan vurur. Biz Ermənistanla əlaqələrimizin inkişaf edəcəyinə inanırıq. İki ölkə arasında əməkdaşlıq müəyyən maraqlar əsasında və başqalarının siyasətindən asılı olmayaraq möhkəmlənib”.

Qeyd edək ki, Baş nazir Nikol Paşinyan İran Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün İranda səfərdədir.

İran dini liderinin bu açıqlaması  açıq-açığına düşmənçilikdən xəbər verir. Çünki Ermənistanı üzrərinə götürdüyü öhdəliyi yerinə yetirməməyə çağırır. Zəngəzur dəhlizi ilk növbədə Azərbaycana lazımdır və biz bu tələbi Ermənistan qarşısında vacib şərt kiçi irəli sürürük. Xamneinin bu mövqeyini necə izah etmək olar?

Siyasi şərhçi Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, İran əvvəldən bu mövqedədir: “İran hesab edir ki, Zəngəzur dəhlizinin geopolitik, siyasi tərəfləri onların maraqlarına ziddir. Məhz buna görə də Tehran yolun açılmasına qarşı çıxır.

Yəni İran bu yolun gətirə biləcəyi iqtisadi dividendləri arxa plana atır.

İran hesab edir ki, Zəngəzur dəhlizinin açılması ilə Azərbaycanın tarixi torpaqları üzərində ideloji uğurunun  dalğaları Cənubi Azərbaycanı da tərpədəcək. Həmçinin molla rejimi Zəngəzur dəhlizi açıldıqdan sonra daxilində olan azərbaycanlıların haqq və ədalətin bərpasını tələb edəcəyindən çəkinir. Amma İran tək deyil bu məsələdə. Zəngəzur dəhlizinin açılmasının təkan verə biləcəyi məsələlər siyahısında ideoloji tərəf də var. Qərbi azərbaycanlılar vaxtilə ədalətsiz bir qərar nəticəsində öz dədə-baba torpaqlarından sürgün edilib.

Dəhlizin açılmasını mənəvi bərpa istiqamətində atılan addım kimi qəbul etmək olardı.

Zəngəzur dəhlizinin açılması İranın logistik maraqlarına da xeyir verən məsələdir. 

Bir də gözlə görünməyən dairələr mövcuddur. Bunlar da iqtisadi lobbi qruplarıdır. Həmin qruplar mövcud kommunikasiyalara alternativ olmasını istəmir. Buna qarşı çıxanlar arasında Fransa, Hindistan kimi ölkələr var”.

Azərbaycanın 2020-ci ildə regionda yaratdığı yeni siyasi reallıqlar bəzi “sirlərin” də üstünü açdı. Belə demək mümkünsə, 30 ilə yaxın “gizli” saxlanılmasına çalışılmış bir sıra məsələlər bu reallıqlarla paralel olaraq ortaya çıxdı. Burada ən diqqət çəkən məqam İranın Ermənistanla “qardaş” münasibəti, hətta Ermənistanın “maraqlarının” Tehran üçün “qırmızı xətt” kimi dəyərləndirilməsi idi. Ümumiyyətlə, İranda baş verən son proseslər molla rejiminin əsl simasını ortaya qoymaqla yanaşı, dövlətin apardığı siyasətin qeyri-səmimiliyini də ifşa etdi.

İranın Azərbaycana qarşı apardığı düşmənçilik siyasətinin arxasında dayanan səbəblər fərqlidir və bəllidir. O baxımdan ki, birinci növbədə rəsmi Tehran Azərbaycanın son dövrlərdə beynəlxalq aləmdə güclənən nüfuzundan çəkinir. Digər tərəfdən, İranın hazırki geosiyasi durumu ürəkaçan deyil - çoxsaylı sanksiyalar, məhdudiyyətlər, beynəlxalq aləmdən təcrid olunma İrandakı daxili ictimai-siyasi vəziyyəti də gərginləşdirib. Belə olan halda, İran anlayır ki, Zəngəzur dəhlizinin açılması bir çox mənalarda regiona yeni nizam qazandıracaq. Burada Türk birliyi amili də olduqca böyük önəmə malikdir. Təsadüfi deyil ki, İranın rəsmi və ya qeyri-rəsmi kanalları Zəngəzur dəhlizini “Turan yolu” adlandırırlar. Rəsmi Tehran anlayır ki, dünyanın yeni iqtisadi aortasına çevrilmə potensialına malik Zəngəzur dəhlizi regional inkişafa yeni nəfəs gətirəcək. Eyni zamanda, Türk dövlətləri arasındakı əlaqələri daha da yaxınlaşdıracaq. O baxımdan da, İranın davranışları anti-Türk dairələrin maraqlarına xidmət edir.

Məhəmmədəli QƏRİBLİ





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
50
baki-xeber.com

10Mənbələr