AZ

Şuşa zirvəsindən sonra Türk dövlətlərinin ümumi hərbi təlimləri başladı…

Image

Ramil Məmmədli: “Şuşada keçirilən son Zirvə toplantısından sonra belə təlimlərin baş tutması buna əyani sübutdur”

Qazaxıstanın qərbində, Manqislaq vilayətində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan hərbçilərinin iştirakı ilə “Birləşdik-2024” beynəlxalq hərbi təlimləri başlayıb.

Bu barədə Qazaxıstan Müdafiə Nazirliyi məlumat yayıb. Qazaxıstan Müdafiə Nazirliyinin bəyanatında deyilir:

“Hərbi manevrlər Oymaşa poliqonunda, eləcə də Tokmak burnundan 2 km aralıda yerləşən dəniz sahəsində keçiriləcək. İyulun 8-dən iyulun 17-dək hərbi kontingentlər silahlı münaqişənin lokallaşdırılması üçün birgə əməliyyat hazırlayıb keçirəcək”.

Bildirilib ki, təlimlərə 4000-ə yaxın hərbi qulluqçu, 700-dək silah və hərbi texnika cəlb olunacaq:

“Taktiki epizodlar yerüstü və hava kəşfiyyatı qrupları, Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları, ordu və cəbhə aviasiya ekipajları, döyüş gəmiləri və katerləri, artilleriya ekipajları, hücum və tank bölmələrinin iştirakı ilə keçiriləcək”.

Təlimlər çərçivəsində mədəni-kütləvi, asudə vaxt və idman tədbirləri ilə yanaşı, hərbi tətbiqi idman növləri, taktiki səmti müəyyən etmə və ordu taktiki atıcılığı üzrə yarışlar təşkil olunacaq.

Şuşa Zirvəsindən sonra türkdilli ölkələrin birgə təlimini necə dəyərləndirmək olar?

Hərbi-siyasi şərhçi Ramil Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, analoji məzmunda hərbi təlimlər bundan əvvəl də keçirilib: “Bir müddət əvvəl Türkiyənin İsparta şəhərində Azərbaycan, Türkiyə, Şimali Kipr Türk Cümhuriyyəti, Qazaxıstan və Qırğızıstan ordularının hərbi qulluqçularının birgə hərbi təlimi keçirildi. 

Təlim "21-ci Məskunlaşmış Məhəllələrdə Terroristlərlə Mübarizə Əməliyyat Kursu" çərçivəsində keçirildi. Son illərdə Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə region ölkələrinin hərbçilərinin çoxsaylı birgə hərbi təlimləri keçirilir.

Türkiyənin Marmaris şəhərində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin dəniz xüsusi taborlarının sualtı hücum və sualtı müdafiə bölmələri ilə Türkiyə Hərbi Dəniz Qüvvələri xüsusi təyinatlı bölmələri birgə təlim keçirilib. Aksaz dəniz bazasında keçirilən təlimdə hər iki ölkənin hərbi qulluqçuları quru və dəniz taktikalarının işlənməsi, partlamamış döyüş sursatlarının və dəniz minalarının axtarışı, eləcə də məhv edilməsi üzrə tapşırıqlar icra edilib.

Hazırda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan respublikalarının müdafiə nazirlikləri arasında imzalanmış birgə plana əsasən, Qazaxıstan Respublikasının  təlim poliqonu və Xəzər dənizinin akvatoriyasında yerləşən Tokmak burnunda iyulun 11-dən etibarən "Birləşdik - 2024" əməliyyat-taktiki komanda-qərargah təlimi keçiriləcək. Təlimdə ölkəmizi təmsil edəcək Quru Qoşunlarının komando bölmələrinin bir qrup hərbi qulluqçusu, Hərbi Hava Qüvvələrinin paraşüt-desant və axtarış-xilasetmə qrupu, Su-25 təyyarələri, eləcə də Hərbi Dəniz Qüvvələrinin gözətçi və desant gəmiləri Qazaxıstandadır.

Birgə əməliyyat-taktiki komanda-qərargah təlimi iyulun 17-dək davam edəcək. Türkdilli ölkələrin əməkdaşlığı, bütün sahələrdə olduğu kimi, hərbi sahədə də ciddi inkişaf edir. Şuşada keçirilən son Zirvə toplantısından sonra belə təlimlərin baş tutması buna əyani sübutdur”.

Məhəmmədəli QƏRİBLİ





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
163
42
baki-xeber.com

10Mənbələr