AZ

ŞUŞA ZİRVƏ GÖRÜŞÜ – Azərbaycanın Türk dünyasının birliyinə növbəti töhfəsi TƏHLİL

PREZİDENT İLHAM ƏLİYEV: «Bizim başqa ailəmiz yoxdur, ailəmiz Türk dünyasıdır»

Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri, Türk dünyasının gücləndirilməsi və Türk dövlətləri ilə əlaqələrin möhkəmləndirilməsidir. Prezident İlham Əliyev bu barədə açıq fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində bildirib: “Bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur.” Bu ifadə, Azərbaycanın Türk dünyası ilə bağlı siyasətinin nə qədər əhəmiyyətli olduğunu vurğulayır.«Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir»,-deyən Prezident İlham Əliyev Azərbaycanın yürütdüyü siyasətin bunu aydın göstərdiyini diqqətə çatdırıb.Azərbaycanın dövlət başçısının andiçmə mərasimində söylədiyi fikirlər artıq bu gün həqiqətə çevrilir. Prezident İlham Əliyev birmənalı olaraq qeyd etdi ki, bizim ailəmiz türk dövlətləri ailəsidir və bu dövlətlərin inkişafı üçün Azərbaycan əlindən gələni edəcək.Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə iyulun 6-da Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşün Türk dünyasının mədəniyyət paytaxtı, Qarabağın incisi olan Şuşada keçirilməsi özü tarixi bir hadisə idi. Rəmzilikdən də başqa belə bir görüş mühüm praktik əhəmiyyət daşıyır.

AZƏRBAYCAN LİDERİNİN QÜRURVERİCİ BƏYANATI: “XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır”

Nəzərə alaq ki, bu qurum 2009-cu ildə Azərbaycanın təşəbbüsü ilə Naxçıvanda təsis olunub. Hazırda təşkilatın 5 daimi, 3 müşahidəçi üzvü var. Ötən illər ərzində bu təşkilat beynəlxalq aləmdə və ölkələrin üzləşdiyi problemlərin həllində çox böyük uğurlara imza atıb. Məhz buna görə də hər bir Türk dövləti Azərbaycan Prezidenti İlham Əliyevə minnətdardır. Təsadüfi deyil ki, bu məqam Qarabağ Bəyannaəməsində ayrıca bənd kimi qeyd edilib: “TDT-nin Dövlət başçıları Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevə Türk dünyasının birliyi, həmrəyliyi, təhlükəsizliyi və rifahına verdiyi böyük və davamlı töhfəsinə, TDT-nin vahid ruhunun gücləndirilməsində qətiyyətli liderliyinə və Şuşada qeyri-rəsmi Zirvə görüşündə uğurla yekunlaşan müzakirələrə sədrlik etdiyinə görə dərin təşəkkürünü bildirir, Azərbaycan Hökumətinin və xalqının səmimi qonaqpərvərliyini yüksək qiymətləndirirlər”.

Prezident İlham Əliyev çıxışında xüsusi vurğuladı ki, XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır. Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir. Ölkə Prezidenti də çıxışında bu məqama toxundu. Bildirdi ki, Qarabağın tacı Şuşa şəhəri həmişə Azərbaycanın və regionun mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olmuşdur: “Şuşanın 1992-ci ilin mayında Ermənistan tərəfindən işğal edilməsi Azərbaycan xalqının böyük faciəsi idi. Azərbaycan xalqı bu işğalla heç vaxt barışmamış, həmişə Şuşaya və işğal altında olan digər ərazilərimizə qayıtmaq arzusu ilə yaşamış və buna nail olmuşdur.

Şuşa şəhərinin tarixi əhəmiyyəti hər kəsə bəllidir. Burada işğaldan öncə Azərbaycan xalqı əsasən mədəniyyətə aid tədbirlər keçirib. Şuşanın özü də mədəniyyətimizə böyük şəxsiyyətlər verib ki, bu da Türk dünyasına- bütün dünyaya yaxşı məlumdur. Yəni Şuşa tam bir mədəniyyət mərkəzidir.

Ölkə Prezidenti çıxışında bildirdi ki, 2021-ci ildə Şuşa şəhəri “Azərbaycanın mədəniyyət paytaxtı” elan olunmuşdur: “Qarabağ xanı Pənahəli xan tərəfindən Şuşanın təməlinin qoyulmasının 270-ci ildönümü ilə əlaqədar 2022-ci il Azərbaycanda “Şuşa İli” elan edilmişdir. TÜRKSOY tərəfindən Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı”, ICESCO tərəfindən isə 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan olunmuşdur. Şuşa Bəyannaməsi də 2021-ci ildə məhz Şuşada imzalanmışdır”.

İndi təkcə Şuşa deyil, bütün Qarabağ, Şərqi Zəngəzur yenidən qurulur. Burada “Böyük Qayıdış” proqramı icra olunur. Erməni vandallarının məhv etdiyi ərazilərəmizə Günəş doğur. Biz qayıtmışıq və bunun faydasını bütün region bilir, yaxşı anlayır.

Göründüyü kimi, Azərbaycan liderinin bu qürurverici bəyanatının çox güclü siyasi-iqtisadi əsasları var. Belə ki, Türk Dövlətləri Təşkilatına daxil olan dövlətlərin birgə ümumdaxili məhsulu 1 trilyon ABŞ dollarından çoxdur. Genişlənməkdə olan bazara və sayı 150 milyondan artıq olan insan resursuna malikdir. Müqayisə üçün bildirək ki, Avropa İttifaqının insan resursları bu rəqəmdən 3 dəfə çox olsa da, birgə ÜDM-i 15,9 trilyon avrodur. Yəni Türk Dünyasının toplam ÜDM-indən 15 dəfə çoxdur. Bu, Türk Dünyası üçün yeni çağırışları aktuallaşdırır. Yəni Türk dövlətləri iqtisadi olaraq ixtisaslaşa, birgə istehsalı və iqtisadi-ticari əməkdaşlığı artırma yolu ilə birgə ÜDM-i, o cümlədən hər bir Türk dövləti milli ÜDM-ni artırıb, inkişaf edə bilər. Zirvə görüşünü əlamətdar edən daha bir hadisə isə təbii ki, sonda qəbul edilən Qarabağ Bəyannaməsidir. Ölkə başçısının vurğuladığı kimi, imzalanmış Qarabağ Bəyannaməsi, qəbul edilmiş qərarlar Türk dünyasının həmrəyliyini və eyni zamanda, Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunu daha da gücləndirəcək. Bəyannamənin bu cür adlandırılması və ona 7 ölkə liderinin imza atması ABŞ-dəki, Fransadakı və digər ölkələrdəki pozucu qüvvələrə xəbərdarlıq idi. Bununla da Türk dövlətləri bir daha bəyan etdilər ki, Qarabağ əzəli və əbədi Azərbaycan torpağıdır və ona uzadılan xain dillər anındaca kəsiləcək.

Şuşada imzalanan “Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün Qarabağ Bəyannaməsi” həm də təşkilatın gələcək fəaliyyəti üçün əsl yol xəritəsidir.

2021-ci ildə Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı, 2022-ci ilin ölkəmizdə “Şuşa İli”, həmçinin TÜRKSOY tərəfindən Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı”, ICESCO tərəfindən isə 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan olunması, Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının, müttəfiqliyinin təsdiqi olan Şuşa Bəyannaməsinin, türk dövlətlərinin birliyinin, həmrəyliyinin təqdimatı olan Qarabağ Bəyannaməsinin məhz Qarabağın tacı Şuşada imzalanması mədəniyyət beşiyimizin türk dünyası üçün önəmini nümayiş etdirir. Beləliklə, imzalanan Qarabağ Bəyannaməsi, qəbul edilən qərarlar Türk dünyasının həmrəyliyini və eyni zamanda, Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunu daha da gücləndirəcək.

Görüşdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Macarıstanın Baş naziri Viktor Orban, Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev türk xalqlarının tarixinə qızıl hərflərlə yazılacaq tarixi bir sənədə- Qarabağ Bəyannaməsinə imza atdılar. Bu mühüm sənədin özündə ehtiva etdiyi ideyalar əslində Türk xalqlarının gələcək inkişaf modelidir, desək yanılmarıq. Dövlət başçılarının türk xalqlarının ortaq etnik köklər, tarix, dil, mədəniyyət, ənənələr və dəyərlərinə söykənən ailə olduğunu, bəşəriyyətə verdiyi töhfələri, svilizasiyaların inkişafında tarix boyu oynadığı rolu xüsusi vurğulaması diqqət çəkir. Və qeyd edilir ki, COP29-a ev sahibliyi edəcək Azərbaycanın bu sahədə apardığı iş də bəşəriyyətə, sağlam gələcəyə xidmət edən fəaliyyətdir və türk dövlətləri bu fəaliyyəti dəstəkləyir.

Türk dünyasının yeni dönəmi başlayır

Prezident İlham Əliyev çıxışı zamanı türk dövlətləri ilə Azərbaycanın dostluq və qardaşlıq münasibətlərinin, eləcə də əməkdaşlığının müsbət dinamika ilə inkişaf etdiyini diqqətə çatdırdı, eləcə də artan əmtəə dövriyyəsinin həcminə xüsusi toxunaraq, görülən işlərin bütün ölkələrin qarşılıqlı maraqlarına uyğun olduğunu bildirdi. Cari ildə isə Azərbaycan özünün, o cümlədən türk dünyasının növbəti uğuruna imza atacaq, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-a ev sahibliyi edəcəkdir. Prezident İlham Əliyevin vurğuladığı kimi, “Azərbaycan Qoşulmama Hərəkatında 4 il sədrliyi dövründə əldə etdiyi təcrübədən istifadə edərək inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında həmrəyliyin gücləndirilməsi, konsensusa nail olunması üçün səylərini əsirgəməyəcək.”

Bir daha əminliklə deyə bilərik ki, Şuşa Zirvə görüşü Türk Dövlətləri Təşkilatına üzv dövlətlər arasında əməkdaşlıq əlaqələrinin və inteqrasiyanın daha da gücləndirilməsi, həmin ölkələrlə bağlı vacib məsələlərin müzakirəsi üçün mühüm platforma olacaq.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
2
sesqazeti.az

3Mənbələr