AZ

"Bəzi Qərb ölkələri üçüncü dünya müharibəsinə təhrik edir" - Ərdoğan

 
"Bu münaqişə nə Kiyevə, nə də Moskvaya lazım deyil, lakin müharibənin başa çatdırılması üçün xeyli vasitəçilik səyləri tələb edilir və Türkiyə buna hazırdır..."
 
"Qəzza bölgəsində tam atəşkəsə nail olmaq üçün Qərb ölkələri İsrailə kollektiv təzyiq etməlidir və ABŞ-ın müdaxiləsi regionda möhkəm sülhə gətirib çıxara bilər..."
 
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 9-11-də Vaşinqtonda keçiriləcək NATO-nun yubiley sammitində Ukrayna və Qəzzada münaqişələrin nizamlanması ilə bağlı bəyanatlarla çıxış edəcək.
 
Moderator.az xəbər verir ki, bu barədə Türkiyənin "CNN Türk" telekanalı məlumat verib.
 
Məlumatda deyilir ki, Türkiyə lideri həmçinin NATO ölkələrindən terrorçuluqla mübarizədə dəstək gözlədiyini vurğulayacaq.
 
"Onun gündəliyində Rusiya-Ukrayna müharibəsi, İsrailin Fələstinə hücumu və Türkiyənin terrorçuluqla mübarizəsi məsələləri daxil ediləcək", - telekanal qeyd edir.
 
"Ərdoğan NATO üzvləri və Qərb ölkələrinə İsrailin hücumlarının qarşısını almaq öhdəliyiklərini xatırladacaq. Ərdoğan həmçinin diqqəti İsrail ilə Livan arasında gərginliyə yönəldəcək.
 
Alyans üçün mümkün regional müharibənin nəticələri də vurğulanacaq. Prezident öz həmkarları ilə regionda gərginliyin azaldılması üçün atıla biləcək addımları müzakirə edəcək", - məlumatda deyilir.
 
Türkiyənin daxili problemlərinə gəldikdə, Ərdoğan Vaşinqtonda diqqəti "terrorizmə müqavimət göstərilməsi" məsələsinə yönəldəcək. 
 
Türkiyə lideri dəfələrlə deyib ki, Ankara terrorizmlə, o cümlədən Avropa və Suriyada Kürd Fəhlə Partiyası ilə (PKK)  mübarizədə NATO-dan həmrəylik gözləyir. 
 
Türkiyə Qərb ölkələrini, əsasən ABŞ-ı PKK-ya və onun Suriyanın şimalında üzdəniraq "Milli özünümüdafiə qüvvələri"nin rəhbərliyi altında fəaliyyət göstərən qoluna göstərilən logistik və digər dəstəyə görə tənqid edir.
 
Telekanal vurğulayır ki, Ərdoğan və ABŞ prezidenti Bayden bu ilin birinci yarısında iş qrafiklərində uyğunsuzluq səbəbindən görüşə bilməyib. Ona görə də Türkiyə lideri NATO sammitində amerikalı həmkarı ilə görüşmək niyyətindədir.
 
"Bu görüşdə Ərdoğanın İsrailin Qəzza bölgəsinə hücumu barədə dəqiq bəyanatlar verəcəyi gözlənilir", - telekanal dəqiqləşdirib.
 
"Bundan başqa, Ərdoğan Türkiyənin PKK/"Milli özünümüdafiə qüvvələri"nin Suriyanın şimalında keçirməyə cəhd göstərdiyi üzdəniraq "yerli seçkilərə" münasibətini vurğulayacaq", - o, bəyan edib.
 
Xatırladaq ki, Türkiyə NATO-nun çoxdankı üzvlərindəndir və ordusunun sayına görə Alyansda ikinci ölkədir.
 
Ərdoğan bu yaxınlarda Astanada Şanxay Əməkdaşlıq Təşkilatının sammitindən dönərkən NATO-nun Suriya ərazisində PKK və onun qolları kimi terrorçu təşkilatlarla mübarizədə Türkiyəyə lazımi yardım göstərmədiyini bəyan edib.
 
Ukrayna müharibəsindən danışarkən o, bəyan edib ki, bəzi Qərb ölkələri "silah alverçilərinin xeyrinə üçüncü dünya müharibəsinin baş verməsi riskinə təhrik edir".
 
Onun sözlərinə görə, bu münaqişə nə Kiyevə, nə də Moskvaya lazım deyil, Putin "sülhə can atdığını nümayiş etdirir", lakin müharibənin başa çatdırılması üçün xeyli vasitəçilik səyləri tələb edilir və Türkiyə buna hazırdır.
 
Ərdoğan həmçinin Qəzza bölgəsindəki müharibədən də danışıb. O, Qərb ölkələrinə tam atəşkəsə nail olmaq üçün İsrailə kollektiv şəkildə təzyiq etməyə çağırış edib və ABŞ prezidenti Co Baydenin məsələyə müdaxiləsi və səylərinin möhkəm sülhə gətirib çıxaracağına ümid etdiyini ifadə edib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
111
45
moderator.az

10Mənbələr