AZ

İctimai Şuralarda qadınlar necə təmsil olunur?

Qadınların İctimai Şuralarda təmsilçiliyi ilə bağlı əldə olunan nailiyyətlər və çətinliklərə dair hesabat və tövsiyələr hazırlanıb.

Bakupost.az xəbər verir ki, son iki ildə yerli icra hakimiyyətləri yanında yaradılmış İctimai Şuralarda qadın üzvlərinin sayı 5 faizdən çox artıb.

47 rayon icra hakmiyyəti yanında yaradılmış İctimai Şuralardan toplanmış məlumatlara əsasən üzvlərin 29.4% qadınlar təşkil edib. Bu İctimai Şuraların 6.4% -də qadın üzvlər sədr, 29.8% də sədr müavini, 46.8% isə katib vəzifələrini tuturlar. İctimai Şuralarda 30 yaşdan aşağı qadın üzvlərin sayı çox azdır. Orta yaş və 60 yaşdan yuxarı olan qadın üzvlər çoxluq təşkil edir. Tədqiqata cəlb edilmiş 47 yerli icra hakimiyyətləri yanında yaradılmış İctimai Şurada 18-29 yaş aralığında 7 üzv var. 46 üzv 45-59 yaş, 49 üzv isə 60+ yaş aralığındadır. İctimai Şuranın sədri, müavini və katib vəzifələrini tutan üzvlərin hamısı 45-60 yaş aralığındadır.

Mərkəzi icra hakimiyyəti orqanları yanında yaradılmış İctimai Şuralarda isə qadın iştirakçlığı ilə bağlı vəziyyət nisbətən qənaətbəxşdir. 19 mərkəzi icra hakimiyyəti və publik hüquqi şəxslər, dövlət şirkətləri yanında yaradılmış İctimai Şuralarda qadın üzvlərin sayı 31.4% təşkil edir. Onların 15.8% sədr, 21.2% müavin, 65% isə katib vəzifəsini tuturlar.


Tədqiqata cəlb edilmiş 19 mərkəzi icra hakimiyyəti orqanı yanında yaradılmış İctimai Şuraların yalnız 2 üzvü 18-29 yaş aralığındadır. 16 üzv 30-34, 18 üzv 45-59, 13 üzv 60+ yaş aralığındadır. İctimai Şuralarda 45-59 yaş aralığında olan qadın üzvlər daha çox vəzifə tuturlar.


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Səhiyyə Nazirliyi yanında yaradılmış İctimai Şuralar qadınların təmsilçiliyinə görə ilk 5 yeri tuturlar. Bu Şuralarda qadınların təmsilçiliyi 40%-dən çoxdur.


Araşdırma çərçivəsində İctimai Şuralarda təmsil olunan qadınlar arasında sorğu keçirilib.

Sorğuda mərkəzi və yerli icra hakmiyyəti orqanları yanında yaradılmış İctimai Şuraların 48 qadın üzvü iştirak edib. Qadınların ictimai iştirakçılığı, İctimai Şuralarda təmsilçiliyi ilə bağlı hansı problemləri müşahidə edirsiniz? – sualına cavab verən respondentlərin 22.9% hesab edir ki, qadınların bilik və bacarıqları, təcrübəsi yetərli deyil, 20.8 faizi düşünür ki, qanunvericilikdə boşluqlar var, 16.7%-nin fikrincə, dövlət orqanları maraq göstərmirlər. 12.5% fikirləşir ki, qadınlar üçün əlverişli mühit yoxdur və qadınlar özləri də maraq göstərmirlər. 47 faiz isə bildirib ki, heç bir problem müşahidə edilmir.


Qadınların ictimai iştirakçılıqla bağlı bilik və bacarıqlarını necə qiymətləndirirsiniz? –sualını cavablandıran sorğu iştirakçılarının 33.3% hesab edir ki, qənaətbəxşdir, 10.4% isə düşünür ki, çox yaxşıdır.


Üzvü olduğunuz İctimai Şurada qadınlar hansı çətinliklərlə üzləşirlər? – sualını cavablandıran İŞ üzvlərinin 10.4% bildirib ki, qadınların zəruri bilik və bacarığı azdır, 6.3% isə qeyd edib ki, gender steriotipləri ilə üzləşir. 22.9 faiz isə cavab verməkdə çətinlik çəkib.


Qadınların ictimai iştirakçılıqla bağlı mövcud çətinliklərin aradan qaldırılması ilə əlaqədar sualı cavablandıran İŞ üzvlərinin 33.3% təlim dəstəyini vacib hesab edib. 20.8% hesab edir ki, qanunvericilik təkmilləşdirilməli və qadınlar üçün güzəştlər müəyyən edilməlidir. 20% düşünür ki, dövlət orqanlarının gender ayrıseçkiliyinin yolverilməzliyi barədə məlumatlılığı artırılmalıdır. 8.3% isə düşünür ki, QHT sektorunun özündə gender bərabərliyi ilə bağlı məlumatlılıq artırılmalıdır.

Tədqiqat çərçivəsində sorğu ilə yanaşı 10 dövlət orqanı əməkdaşı ilə dərinləşdirilmiş müsahibə aparılıb və fokus-qrup müzakirələri keçirilib. Bunlarla yanaşı araşdırma hesabatının nəticələri ilə əlaqədar 12 iyun tarixində Bakıda ictimai müzakirə keçirilib. Bu müzakirələr nəticəsində qadınların Şuralarda təmsilçiliyini artırmaq və rolunu gücləndirmək üçün aşağıdakı tövsiyələr müəyyən edilib:


• İctimai Şuraların qadın üzvlərinin forumunun keçirilməsi
• Vətəndaş cəmiyyəti institutlarının İctimai Şuralara daha çox qadın namizəd irəli sürməsi və qadın namizədlərin dəstəklənməsi ilə əlaqədar könüllü öhdəliklər götürməsi və bunu ümumi razılaşma sənədi ilə rəsmiləşdirilməsi
• Hər iki ildən bir qadın iştirakçılığı ilə əlaqədar statistik məlumatların açıqlanması
• Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Ombudsmanın, Nazirlər Kabinetinin illik hesabatlarında qadın iştirakçılığı sahəsində mövcud vəziyyət, görülmüş işlər və gələcək planlarla əlaqədar məlumatların daxil edilməsi
• İctimai iştirakçılığı tənzimləyən qanunvericiliyin yenidən nəzərdən keçirilməsi və İctimai Şuraların müstəqilliyini gücləndirəcək, eyni zamanda dövlət orqanlarının müdaxiləsini məhdudlaşdıracaq addımlar atılması
• İctimai Şuraların institusional əsaslarını möhkəmləndirəcək hüquqi əsasların inkişaf etdirilməsi
• İctimai Şuraların peşəkar əsaslarla formalaşmasını təmin etmək üçün müvafiq qaydaların hazırlanması və tətbiqi, mövcud normativ bazanın bu xüsusda təkmilləşdirilməsi
• İctimai Şuraların şəffaf idarə olunması, onların hesabatlılığının artırılması üçün daxili qaydaların işlənilməsi öhdəliyinin gücləndirilməsi
• İctimai Şuraların fəaliyyətinin maddi-texniki əsaslarının gücləndirilməsi üçün hüquqi imkanların yaradılması
• İctimai Şuralar üçün QHT-lərə Dövlət Dəstəyi Agentliyi tərəfindən mütəmadi təlim kursunun təşkili Dövlət orqanlarının
• Dövlət orqanı tərəfindən İctimai Şuralara ictimaiyyətlə əlaqələr sahəsində dəstək verməsi öhdəliyinin müəyyən olunması Dövlət orqanları üçün ictimai iştirakçılıq sahəsində məlumatlılığın artması məqsədilə mütəmadi təlim kursunun təşkili
• Bu vaxta qədər əldə edilmiş təcrübəni nəzərə almaqla İctimai Şuranın hüquq və vəzifələri, fəaliyyəti dairəsi ilə bağlı məsələlərə yenidən baxılması və qanunvericiliyin təkmilləşdirilməsi
• Dövlət orqanlarının İŞ-lərin fəaliyyətinə müdaxiləsinin qarşısının alınması məqsədilə mövcud hüquqi təminatların təkmilləşdirilməsi
• İctimai Şuralarda qadınların və gənclərin təmsilçiliyinin artırılması, onların səlahiyyətləndirilməsi üçün məlumatlandırma, maarifləndirmə və təlim dəstəyinin verilməsi sahəsində əlavə səylər göstərilməsi
Bu məqalə “Konstitusiya” Araşdırmalar Fondunun hazırladığı “Azərbaycanda qadınların iştirakçılığı sahəsində mövcud vəziyyət” mövzusunda araşdırma hesabatının nəticələri əsasında hazırlanıb. Araşdırma Fondun həyata keçirdiyi “Qadınların ictimai iştirakçılıqda rolunun gücləndirilməsi” təşəbbüsü çərçivəsində aparılıb. Bu təşəbbüs Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının həyata keçirdiyi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” proqramının dəstəyi ilə icra olunur.

Hesabatla aşağıdakı linkdən tanış ola bilərsiniz:





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
123
50
bakupost.az

10Mənbələr