AZ

Orban Çində Si ilə görüşüb

Macarıstanın baş naziri Viktor Orban iyulun 8-də Pekində Çin lideri Si Cinpinlə görüşüb. Orban Çinə elan olunmayan səfərini müdafiə edib: “Çin Rusiya-Ukrayna müharibəsində sülhün şərtlərinin yaradılmasında əsas qüvvədir. Buna görə də Pekinə prezident Si ilə görüşə gəldim, onun Budapeştə rəsmi səfərindən cəmi iki ay keçir”. Pekindəki görüşdən bir gün sonra Orban da daxil olmaqla NATO liderləri Vaşinqtonda NATO-nun 75 illiyi münasibətilə sammitə yığışacaqlar. Rusiyanın Ukraynaya qarşı işğalına Qərbin reaksiyası sammitin gündəliyində duran əsas məsələdir. Si isə Orbanla görüşdən sonra Ukrayna müharibəsi barədə deyib ki, “beynəlxalq ictimaiyyət tərəflərin birbaşa dialoqu və danışıqları bərpa etməsindən ötrü şərtləri formalaşdırmalı və yardım göstərməlidir”. Çin lideri indiyədək münaqişəni pisləsə də, diplomatik baxımdan Putini dəstəkləyib. 2022-ci ilin fevralında Ukraynadakı müharibə başlamazdan öncə Si Putinlə “limitsiz” tərəfdaşlıq yaradıb. +++ Macarıstan iyulun 1-də Avropa İttifaqına (Aİ) sədrliyə başlayandan Orban, özünün dediyi kimi, sülhyaratma missiyası çərçivəsində artıq üçüncü ölkəyə səfər edir. O, X platformasında aeroportdan fotonun yer aldığı postunda yazıb: “Sülhyaratma missiyası 3.0”. Orban ötən həftə Kiyevə və Moskvaya gedib, Ukrayna və Rusiya arasında sülh axtarışında olduğunu iddia edib. İyulun 6-da İsveçrənin “Die Weltwoche” saytına müsahibəsində deyib ki, növbəti həftə Ukraynada müharibənin dayandırılması məsələsi üzrə yeni “gözlənilməz” görüşləri olacaq, o, iyulun 8-i səhərə “sürpriz” vəd edib. İyulun 2-də Kiyevə gedən Orban prezident Volodimir Zelenskiyə Rusiya ilə sülh danışıqları naminə atəşkəsi dayandırmağa razılaşmağa çağırıb. Zelenski isə daha sonra “Bloomberg”ə müsahibəsində deyib ki, atəşkəs, ondan sonra nə gələcəyi barədə aydın plan olmasa, münaqişənin bitməsi deyil, dondurulması demək olacaq. Zelenski müsahibəsində onu da qeyd edib ki, müharibənin bitməsi həm Kiyev, həm də bütün dünya üçün ədalətlidir, ABŞ və Çin fikir ayrılıqlarını kənara qoyaraq Rusiya ilə danışıqlarda vasitəçi kimi çıxış etməlidirlər. İyulun 5-də Kremldə Orban ilə görüşən Rusiya prezidenti Vladimir Putin Ukrayna müharibəsi haqda həmişəki tezislərini, danışıqların başlamasından ötrü tələblərini təkrarlayıb. O, Rusiyanın qanunsuz ilhaqını elan etdiyi ərazilərindən Ukrayna qoşunlarının çıxarılmasını da tələb edir. Moskvada danışıqları bitirən Orban deyib ki, Kiyev və Moskvanın sülh tənzimlənməsinə yanaşmasında böyük fərq görür. Kiyevdə və Aİ-nin bir çox ölkələrində Orbanın bəyanatlarına və hərəkətlərinə skeptik yanaşır, onu birbaşa rusiyapərəst mövqedə olmasa da, Ukraynanın maraqlarını güzəştə getməkdə hazır olmaqda ittiham edirlər. Aİ rəhbərliyi, o cümlədən birliyin bir sıra ölkələrinin liderləri Orbanın Moskva səfərindən sonra bəyan ediblər ki, Macarıstan baş nazirinin Aİ adından Putinlə danışıqlar aparmaq mandatı yoxdur. Ukrayna hakimiyyəti bütün ölkələri “Ukrayna barədə Ukraynasız heç bir razılaşmaya getməmək” prinsipinə əməl etməyə çağırır. AzadlıqRadiosu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
131
47
xural.com

10Mənbələr