AZ

İlham Əliyevin sammitə dəvət olunması yüksək nüfuzun göstəricisidir

“Azərbaycan dünya ölkələri ilə ikitərəfli münasibətlərə önəm verməklə yanaşı beynəlxalq təşkilatlar müstəvisində də fəal siyasət həyata keçirir. Belə təşkilatlardan biri də Şanxay Əməkdaşlıq Təşkilatıdır. Məhz bunun nəticəsidir ki, 2015-ci ilin 9-10 iyul tarixlərində Rusiyanın Ufa şəhərində keçirilmiş ŞƏT-in zirvə toplantısı zamanı qəbul edilmiş qərara əsasən Azərbaycana ŞƏT-də dialoq üzrə tərəfdaş statusu verilib. Prezident İlham Əliyev 17 may 2016-cı il tarixində “Azərbaycan Respublikasına Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı statusunun verilməsi haqqında” Memorandumu təsdiqləyib. Ölkəmiz eyni zamanda, bir neçə il öncə  təşkilatdakı statusunu müşahidəçi statusuna qədər yüksəltmək üçün ŞƏT-in Katibliyinə rəsmən müraciət edib”.

 

Bu fikirləri Modern.az-a açıqlamasında VI çağırış Milli Məclisin deputatı Fatma Yıldırım deyib.


Deputat bildirib ki, ŞƏT ilə əməkdaşlıq istiqamətləri arasında təşkilatın ənənəvi prioritet sahələri olan və Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən terrorizm, ekstremizm və separatizm ilə mübarizə, regional təhlükəsizliyin və sabitliyin təminatı müəyyənləşdirilib. Həmçinin ölkəmizin beynəlxalq müstəvidə mühüm rol oynadığı sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlığın təşviqi sahələri də diqqət mərkəzində olan məsələlərdəndir.


Deputatın sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev 3-4 iyul tarixində ŞƏT-in Astanadakı Zirvə görüşündə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə iştirak edib. Bu fakt ölkələrimiz arasında sıx əməkdaşlığın və qardaşlıq münasibətlərinin bariz nümunəsidir. Eyni zamanda, Prezident İlham Əliyevin sammitə dəvət olunması dövlətimizin başçısının beynəlxalq miqyasda yüksək nüfuzunun göstəricisidir.

“Azərbaycanın üzvü olduğu beynəlxalq təşkilatlarla yanaşı, üzvü olmadığı təşkilatların da sammit, konfrans və görüşlərinə dəvət alması, həmin tədbirlərdə fəal iştirakı ölkəmizin beynəlxalq aləmdə artan imicinin ifadəsidir. Sıralarında Çin, Rusiya, Pakistan, Hindistan, İran və Orta Asiya ölkələrini birləşdirən belə mühüm beynəlxalq platformada Azərbaycanın iştirakı ölkəmizin gündəliyinin irəlilədilməsi, eləcə də regional proseslərdə iştirak və verilən qərarlarda söz sahibi olma baxımından çox önəmlidir”, -deyən deputat qeyd edib ki, Azərbaycan ŞƏT-in bütün üzv ölkələri ilə ikitərəfli səviyyədə də yaxşı münasibətlər qurub və bu əlaqələri ildən-ilə uğurla inkişaf etdirir.


Fatma Yıldırım qeyd edib ki, sammitdə “ŞƏT plyus” formatında keçirilən görüşdə çıxış edən Prezident İlham Əliyev də Azərbaycanın növbəti dəfə  ŞƏT-in Zirvə toplantısına dəvət olunmasını ölkəmizlə üzv dövlətlər arasında inkişaf edən tərəfdaşlığın göstəricisi kimi qiymətləndirib. Cənab Prezident çıxışında Azərbaycanın region üçün önəmindən, nəqliyyat dəhlizlərinin əhəmiyyətindən də bəhs edib. Belə ki, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət Azərbaycan ilə ŞƏT-ə üzv dövlətlər arasında əməkdaşlığın vacib sahəsini təşkil edir. Coğrafi mövqeyi və nəqliyyat infrastrukturuna qoyulmuş böyük sərmayələr Azərbaycana Avrasiyanın nəqliyyat-logistika qovşaqlarından birinə çevrilmək imkanı verib. Orta Dəhlizin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik ötürücülük qabiliyyəti Azərbaycanın sərmayələri hesabına 1 milyon tondan 5 milyon tona qədər artıb. Bundan başqa, Azərbaycan Ələt Beynəlxalq Dəniz Ticarət Limanının illik ötürücülük qabiliyyətini ildə 15 milyon tondan 25 milyon tona qədər artırmaq niyyətindədir.
Sammitdə Azərbaycanın bu il COP29-a ev sahibliyi etməsinin əhəmiyyəti də vurğulanıb. Dövət başçısının qeyd etdiyi kimi, Azərbaycan Bakıda keçiriləcək COP29 çərçivəsində inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq üçün səylərini əsirgəməyəcək və inkişaf etməkdə olan ölkələrin legitim maraqlarını nəzərə alacaq razılaşmanın əldə edilməsinə çalışacaq. Ölkəmiz çox nüfuzlu beynəlxalq tədbir olan COP29-un keçirilməsinə hazırlıq istiqamətində ŞƏT ilə də işi fəal surətdə davam etdirəcək.

Seçilən
166
50
modern.az

10Mənbələr