AZ

Azərbaycanda zoonoz xəstəliklərlə mübarizəyə həsr olunmuş beynəlxalq tədbir başa çatıb

Ölkəmizdə xırdabuynuzlu heyvanların taunu (PPR) xəstəliyinə dair planın müzakirəsi və dabaq xəstəliyi (FMD) üzrə yol xəritəsi ilə bağlı keçirilən üçgünlük beynəlxalq tədbir yekunlaşıb.


Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirin sonuncu günü Azərbaycanın sədrliyi ilə PPR və FMD üzrə Regional Məsləhət Qrupunun (RMQ) fəaliyyəti, həmçinin FMD ilə bağlı regional vəziyyət, peyvəndlərin uyğunlaşdırılması, seçilməsi və digər məsələlər müzakirə edilib.


Həmçinin mövzu ilə bağlı çıxış və təqdimatlar olub, Yol xəritəsinə uyğun olaraq müvafiq tədbirlər planı müəyyənləşdirilib. İyulun 2-də isə tədbir çərçivəsində Bakıda RMQ-nin iclası olub. İclasda RMQ-nin fəaliyyəti ilə bağlı görülən və həyata keçirilməsi nəzərdə tutulan işlər nəzərdən keçirilib, müvafiq tədbirlər müəyyənləşdirilib. Həmçinin iyulun 3-də beynəlxalq mütəxəssislərin iştirakı ilə Quba rayonunda hər iki xəstəlik üzrə assosiativ-simulyasiya təlimləri təşkil edilib.


Beynəlxalq tədbirin məqsədi Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (ÜHST) və Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə tərtib etdiyi strategiya əsasında RMQ-nin texniki tapşırığına uyğun olaraq üzv ölkələrdə PPR və FMD ilə bağlı epizootik statusun stabilləşməsi üçün mərhələli tədbirlər planı üzrə vəziyyətin qiymətləndirilməsi, strateji planların hazırlanması, ölkələrin hazırlıq səviyyəsinin yüksəldilməsinə dəstəyin göstərilməsi və digər məsələlərin müzakirəsindən ibarətdir.


Qeyd edək ki, 2023-cü il aprelin 25-27-də AQTA, ÜHST, FAO-nun Avropa və Mərkəzi Asiya üzrə Regional Ofisi ilə Avropa Dabaq Xəstəliyinə Nəzarət Komissiyasının (EuFMD) birgə təşkilatçılığı ilə Bakı şəhərində “İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO)/Qərbi Avrasiya ölkələri üçün xırdabuynuzlu heyvanların taunu (PPR) xəstəliyinə dair planın məsləhətləşməsi və dabaq xəstəliyi üzrə yol xəritəsi” mövzusunda regional görüş keçirilib. Həmin tədbirdə ölkəmiz üç il müddətinə 14 ölkənin əhatə olunduğu Mərkəzi Asiya regionu üzrə dabaq xəstəliyinə dair məsləhət qrupunun sədri seçilib.


Xatırladaq ki, Azərbaycanın xırdabuynuzlu heyvanların taun xəstəliyindən azad olma statusu ÜHST tərəfindən təsdiqlənib və bu il mayın 30-da təşkilatın müvafiq sertifikatı təqdim olunub. Həmin xəstəlik üzrə Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda bu statusu qazanmış ilk ölkə olmaqla respublikada aparılan işlər rəğbətlə qarşılanıb və ölkə təcrübəsinin təbliğ olunması tövsiyə olunub.

Seçilən
52
6
ekologiya.az

10Mənbələr