AZ

Azərbaycanla ŞƏT əməkdaşlığında yeni perspektivlər - ŞƏRH

Regionda, dünyada Azərbaycanla bağlı baş verənlər, böyük siyasi güclərin ölkəmizə münasibəti, Cənubi Qafqazın əsas söz sahibi olan Azərbaycanla əməkdaşlığa böyük önəmin verilməsi ölkəmizlə münasibətlərin qurulmasında maraqlı olduqlarının təzahürüdür. Mövcud münasibətlər Azərbaycanın dünya dövlətləri ilə siyasi, iqtisadi, humanitar sahələrdə, eləcə də beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlığına söykənir. Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sədri statusunda Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə ŞƏT-in Zirvə toplantısında iştirak etmək üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyulun 3-də Astanaya səfəri dövlət başçımızın beynəlxalq arenada olan nüfuzunun göstəricisidir. Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı kimi mötəbər qurumun Sammitində növbəti dəfə iştirakı dünyada qətiyyətli və uzaqgörən lider kimi böyük nüfuz qazanmış Prezident İlham Əliyev şəxsiyyətinə dərin hörmət və ehtiramın ifadəsidir. Azərbaycanın bu tədbirdə iştirakı, eyni zamanda, ölkəmizin Şərq ilə Qərb arasında bütün sahələrdə mühüm körpü rolunu oynamasına dəlalət edir. Qeyd edək ki, bu, Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında ikinci iştirakıdır. Bundan əvvəl Şanxay Əməkdaşlıq Təşkilatının sədri statusunda Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə dövlətimizin başçısı təşkilatın 2022-ci il sentyabrın 16-da Özbəkistanın Səmərqənd şəhərində keçirilmiş Zirvə toplantısında iştirak etmişdir. Səfər çərçivəsində dövlət başçısı Rusiya, Qazaxıstan və digər ölkələrin prezidentləri ilə görüşləri keçirilib. Bu görüşlər Azərbaycan Prezidenti ilə təşkilata üzv dövlətlərin rəhbərləri arasında qarşılıqlı inam və etimada əsaslanan yüksək səviyyəli münasibətlərin göstəricisidir. Azərbaycan ilə Şanxay Əməkdaşlıq Təşkilatı arasında əlaqələrin hərtərəfli inkişafı üçün böyük imkanlar var və ölkəmiz, eyni zamanda, Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə də ikitərəfli qaydada çox sıx əlaqələrini qurub.

AZƏRBAYCAN ŞƏT-DƏ DİALOQ TƏRƏFDAŞI STATUSUNA SAHİBDİR

Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunub. Təşkilatın əsas məqsədləri üzv dövlətlər arasında qarşılıqlı etimad və qonşuluq münasibətlərinin gücləndirilməsi, siyasət, ticarət və iqtisadiyyat, elm və texnologiya, mədəniyyət, o cümlədən təhsil, enerji, nəqliyyat, turizm, ətraf mühitin qorunması və digər sahələrdə effektiv əməkdaşlığın inkişaf etdirilməsidir. Eyni zamanda regionda sülh, təhlükəsizlik və sabitliyin əldə edilməsi üçün birgə səylərin göstərilməsi, yeni siyasi və iqtisadi beynəlxalq düzənin yaradılması üçün addımların atılması müasir dövrün çağırışları olduğunudan məqsəd olaraq daim diqqətdə saxlanılır.

Azərbaycan hazırda ŞƏT-də dialoq tərəfdaşı statusuna sahibdir. 2016-cı ildə Azərbaycan ilə ŞƏT arasında əməkdaşlıq sahələrini əks etdirən memorandum imzalanıb. ŞƏT ilə əməkdaşlıq istiqamətləri arasında təşkilatın ənənəvi prioritet sahələri olan və Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən terrorizm, ekstremizm və separatizm ilə mübarizə, regional təhlükəsizliyin və sabitliyin təminatı müəyyənləşdirilib. Həmçinin ölkəmizin beynəlxalq müstəvidə mühüm rol oynadığı sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlığın təşviqi sahələri də diqqət mərkəzində olan məsələlərdəndir.

Qeyd edək ki. Azərbaycanın ŞƏT-lə əməkdaşlığı uğurla davam edir. Xatırladaq ki, Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Min bu ilin fevralında Bakıda Prezident İlham Əliyev tərəfindən qəbul edilərkən ölkəmizin ŞƏT-in fəal tərəfdaşlarından biri olduğunu və Azərbaycan ilə əlaqələrin hərtərəfli inkişafına əhəmiyyət verdiklərini bildirib. Azərbaycanın ŞƏT-ə üzv dövlətlər ilə də yüksək səviyyəli ikitərəfli münasibətlər qurması təşkilatla əməkdaşlığın inkişaf etdirilməsinə öz töhfəsini verməklə yanaşı, Azərbaycanın regional güc kimi dəstək qazanmasını da şərtləndirir.

Belə ki, 2015-ci ildə ŞƏT-ə üzv dövlətlərinin başçıları Şurasının iclasında Azərbaycana tərəfdaş statusun verilməsi ilə bağlı qərar qəbul edilib, Azərbaycan ilə əməkdaşlıq barədə məlumat 10 iyul 2015-ci il tarixində ŞƏT Dövlət Başçıları Şurasının iclasında Azərbaycan Respublikasına ŞƏT-də "dialoq üzrə tərəfdaş" statusunun verilməsi barədə qərar qəbul edilmişdir. 14 mart 2016-cı il tarixində Pekində ölkəmizlə ŞƏT arasında ümumi əməkdaşlıq istiqamətlərini nizamlayan "Azərbaycan Respublikasına ŞƏT-in "dialoq üzrə tərəfdaşı" statusunun verilməsi haqqında Memorandum" imzalanmışdır.

Onu da vurğulamaq yerinə düşər ki, Heydər Əliyev Fondu ŞƏT ilə əməkdaşlıq əlaqələrinin gücləndirilməsinə mühüm töhfə verir. Fondun təşkilatçılığı ilə ŞƏT-in Pekindəki mənzil-qərargahında 2018-ci ildə Azərbaycan mədəniyyəti günü, 2021-ci ildə isə dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyi qeyd edilib və qərargahda Nizami Gəncəvinin büstü qoyulub. N.Gəncəvi Çin filosofu Konfutsidən sonra ŞƏT-in qərargahında büstü qoyulmuş ikinci tarixi şəxsiyyətdir.

Azərbaycan-ŞƏT əməkdaşlığı hər iki tərəfin qarşılıqlı maraqlarına xidmət edir və iqtisadi tərəfdaşlıq, nəqliyyat əlaqələri, terrorizm, ekstremizm və separatizm ilə mübarizə, regional təhlükəsizliyin və sabitliyin təminatı, sivilizasiyalararası dialoqun təşviqi kimi sahələri əhatə edir. 2022-ci ildə isə ŞƏT-in Özbəkistanın Səmərqənd şəhərində keçirilmiş Zirvə Görüşündə Prezident İlham Əliyev fəxri qonaq qismində iştirak etmişdir. Qeyd edək ki, ölkə başçımız ŞƏT-in həmin Sammitində çıxışı zamanı Azərbaycan reallıqlarını beynəlxalq ictimaiyyətə çatdıraraq bir çox mühüm məsələlər barədə Azərbaycanın yeni dövrün tələbləri ilə bağlı mövqeyini açıqlamışdı. Azərbaycan Prezidenti artıq ikinci dəfədir ki ŞƏT-ə üzv ölkələrin Zirvə toplantısına dəvət olunur.

AZƏRBAYCANIN BEYNƏLXALQ LOGİSTİK MƏRKƏZ KİMİ ARTAN ROLU

Azərbaycanın ŞƏT ilə əməkdaşlığı çoxsahəli və hərtərəfli xarakter daşıyır. Ölkəmizin son illər beynəlxalq arenadan artan nüfuzu, həmçinin Avrasiya məkanında əsas tranzit qovşağa çevrilməsi Azərbaycanın ŞƏT üçün əhəmiyyətini daha da artıran faktorlar sırasındadır. Azərbaycanda həm təhlükəsizlik, həm də iqtisadi inkişaf sahəsində daha mühüm rol oynamağa başlayan ŞƏT ilə daha sıx əməkdaşlıqda maraqlıdır.

Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən irimiqyaslı layihələr Azərbaycanın regionda mühüm tranzit qovşağına çevrilməsinə şərait yaradıb. Xüsusilə Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycanın beynəlxalq logistik mərkəz kimi rolunu daha da artırır. Bu, Azərbaycanın ŞƏT çərçivəsində əməkdaşlıq etdiyi ölkələrlə ticarət və iqtisadi əlaqələrinin inkişafına mühüm töhfə verir. ŞƏT-in Astana Zirvə görüşü terrorizm, ekstremizm və separatizm ilə mübarizə, regional təhlükəsizliyin və sabitliyin təminatı, sivilizasiyalararası dialoq və multikulturalizmin təşviqi kimi sahələrdə əməkdaşlığı müzakirə etmək üçün əhəmiyyətli platformadır. Bu məsələlər Azərbaycanın xarici siyasətinin əsas prioritetləri sırasında yer alır və ölkəmizin bu sahələrdəki mövqeyini daha da möhkəmləndirir. Xatırladaq ki, Orta Dəhlizin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu məhz Azərbaycanın sərmayələri hesabına başa gəlib.

Postmüharibə dövründə Azərbaycanın yürütdüyü xarici siyasət, regionda həyata keçirilən infrastruktur layihələrin icrası ölkəmizi regionun regionun mühüm nəqliyyat və logistika mərkəzinə çevirir. Yaranan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin iştirakçısı qismində Azərbaycanın əlverişli tranzit imkanlarından geniş istifadə edilməsi üçün Azərbaycan regiondakı geosiyasi mövqeyinə mühüm təsir göstərən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri ilə bağlı mühüm addımlar atıb.

DÜNYANIN APARICI ÖLKƏLƏRİNİN AZƏRBAYCANLA ƏMƏKDAŞLIĞA ARTAN MARAĞI

ŞƏT ilə əməkdaşlıq Azərbaycanın beynəlxalq səviyyədə səsinin eşidilməsi, mövqeyinin çatdırılması baxımından vacib bir platformadır. Prezident İlham Əliyevin zirvə görüşlərində iştirakı və etdiyi çıxışlar ölkəmizlə bağlı ən mühüm məsələlərin, prioritetlərin qlobal səviyyədə geniş ictimaiyyətə çatdırılmasını təmin edir. Hazırda dünyanın ən böyük beynəlxalq tədbirlərindən olan COP29-a hazırlıq çərçivəsində Şanxay Əməkdaşlıq Təşkilatı ilə ölkəmiz arasında əməkdaşlıq məsələləri diqqət mərkəzində saxlanılır.

Bütün bunlar Azərbaycanın xarici siyasətinin, uğurlu çoxtərəfli və ikitərəfli diplomatiyasının təzahürüdür. Azərbaycanın COP29-a sədrliyi ölkənin qlobal səviyyədə siyasət yürüdən ölkə olduğunu, qlobal aktor olduğunu və dünyanın aparıcı ölkələrinin Azərbaycanla əməkdaşlığı gücləndirməkdə maraqlı olduqlarını göstərir. Astana görüşü Azərbaycanın bu təşkilatla uzunmüddətli planda əməkdaşlığı üçün yeni perspektivlər müəyyən edə bilər. Hazırda Azərbaycan qlobal səviyyədə söz sahibi olan ölkələrdən birinə çevrilib. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi bunu bir daha sübut edir.

Əlbəttə ki, Astana zirvə görüşü Azərbaycan üçün təşkilat ilə əməkdaşlığın daha geniş sahələri əhatə etməklə, gələcək inkişaf perspektivlərinin müəyyən edilməsi baxımından böyük əhəmiyyət daşıyacaq.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
17
sesqazeti.az

10Mənbələr