AZ

Xronika: "Ermənilər Azərbaycan nömrəli maşınları heç vaxt Gorusa qoymazdılar"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu "Həyat Hekayəsi" verilişinin növbəti buraxılışı hazırlanıb.
Oxu.Az xəbər verir ki, "Dayım rəhmətə gedəndə dedi ki, Niyadar bulağının o soyuq suyundan gətirin içim ölüm" adlı veriliş Zəngəzur mahalının Gorus rayonunun Qurdqalaq kənd sakini Roza Cavadovanın həyat hekayəsinə həsr olunub.
O, uşaqlıq və kənd həyatından, qaçqınlıq illərindən söz açıb və deyib ki, kəndimizdə evlər heç vaxt bağlı olmayıb, qapılardan qıfıl asılmayıb. Türkiyədən köçən ermənilər Gorusda azərbaycanlıları qovub özləri yerləşiblər. Ermənilər Azərbaycan nömrəli maşınları heç vaxt Gorusa qoymazdılar. Qonaq gələnlər maşını kənddə qoyub ya taksi ilə, ya da erməni nömrəsi olan maşınla, avtobusla Gorusa gedirdilər. Ermənilər avtomobilin şüşələrini sındırır, cərimə edir, ziyan verirdilər. Onlar Gorusa gedəndə mağazalarda bizə heç vaxt cavab vermirdilər. Bizə hirslə deyirdilər ki, Azərbaycan dilində yox, rus dilində danışın. Onların azərbaycanlıları görməyə gözləri yox idi".
Onun sözlərinə görə, ermənilər o vaxt Gorusda Heydər Əliyevin şəklinin üstünü qəsdən çirkaba bulamışdılar: "Bir dəfə üç qadın Gorusa getmişdik. O vaxt Mərkəzi Komitədə işləyənlərin hamısının şəkilləri rayonda asılmışdı. Heydər Əliyevin də şəkili var idi. Ermənilər Heydər Əliyevin şəklinin üzərinə çirkab şeylər atmışdılar. Biz cib dəsmalımızla Heydər Əliyevin şəklinin üstünü təmizlədik. Ermənilər çox məkrli və murdar idilər, bizə qarşı nifrət, kin bəsləyirdilər".
R.Cavadova erməni vəhşiliyindən kövrələrək söz açıb: "Göyçək nənəm danışırdı ki, 1905-ci illərdə ermənilər kəndimizə hücum etdilər. Onlar kəndimizi yandırıb 13 nəfəri öldürüblər. Cahan xala sənəyi götürüb suya gedəndə görüb ki, ermənilər gəlir. Yerə uzanıb başından kəlağayısını çıxarıb üstünə örtüb ki, ermənilər elə bilsinlər ölüb. Ermənilər Cahan xalanın nizə ilə qoluna vurublar, amma o, tərpənməyib, susub, elə biliblər ölüb. Ermənilər çıxıb gedəndən sonra durub gəlib. Erməni həkimlər Yusif müəllimin 10 yaşlı oğlunu əməliyyat zamanı öldürüblər".
Qurdqalaq sakini 1988-ci ildəki deportasiyanın çox acınacaqlı olduğunu söyləyib: "Anam rəhmətə gedəndə dedi ki, oranın bulağının suyundan gətirin içim. Dayım da rəhmətə gedəndə dedi ki, Niyadar bulağının o soyuq suyundan gətirin içim. Uşaqları dayıma Şollar suyundan gətirdilər. O, bir qurtum içdi və dedi ki, məni aldatmayın, bu, oranın suyu deyil. Çox insanlarımız Vətən həsrəti ilə dünyasını dəyişdilər".
R.Cavadova sonda bildirib ki, kəndi hər gün yuxuda görür: "7 rayonumuz, Qazağın 4 kəndi alındı, niyə də bizim kəndimiz, Zəngəzurumuz alınmasın?! Biz ona görə qayıdacağıq ki, ata-babamız orada dəfn olunub, qəbirlərimiz orada qalıb. Dəfələrlə erməni hücumlarına baxmayaraq ata-babalarımız o kəndə qayıdıb yaşayıblar. Arzum odur ki, bizlər də kəndimizə gedək və orada yaşayaq".
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
23
oxu.az

10Mənbələr