AZ

ABŞ və Rusiya əlaqələri tam dondurula bilərmi? (ŞƏRH)

"ABŞ-Rusiya əlaqələri minimuma endirilsə belə, yenə də açıq kanallar hər zaman olacaq".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Azər Qasımov Rusiya XİN rəhbərinin müavini Sergey Ryabkovun rəsmi Moskvanın ABŞ-la diplomatik münasibətlərin səviyyəsinin aşağı salınması imkanlarını nəzərdən keçirdiyi barədə səsləndirdiyi fikrini şərh edərkən deyib.

Azər Qasımov bildirib ki, Ukrayna müharibəsinin yeni fazaya keçməsi fonunda Rusiya ilə ABŞ arasında diplomatik əlaqələrin minimuma endirilməsi də gözləniləndir:

"Yeni faza deyəndə Qərb silahları ilə birbaşa Rusiya ərazilərinin vurulmasına bir çox Qərb ölkələrinin icazə verilməsi nəzərdə tutulur. Artıq Rusiya əraziləri ABŞ-dan verilən silahlarla ciddi şəkildə vurulur və bu, eyni ilə ciddi dağıntı, təlafatlar törədir. Bu baxımdan da Rusiyanın diplomatik əlaqələrin minimuma endirilməsindən danışması təbiidir. Rusiyanın belə addımdan danışması məcburiyyət əlamətidir. Əlindən başqa heç nə gəlmədiyi üçün bu yolla ABŞ-ı guya çəkindirmək istəyir. Onsuz da diplomatik əlaqələrin yüksək olduğunu fikirləşmək sadəlövhlük olardı". 



Politoloq vurğulayıb ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi fonunda bundan başqasını da gözləmək olmazdı. Ekspert qeyd edib ki, diplomatik münasibətlərin səviyyəsinin aşağı salınmasına gedilsə də, hər zaman açıq qalacaq kanallar da olacaq:

"İndiki halda əlaqələrin minimuma endirilməsindən danışacaqlarsa da belə, yenə də açıq kanal hər zaman olacaq. ABŞ-ın Rusiyanı terrorçu dövlət elan etməməsinin səbəbi də budur. Vaşinqtonun terrorçularla danışıq aparmadığını və Rusiyanı da terrorçu dövlət adlandırmadığı gerçəyi də ABŞ-Rusiya danışıq kanallarının açıq qalmasında maraqlı olmasıdır. İki ölkə arasında həmişə diplomatik krizislər olub. Tərəflər bir-birilərinin onlarla diplomatını persona-non-qrata elan edib, ölkədən qovub. İndi də böyük ölçüdə belə olacaq. Amma tərəflər hər zaman təhlükəsizlik qüvvələri, xüsusi nümayəndələr vasitəsilə ehtiyac yarananda əlaqələr yaradacaqlar".
 
Qeyd edək ki, Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov "İzvestiya”ya müsahibəsində Rusiya hakimiyyətinin ABŞ-la diplomatik münasibətlərin səviyyəsinin aşağı salınması imkanlarını nəzərdən keçirdiyini bildirib:

"İndi diplomatik münasibətlərin səviyyəsinin aşağı salınmasını ehtiva edən həll yolu mümkündürmü? Deyə bilərəm ki, bu, nəzərdən keçirilən mövzudur və araşdırılır. Bu cür qərarlar ən yüksək səviyyədə qəbul edilir. Rəqiblər bilməlidirlər ki, addım-addım geri dönüşü olmayan nöqtəyə yaxınlaşırlar. Rusiya Qərblə münasibətlərin ən kəskin fazasının təlatümlərinə baxmayaraq, heç vaxt diplomatik münasibətləri azaltmağa təşəbbüs göstərməyib”. 

Rüfət Sultan

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

phrase_var_article.chosen
127
50
qaynarinfo.az

10phrase_var_article.sources