AZ

Zahid Oruc: ”Paşinyana kömək etməliyik"

“Vətən müharibəsində qələbəmiz erməni kilsəsinin tarixi statusunu dəyişir və Ermənistan hakimiyyəti nəhayət, Katalikos institutunun müstəsnalığına, hökmranlığına son qoymağa  yaxındır. 28 may müstəqillik günündə 2-ci Qareginin rəsmi tədbirə buraxılmaması, Nikol Paşinyanın “təsir agentləri” adlandırdığı din xadimləri ilə yaxın 3 ayda həlledici döyüşün olacağını göstərir. Bəli, sərhədin delimitasiyasına etiraz adı ilə meydanlara çıxan Baqrat Qalstanyanın apardığı mübarizə təkcə hakimiyyət davası deyil, kilsənin dövlət üzərində minillik inhisarını qorumağa xidmət edən “xaç yürüşü”dür”.

“Cebhe.info” xəbər verir ki, bunu parlamentin bugünkü iclasında deputat Zahid Oruc deyib. Deputat qeyd edib ki, Erməni Apostol Kilsəsinin düşmənçiliyi ən çox xalqımıza edilib:

“Biz Razdan meydanında "İskəndər" raketləri və ordudan qabaqda gedən keşiş kolonunu da  görmüşük, 1-ci və 2-ci Qarabağ müharibələrində erməni əsgərlərinə xeyir-dua verən, onları təcavüzə, qəddarlığa, kütləvi qırğınlara səsləyən qara xaçlı komandirləri də unutmamışıq.

Əgər qətllər törədən hərbçiyə "Böyük Tiqran" ordeni və qəhrəmanlıq medalları verilirdisə, kilsə xadimlərinə də yepiskopluqdan patriarxlığa qədər bəxş olunan dini rütbələr məhz işğalın mükafatlarıdır. Əlləri təkcə Azərbaycan xalqının deyil, öz millətinin də qanına batanlar din xadimi sayıla bilməzlər. Kilsə dövlətə çevrilib düşmənçilik yaymaqla Erablur məzarlığını qazanıb. Dəfn kontorları kimi çalışan, hərbi qərarlar imzlayan Patriarxat və kilsə indi hakimiyyəti təkbaşına ələ almaq iddiasındadır. Görün, bir xalq onu məğlubiyyətə gətirən köçəryanlara, sarkisyanlara nə qədər nifrət edir ki, bir keşişin ətəyindən asılı qalıb. Əsil faciə budur”. 

Z.Oruc əlavə edib ki, artıq erməni rəsmiləri də xalqımızın 100 illərlə dediklərini təsdiqləyirlər:

“İlk növbədə, erməni Baş nazir “tarixi, mifik yox, real Ermənistan” deyir,  “dövlət kilsədən ayrılmalıdır”, söyləyir. Qalır təkcə soyqırım əsarəti. Ondan da xilas etsə, Paşinyan milli çevriliş edəcək. Biz yardım göstərməliyik ki, o, missiyasını axıra çatdırsın.

Hakim partiyadan deputat Arsen Torosyan “1700 ildir erməni dövlətçiliyinin məhvinə səbəb olan kilsənin mif və stereotiplərini məhv etməliyik” söyləyir. İqtidaryönlü “Baqramyan-26” teleqram kanalı yazır: “Düşmənçilik və nifrət yayanlar xristianlığı və müqəddəsliyi təmsil etmirlər”. Bəli, hər sözünə qatılırıq. Lakin Paşinyanı xaç və qılıncla devirməyə çalışanlar  hakimiyyətə gəlsələr, onda keşişlərin qələbəsi erməni xalqının məğlubiyyəti, yaxud Varfolomey gecəsi olacaq. Çünki katalikos sülhü yox, müharibəni təmsil edir. 

Bir  kilsə əmin-amanlığa xidmət etmirsə, o, Allah evi yox, hərbi-siyasi qərargahdır, dirildən məbəd deyil, öldürən silahdır. Paşinyanın cəsarətli fikri necə də həqiqətdir: ”Ermənistanda Allaha inanmayan çoxlu din xadimi var”.

Biz Ermənistanın siyasi hakimiyyəti ilə barış anlaşması imzalayacağıq, lakin kilsə və dünya erməniçiliyi xalqımızla düşmənçiliyi davam etdirəcək. İsa Məsih məhz belələrinə üz tutub deyirdi:

”Ata, onları bağışla, çünki nə etdiklərini bilmirlər””.

Seçilən
69
10
cebheinfo.az

10Mənbələr