AZ

Növbədənkənar parlament seçkilərini zəruri edən səbəblər

Pərvanə SULTANOVA [email protected]


Məlum olduğu kimi, iyunun 20-də Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbəti iclasında partiyanı qanunverici orqanda təmsil edən deputatlara altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Prezidentə müraciət olunması üçün təşəbbüs göstərmələrinin tövsiyə edilməsi barədə yekdil qərar qəbul edilib. Dünən isə məsələ parlamentdə müzakirə olunub və Milli Məclis növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyevə müraciət edib.

Xatırladaq ki, Azərbaycanda parlament seçkiləri bu il noyabr ayında keçirilməli idi. Seçkilərin vaxtının dəyişdirilməsini bir sıra vacib səbəblər zəruri edir. Birincisi, son parlament seçkilərindən ötən müddət ərzində Azərbaycanda bir sıra önəmli və tarixi hadisələr baş verib. Ən əsası 44 günlük Vətən müharibəsindəki şanlı zəfər və 2023-cü ilin sentyabrında həyata keçirilmiş antiterror tədbirləri nəticəsində dövlətimizin ərazi bütövlüyü və suverenliyi tam təmin olunub. Bu, həm də ölkəmizdə yeni dövrün başlanğıcı idi. Məhz bununla əlaqədar olaraq 2024-cü ilin fevralında Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib. Torpağlarımızın 30 ilə yaxın davam edən işğalı seçkilərin bütün ölkə ərazisini əhatə etməsinə imkan vermirdi. Müstəqillik tariximizdə ilk dəfə olaraq prezident seçkiləri bu il bütün ölkə ərazisində keçirildi. Azad edilmiş ərazilərin sakinləri ilk dəfə olaraq müvəqqəti məskunlaşdıqları bölgələrdə deyil, öz doğma torpaqlarında səs verdilər.

Prezident İlham Əliyev bu ilin yanvarında yerli televiziya kanallarına müsahibəsi zamanı növbədənkənar prezident seçkilərini şərtləndirən əsas amillər barədə deyib: “Birinci səbəb təbii ki, suverenliyimizin tam bərpasıdır, çünki seçkilər bir dövrə yekun vurur. Sentyabr ayında biz elə bir dövrə yekun vurmuşuq ki, bu, epoxal bir hadisədir. Yəni, Azərbaycanın çoxəsrlik tarixində mən hesab edirəm ki, buna oxşar Zəfər olmayıb... Təbii ki, bu yeni dövr başlayarkən, əlbəttə, prezident seçkiləri də bu yeni dövrün başlanğıcı olmalıdır. Çünki hər bir dövr bir zaman kəsiyidir və 30 il ərzində işğal altında olmuş ərazilərin işğaldan azad edilməsi və suverenliyi tam bərpa etməyimiz yeni dövrün başlanğıcı idi. Bu, birinci səbəbdir.

İkinci səbəb ondan ibarətdir ki, ilk dəfə olaraq müstəqil həyatımızda seçkilər ərazilərimizin hər bir yerində keçiriləcək. Prezident seçkiləri bütün digər seçkilərlə müqayisədə ən vacib seçkilər olduğu üçün mən hesab etdim ki, birinci bütün ərazilərdə keçiriləcək seçkilər prezident seçkiləri olmalıdır. Əgər biz seçkiləri vaxtında, yəni 2025-ci ilin aprelində keçirməli olsaydıq, o zaman bələdiyyə seçkiləri daha tez keçiriləcəkdi. Mən hesab etdim ki, bu, düzgün olmaz. Azad edilmiş ərazilərdə və ölkəmizin hər bir yerində prezident seçkiləri birinci seçkilər olmalıdır.

Digər səbəb ondan ibarətdir ki, mənim Prezident kimi fəaliyyətimin 20 ili tamamlandı. Bu da bir dövrdür və bunu da biz bir yekun kimi qəbul etməliyik və 20 ildən sonra yenidən prezident seçkilərinin keçirilməsi təbii ki, bu xronoloji dövrü də əsaslandırmış olur. Yəni, əsas səbəblər bunlardır. Amma mən bu səbəbləri, bu sıralamanı əhəmiyyət üzrə etmişəm. Birinci səbəb, əlbəttə ki, yeni dövrün başlanğıcıdır və prezident seçkiləri bu yeni dövrə də xeyir-dua verəcəkdir”.

İlk dəfə bütün ölkə ərazisində keçirilmiş prezident seçkilərindən sonra Azərbaycanda yeni dövrün tələbinə uyğun parlamentin formalaşdırılması zamanın tələbidir. Milli Məclisə növbədənkənar seçkilər zamanı müstəqillik dövründə ilk dəfə olaraq Qarabağ və Zəngəzuru təmsil edən millət vəkilləri məhz bu ərazilərdə keçirilən seçkilər nəticəsində mandat alacaqlar.

İkincisi, vurğulandığı kimi, Azərbaycanda parlament seçkiləri 2024-cü il noyabrında keçirilməli idi. Amma həmin ay ölkəmiz dünyanın ən mötəbər tədbiri sayılan Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a ev sahibliyi edəcək. Azərbaycanın qlobal tədbirlərə ev sahibliyi sahəsində böyük təcrübəyə malik olmasını, həmçinin 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan edərək iqlim dəyişmələrinə qarşı fəal mübarizə mövqeyi nümayiş etdirməsini nəzərə alaraq, COP29-un da ən yüksək səviyyədə keçiriləcəyinə və yeni uğura imza atılacağına əminik. Bu tədbirlər on minlərlə xarici qonağa Azərbaycanı yaxından tanıtmaq, ölkəmizin bütün dünyada ədalətli sülhə, bərabərliyə, haqqa və hüquqa əsaslanan münasibətləri təbliğ və təşviq edən mövqeyini çatdırmaq üçün əlverişli fürsət olacaq.

Artıq Azərbaycanda bununla bağlı hazırlıq işləri aparılır, ayrı-ayrı tərəflərlə müzakirələr, görüşlər keçirilir. Azərbaycan bu tədbiri ən yüksək səviyyədə təşkil etməyi və ən əsası nəticələrin əldə olunmasını hədəfləyir. Əlbəttə ki, dünyanın ən mühüm tədbirlərindən biri olan COP29-la eyni vaxtda parlament seçkilərinin keçirilməsi mümkün deyil.

Hakim partiyadan olan deputatlar da qeyd etdiyimiz məqamları nəzərə alaraq seçkilərin 2 ay əvvələ keçirilməsi təklifi ilə parlament sədrinə müraciət ediblər. Vurğulanıb ki, həmin dövrdə ölkə parlamentinin tam fəaliyyətdə olmasının məqsədəmüvafiqliyi də nəzərə alınmalıdır.

Məlumdur ki, COP29 kimi mötəbər tədbirlə eyni vaxtda seçki kampaniyasının təşkili və səsvermənin keçirilməsi mümkün deyil. Seçkilərin vaxtının dəyişməsi həm COP29-u layiqli şəkildə keçirməyə imkan verəcək, həm də bu mötəbər tədbir zamanı ölkə parlamentinin tam fəaliyyətdə olması təmin ediləcək.

Milli Məclisin iclasında təklif müzakirə olunub. YAP-ın müraciəti parlamentin digər partiyaları təmsil edən deputatlar, habelə bitərəf deputatlar tərəfindən dəstəklənib. Milli Məclis Konstitusiyanın 95-ci maddəsinin 2-ci hissəni rəhbər tutaraq qərara alıb ki, Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Prezidentə müraciət edilsin.

Deputat Aydın Hüseynov mövzu ilə bağlı bildirib ki, növbədənkənar parlament seçkilərinin keçirilməsini təmin edən şərtlər var və bunlar göz qabağındadır: “Ölkəmizdə çox əhəmiyyətli və tarixi hadisələr yaşanır. Zaman isə bizdən bu hadisələrə adekvat cavab verməyimizi tələb edir. Bu qərarın verilməsinə səbəb bir sıra mühüm arqumentlərdir. Yeni reallıqlar, yeni çağırışlar, yeni şərtlər, yeni vəziyyət Milli Məclisin yeni heyətini tələb edir. 44 günlük müharibədən sonra ərazi bütövlüyümüzün bərpa edilməsindən sonra bütün sahələrdə aparılan ciddi dəyişikliklər də seçkilərin zamanını tezləşdirməli idi, ölkə parlamenti yeni heyətlə xalqın qarşısına çıxmalıdır. Yeni Azərbaycan Partiyasından olan deputatların növbədənkənar parlament seçkiləri ilə bağlı Prezidentə müraciət etmələrinin səbəbləri də bunlardır”.

A.Hüseynov qeyd edib ki, 2024-cü ildə ölkəmizdə çox nüfuzlu beynəlxalq tədbirlər baş tutub: “BMT-nin İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) və digər mötəbər beynəlxalq tədbirlərin keçiriləcəyi vaxtda - 2024-cü ilin noyabr ayında Azərbaycan Konstitusiyasının müvafiq maddəsinin II hissəsinə əsasən Milli Məclisə növbəti seçkilər keçirilməlidir. Əlbəttə, əsas qanunumuza görə, parlament seçkiləri keçirilməlidir, amma dünyanın əksər dövlət və hökumət başçılarının iştirak edəcəyi COP29-a da həmin ayda ev sahibliyi edəcəyimizi nəzərə almalıyıq. Bu tədbirin yüksək şəkildə təşkili üçün parlament seçkilərinin vaxtını irəli çəkmək ən ideal qərar olar. COP29-un keçirildiyi vaxtda ölkə parlamentinin tam fəaliyyətdə olmasını da nəzərə almaq lazımdır. Ona görə də, hesab edirəm ki, bu gün milli maraqlarımızdan çıxış edərək Milli Məclisi buraxmaq və seçkilərin daha erkən keçirilməsi təşəbbüsü ilə çıxış etmək məntiqlidir. Yeni Azərbaycan Partiyasını Milli Məclisdə təmsil edən deputatlar da növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Prezidentinə müraciət etməklə doğru və yekdil qərar qəbul ediblər. İlk dəfə Azərbaycanın bütün ərazisində keçirilmiş prezident seçkilərindən sonra yeni çağırışlara uyğun olaraq parlament formalaşdırılacaq, ilk dəfə olaraq Qarabağ və Zəngəzuru təmsil edən millət vəkillərinin seçilməsi üçün bir fürsət yaranacaq və bu seçkilər regionda demokratik proseslərin inkişafına və əhalinin siyasi iştirakçılığının artırılmasına töhfə verəcək”.

 






















Bizi İnstagramda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
1
525.az

10Mənbələr