AZ

Dövlət qulluqçuları: Ömürlərini insanlara xidmətə və vətənin tərəqqisinə həsr edənlər....

23 iyun – Dövlət qulluqçularının peşə bayramıdır.

 

Prezident İlham Əliyevin 2006-cı il 25 may tarixli sərəncamı ilə 23 iyun tarixinin Dövlət qulluqçularının peşə bayramı kimi təsis edilib ki, bu da ölkəmizdə dövlət qulluqçularına, onların əməyinə verilən yüksək qiymət və ehtiramın nümunəsidir.

 

Prezident İlham Əliyevin hakimiyyəti dövründə ölkəmizdə dövlət qulluqçularının sosial durumu, siyasi statusu mütəmadi şəkildə yaxşılaşsa da, bütövlükdə bu sahədə çalışan vətəndaşlarımızla bağlı ilk addımlar Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Gənc, müstəqil Azərbaycanın inkişafı üçün  peşəkar və vətənpərvər kadrlara ciddi ehtiyac olduğunu yaxşı dərk edən Heydər Əliyev, bu sahədə vahid bir sistem formalaşdırmaq, yeni bir dəyər yaratmaq üçün hüquqi müstəvidə ciddi yeniliklərə imza atıb. 2000-ci ilin iyulundə Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu hazırlanaraq qəbul edilib.

 

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun qəbulu bu sektorda fəaliyyət göstərən şəxslərlə bağlı tələb  və gözləntiləri yüksəltməklə yanaşı, dövlət maraqlarının bilavasitə müdafiəçisi olan bu şəxslərin təminatının yaxşılaşdırılmasına, onların hüquqlarının daha etibarlı şəkildə qorunmasına yol açdı. Ümummilli liderin təklif və təşəbbüsü ilə bu sahədə görülən işlər ümumilikdə dövlət qulluğu ilə bağlı yeni bir mədəniyyətin formalaşmasına, yeni baxış və münasibətlər sisteminin meydana gəlməsinə səbəb oldu.

 

Prezident İlham Əliyevin hakimiyyəti dövründə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa bir neçə dəfə ciddi dəyişikliklər edildi ki, bu dəyişikliklər məlum sahədəki standartları daha da yüksəltməyə, bu standartları beynəlxalq səviyyəyə yüksəltməyə imkan verdi. Azərbaycan bu dəyişikliklərlə nəinki dövlət qulluqçularının hüquqi statusu ilə bağlı mövcud vəziyyəti dünya standartları səviyyəsinə yüksəltdi, hətta bir qədər də qabağa gedərək dünyada yeni bir model – “Azərbaycan modeli” formalaşdırdı.

 

Dövlət qulluğuna qəbulun test üsulu ilə aparılması bu sahədə şəffaflıq və obyektivliyin güclənməsinə səbəb oldu. Dövlət qulluğuna qəbul prosesinin şəffaflaşması bu sahəyə yüksək bilik və bacarığa malik şəxslərin daha geniş şəkildə axınına səbəb oldu ki, bu da özünü dövlət idarəetməsində göstərdi. Test sistemi dövlət qulluğuna təsadüfi şəxslərin gəlişinin qarşısını aldı, neqativ halların bu sektora yol tapmasını önlədi.

 

Prezident İlham Əliyevin 25 may 2006-cı il tarixli sərəncamı ilə 23 iyun - Dövlət qulluqçularının peşə bayramı günü kimi təsis edildi. Dövlət qulluqçuları ilə bağlı belə bir günün təsis edilməsi dövlətimizin, onun prezidentinin dövlət idarəedilməsində yer alan şəxslərə növbəti dəfə diqqət və qayğısını göstərməklə yanaşı, bu sektorun spesifik bir sahə kimi formalaşmasına böyük təkan verdi.

 

Bu gün müasir dünyamızın, eləcə də gündəlik yaşamımızın sürət və tempinin ötən dövrlərlə müqayisədə bir neçə dəfə artırması və mürəkkbləşməsi idarəetmə sahəsində çalışan şəxslərin bilik və peşəkarlığının, cəld və ağıllı qərarvermə qabiliyyətinin artırımasını zəruri edir. Bu isə dövlət qulluğunda çalışan vətəndaşlarımızdan ikiqat səriştə və fədakarlıq tələb edir. Üzərlərinə  düşən bütün öhdəlikləri vaxtında və nümunəvi şəkildə yerinə yetirmək,  vətəndaş məmnunluğunu təmin etmək, aldıqları hər bir qərar, atdıqları hər bir addımla insanların dövlətə olan inam və etibarını artırmaq dövlət qulluqçularının hüquqi-mənəvi vəzifələrindəndir. Dövlər qulluğu – bu, dövlətə və vətəndaşa xidmət sahəsi deməkdir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev dövlət qulluğunu imtiyaz deyil, məsuliyyət kimi xarakterizə edərək demişdir:

 

“Dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir. İnsanlara xidmət imkanıdır”.

 

Sevindiricidir ki, dövlət qulluqçularımız bu işin öhdəsindən bacarıqla gəlməkdə, vətənimizin inkişafına, onun tərəqqisinə böyük töhfələr verməkdədir.

 

Redaksiya olaraq dövlət qulluqçularımızı qarşıdan gələn peşə bayramları münasibətilə təbrik edir, onlara fəaliyyətlərində yeni-yeni uğurlar arzulayırıq. İnanırıq ki, onlar bundan sonra da dövlət maraqlarımızı uğurla müdafiə edəcək, öz zəhmətsevərlikləri, peşəkarlıqları, insanlara olan qayğıkeş münasibətləri ilə vətəndaşlarla dövlət arasında mənəvi körpü rolunda çıxış etməkdə davam edəcəklər.

 

Seymur ƏLİYEV

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
50
moderator.az

10Mənbələr