AZ

Dövlət qulluqçuları: Uğurlu siyasətin layiqli icraçıları – TƏHLİL

Antik yunan filosofu Platon deyib ki, “dövlətlər də insanlar kimidir, çünki onlar da insan xarakterindən yaranırlar”. Buna görə də dövlət idarəetməsinin bütün pillələrində çalışan kadrların seçiminə xüsusi diqqət yetirilməsi vacibdir.

Azərbaycanda da bu sahəyə diqqət böyükdür

Təsadüfi deyil ki, ölkəmizdə dövlət qulluğuna qəbul və dövlət qulluqçuları üçün xüsusi hüquqi baza hazırlanıb. Hətta 31 may 2007-ci ilə Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanı ilə “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanun qüvvəyə minib. 

Etiraf etmək lazımdır ki, Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün təmin edilməsinin və beynəlxalq aləmdə böyük nüfuz qazanmasının bir səbəbi də müəyyən edilmiş siyasətin düzgün seçilmiş kadrlar tərəfindən uğurla həyata keçirilməsidir. Təbii ki, bugünkü uğurlara gəlib çatmağımızın təməli Ümummilli lider Heydər Əliyevin dövlət idarəetmə sistemində həyata keçirdiyi islahatlardan başlayıb. Prezident İlham Əliyev isə bu siyasəti yeni çağırışlara uyğun olaraq yeni müstəviyə çıxarıb. O müstəviyə ki, orada bacarıqlı və zəkalı insanların ansamblı yaradılıb.

Bu gün tam əminliklə demək olar ki, respublikamızda müasir tələblərə cavab verən dövlət idarəetmə sistemi qurulub, hakimiyyətin bütün qollarının funksiyaları dəqiq müəyyənləşdirilib, vətəndaşların hüquq və azadlıqlarının qorunması və həyata keçirilməsi üçün zəruri təsisatlar yaradılıb.

Yeni dövlətçilikdə yeni kadr siyasəti

Nəzərə alaq ki, belə bir idarəetmə sistemin yaradılması asan məsələ deyildi. Çünki Azərbaycan 1991-ci ildə təkcə dövlət müstəqilliyi qazanmadı. Həm də yeni bir formasiyaya qədəm qoydu. Ona görə də müstəqillik illərində Azərbaycanda hüquqi dövlətin qurulması, idarəetmə sisteminin təkmilləşdirilməsi, ölkənin daha yaxşı idarə olunması üçün zəruri tədbirlər görüldü. Bir çox strukturlar ləğv edilib və yeni idarəetmə orqanlarının yaradılması prosesi həyat keçirildi.

Üstəlik yeni formasiyaya uyğun yaradılan orqanların dövlət quruculuğunda və ölkənin idarə olunmasında rolunu artırmaq və işini səmərəli təşkil etmək üçün vaxtaşırı onların əsasnamə və nizamnamələrində, eləcə də strukturlarında müvafiq dəyişikliklər edildi, vəzifələri və funksiyaları dəqiqləşdirildi.

Bu mənada Azərbaycanda dövlət qulluğu sahəsində aparılan islahatların ən mühüm komponentlərindən biri Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 2000-ci il iyulun 21-də “Dövlət qulluğu haqqında” Qanunun qəbul edilməsi oldu. Həmin qanunla Azərbaycanda dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyuldu. Bu sahədə kadr siyasətinin əsas prinsipləri, dövlət qulluqçularının cəmiyyətdəki yeri, onların hüquq və vəzifələri müəyyənləşdirildi.

“Dövlət qulluğu haqqında” Qanun qəbul edildikdən sonra yeni çağırışlara uyğun olaraq 200-ə yaxın dəyişikliklə çox mükəmməl bir hüquqi akt yaradıldı.  Ölkədə idarəçiliyin təşkilində mühüm rol oynayan bu aktlarla dövlət qulluqçularının etik davranış qaydaları, icbari sığortası, pensiya təminatı və digər məsələlər tənzimlənir.

Zamanın çağırışıyla hazırlanan yeni Yol Xəritəsi

Dövlətin idarəçiliyində və dövlət quruculuğunda kadr məsələsinə böyük əhəmiyyət verən Azərbaycan Prezidenti İlham Əliyev sonrakı illərdə 2 mindən çox fərman və sərəncam imzalayıb. İdarəetmə sahəsində aparılan islahatlar nəticəsində idarəetmə strukturunun təkmilləşdirilərək çevik mexanizmin yaradılması xüsusi diqqət yetirilən vacib məsələlərdən biridir. Son dövrdə bir çox dövlət qurumlarının statusu yenilənərək onlara publik hüquqi şəxs statusu verilib, bununla da onların həm hüquqları genişləndirilib, həm məsuliyyəti artırılıb, həm də müvafiq sahələrin idarə edilməsində daha fəal iştirakı təmin edilib.

Qeyd edək ki, dövlət qulluğu sahəsində də islahatlar düşünülmüş surətdə və müəyyənləşdirilmiş proqramlara uyğun aparılır. Bu baxımdan Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 23 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”ya uyğun olaraq 2019-cu ildə müəyyən edilmiş bir sıra tədbirləri, o cümlədən bu Strategiyanın icrası üzrə Fəaliyyət Planını qeyd etmək lazımdır.

Bu plan əsasında müvafiq dövlət qurumları tərəfindən dövlət orqanlarının kateqoriya və iyerarxiyasının müəyyən edilməsi, bu orqanların struktur bölmələrinin növləri və yaradılması qaydası, dövlət qulluğu vəzifələrinin növləri, təsnifatları və vəzifə adları, rəhbər vəzifəli şəxslər üçün insan resurslarının idarə edilməsi üzrə təlim modullarının və proqramlarının hazırlanması, kadr qurumlarının işçilərin sayına mütənasib olaraq təşkili, bu qurumların nümunəvi əsasnaməsinin hazırlanması, dövlət qulluqçularının peşəkar inkişafı və təhsili, onların məlumat bazalarının və reyestrinin yaradılması, dövlət qulluqçularına bərabər tutulan publik hüquqi şəxslərin əməkdaşlarının, statusunun müəyyən edilməsi və digər məsələlər öz həllini tapır və tapacaq. Müvafiq sənəddə bu sahədə hər bir dövlət qurumunun vəzifələri konkret müəyyənləşdirilərək lazımi tapşırıqlar verilib.

Dövlət qulluqçularının sosial müdafiəsinin təşkili

Dövlət qulluğu sahəsində aparılan islahatlar dövlət qulluqçularının məsuliyyətini gündən-günə artırmaqla yanaşı, onların hüquqlarının və vəzifələrinin müəyyənləşdirilməsi, bu sahədə olan boşluqların aradan qaldırılması üçün də müntəzəm iş aparılır. Bu cəhətdən “Daimi dövlət qulluğuna qəbul edilən şəxslə bağlanılan əmək müqaviləsinin nümunəsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 16 may tarixli Fərmanını qeyd etmək lazımdır. Bu sənəd dövlət qulluqçularının hüquqlarının qorunmasında və məsuliyyətinin artırılmasında mühüm rol oynayayır.

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun qəbulundan ötən dövr ərzində dövlət qulluğu sahəsində geniş qanunvericilik bazası yaradılıb, həyata keçirilən islahatlar nəticəsində Azərbaycanda müasir dövlət qulluğu sistemi formalaşıb, dövlət qulluqçularının peşəkarlığının artırılması və sosial müdafiəsinin gücləndirilməsi məqsədilə zəruri addımlar atılıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü il yanvarın 1-nə ölkədə dövlət qulluqçularının sayı 27,1 min nəfər olub ki, onların da 29,4 faizini qadınlar təşkil edir. Dövlət qulluqçularının 7,1 faizi dövlət orqanlarında inzibati vəzifələrin ali - 3-cü təsnifatları, 3,5 faizi 4-cü təsnifatı, 11,3 faizi 5-ci təsnifatı, 8,3 faizi 6-cı təsnifatı, 47,1 faizi 7-ci təsnifatı, 22,7 faizi isə dövlət qulluğunun yardımçı vəzifələri üzrə işləyib.

Dövlət qulluqçularının 7,9 faizi 1 ilədək, 24,1 faizi 1 ildən 5 ilədək, 22,9 faizi 5 ildən 10 ilədək, 18,4 faizi 10 ildən 15 ilədək, 26,7 faizi isə 15 il və daha çox qulluq stajına malikdir.

Dövlət qulluqçularının 2,8 faizini 25 yaşadək, 14,4 faizini 25-29 yaşda, 17,3 faizini 30-34 yaşda, 15,7 faizini 35-39 yaşda, 12,0 faizini 40-44 yaşda, 9,1 faizini 45-49 yaşda, 7,7 faizini 50-54 yaşda, 9,3 faizini 55-59 yaşda, 10,0 faizini 60-64 yaşda, 1,7 faizini 65 və yuxarı yaşda olan şəxslər təşkil edir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, son 15 ildə dövlət qulluqçularının əmək haqqı orta hesabla 4 dəfə artıb. Eyni zamanda, dövlət qulluqçularının sosial müdafiəsi də son illərdə xeyli gücləndirilib.

Sonda qeyd edək ki, dövlət xidmətinin demokratik, hüquqi və dünyəvi dövlətin yaradılmasındakı rolu və BMT Baş Məclisi tərəfindən iyunun 23-nün Birləşmiş Millətlər Təşkilatının Dövlət Qulluğu Günü elan edilməsi nəzərə alınaraq bu tarixin Azərbaycanda Dövlət Qulluqçularının Peşə Bayramı Günü elan edilməsi qərara alınıb. Dövlət qulluqçularının peşə bayramı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis edilib

Surxay Atakişiyev, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
50
bizim.media

10Mənbələr