AZ

"Virtual aləmdə sosiallaşdıqca biz real həyatda asosiallaşırıq" - MÜNASİBƏT BİLDİRİLDİ

"Həyatımızın müxtəlif sahələrini əhatə edən bir çox proseslər Azərbaycan cəmiyyətinə bir qədər gec gəlir". Bu sözləri SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.

O bildirib ki, gec gəlsə də, çox maraqlı nüansları, çox maraqlı tərəfləri ilə inkişaf etməyə başlayır: "Bu, həm müsbət proseslərə, həm də mənfi tərəflərə gedir. İstər ictimai-siyasi, istər iqtisadi-mədəni, istərsə də, sosial və məişət səviyyəsində bu proseslərin Azərbaycan cəmiyyətində oturuşduğunun şahidi oluruq. Bunlardan biri də vaxtilə xalqımızı digər xalqlardan fərqləndirən qonaq və qonağa münasibətdir. Azərbaycan xalqının ən gözəl ənənələrindən biri də qonaqpərvərliyi, qonaqlarla bağlı mərasim, ziyafətlər və tarixən kəndlərdə hər axşam bir-birinin evinə gedib kollektiv şəkildə qonaqlıq mərasimini təşkil etmək, sosiallaşmaq, eyni zamanda insanların bir-birinə təmasını təşkil etmək, münasibətlər qurmaq, gələcək nəsillər arasında ailə bağlarını yaratmaq və sair kimi ənənələrin möhkəm olması idi. Təəssüflər olsun ki, son vaxtlar bu ənənələr arxa plana keçib. Üstəlik də qonaq mədəniyyətinin digər tərəfləri də var idi. Bizim evlərimizdə ən gözəl otaqlar təmiz saxlanılırdı ki, hər an qonaq gələ bilər. Yaxud, biz də qonaq gedəndə ən yaxşı paltarlarımızı geyinirdik, ən yaxşı şirniyyatı hazırlayırdıq. Qonaq qəbul edən zaman ən yaxşı yeməklər hazırlanırdı. Çay, şirniyyatlar hazırlayır, nənələrimiz sandıqdan çərəzləri çıxarıb qonaqların qarşısına qoyurdular. Təəssüf olsun ki, bunlar artıq arxa plana keçib. Bunların özü belə bir az mədəni biznesə çevrilib.

Xidmət sahələrinin bir çox istiqamətləri məhz qonaqlıq və ziyafət, misafirlərin qəbul edilməsi ilə bağlıdır. Restoran, kafe, çayxana, otel və əyləncə mərkəzlərində məhz bir yerdə gələn bir neçə ailəni qarşılamaq keçmişdə olan qonaqlıq mərasiminin kommersiyalaşdırılmış variantının şahidi oluruq. Son illər çox qəribə bir proses də gedir. Bu da sosiallaşmanın virtual variantıdır. Biz virtual olaraq bir-birimizi demək olar ki, hər gün görürük. Amma real həyatda qonaq getməyə ya tənbəllik edirik, ya da sadəcə imkan olmadığına görə keçmişdəki qonaqlıq mərasiminə daha əhəmiyyət vermirik. Həm də əvvəllər qohum-əqrəba çox idi. İstər-istəməz qız verib-alanda da yeni qohumlar da əvvəlkilərə qarışırdı. Hərəsinin evinə bir gün gedəndə ay ərzində bir dairəni bütövləşdirirdi. Ay ərzində bir qohumun evinə qonaqlığa gedəndə ayın bütün günləri qonaqlıqda olurduq. Amma indi elə deyil. 1-2 uşaq var, onlar da özləri evlənir, qudalar arasında soyuqluq var. Müharibə toydan sonrakı borclara görə başlayır. Eyni zamanda 50%-dən çox boşanma var, onlar da avtomatik düşmənə çevrilir. Çünki Azərbaycanda boşanma mədəniyyəti yoxdur. Buna görə də virtual aləmdə sosiallaşdıqca biz real həyatda asosiallaşırıq. Bu, çox qəribə bir tendensiyadır. Bunu hələ ki, tədqiqatçılar müəyyənləşdirə bilməyiblər".

"Bəlkə də, qonaqlığa getmək, sosiallaşmağa olan aclığı biz virtual aləmdəki ünsiyyət və münasibət, yazışmalarla, zənglərlə, bayramlaşma ilə əvəz etmək istəyirik. Bəlkə də, əksinədir. Eyni zamanda insanlar bir-birindən uzaqlaşdıqca cəmiyyətdə soyuqluq nümayiş etdirirlər. İnsanların bir-birindən uzaqlaşmasının şahidi oluruq. Bu da cəmiyyətin bir millət kimi formalaşmasına çox mənfi təsir edir. Bəli, biz böyük xalq, böyük millətik. Qarabağı 44 günlük Vətən müharibəsi ilə azad etdik. Amma eyni zamanda biz bir-birimizə qarşı nə qədər tolerantıq, nə qədər çox istəyirik, nə qədər mental dəyərlərimizi davam etdiririk? Bu sual qonaqlıq, qonaq gedib-gəlmək məsələsinə də aiddir. İnsanları dindirsən, hər kəs darıxdığını, qonaq qəbul etdiyini deyir. Lakin reallıq başqadır. Bizim əvvəlki kimi iki, ya da birotaqlı evdə 10 nəfəri qəbul etmək imkanımız yoxdur. Qəbul edən zaman da həm evdəki xanımlara problem yaradır, həm də bu, iqtisadi cəhətdən sərfəli deyil. Ondansa, kofe, restoran, çayxanalar, əyləncə mərkəzlərində öz qonaqlarını dəvət etmək və yüngülvari istirahətini xoş keçirmək daha düzgündür. Məsələn, Kanadada kiminsə evinə qonaq gedəndə ancaq çay içə bilərsiniz, amma yeməyi, yaxud gecələməyi mütləq oteldə etməlisiniz. Onlarda etiket qaydasıdır. Oteldə ev sahibinin hesabına sizə yer tutulur. Azərbaycana bu qayda hələ şamil edilməyib. Yaxın vaxtlarda bu da oturuşacaq.

Qonaqlı-qaralı evlərin sayının getdikcə azalması bizim mental dəyərlərimizin zəifləməsinə və toplum olaraq bir-birimizə qarşı sevgi və hörmətimizin azalmasına aparıb çıxarır. Keçmişdə məhsul bayramları, müxtəlif tədbir, iclaslar olurdu. Orada bir-birimizi görürdük. İndi onlar da zəifləyib. İstər-istəməz belə bir sual yaranır ki, nə vaxta qədər bir-birimizi real sevməyəcəyik, amma virtual olaraq sanki hamı bir-birinin ürəyidir" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
15
sia.az

8Mənbələr