AZ

FutbolAvropa Liqası: "Zirə"nin 21 dəfə ölkə çempionu olan rəqibi - "Qarabağ"la bacara bilməyən "Şerif" - TANITMA

"Zirə"nin UEFA Avropa Liqasının I təsnifat mərhələsində rəqibi olan Moldovanın "Şerif" klubu 1997-ci ildə qurulub.

"Far.Az"un məlumatına görə, komanda ilk olaraq "Tiras Tiraspol" adı ilə fəaliyyət göstərib.

Klub bir ildən sonra "Şerif" adlanıb və qısa zamanda ölkə futbolunda özünü təsdiqləyə bilib. "Sarı-qaralar" 21 dəfə Moldova Superliqasının, 12 dəfə ölkə kubokunun, 7 dəfə Superkubokun qalibi olub. "Şerif" 2003, 2009-cu illərdə "Birlik Kuboku"na sahib çıxıb. "Sarı-qaralar"ın ilk baş məşqçisi azərbaycanlı Əhməd Ələskərov olub. Komanda 2015-ci ildə vəfat edən mütəxəssisin rəhbərliyi altında 1997/1998 mövsümündə A Divizionunun qalibi kimi elitaya vəsiqə qazanıb.

Moldova klubunun hazırkı baş məşqçi ukraynalı Yuri Qura, prezidenti isə Viktor Quşandır. Komanda ev oyunlarını 12,746 azarkeş tutumuna malik "Şerif Arena"da keçirir. Tiraspol təmsilçisi 2023/2024 mövsümünü ikinci pillədə başa vurub və Avropa Liqasında iştirak hüququ əldə edib.

"Sarı-qaralar"ın heyəti əsasən legionerlərdən ibarətdir. Komandada Nigeriya, Braziliya, İngiltərə, Yunanıstan, Kamerun, Kolumbiya, Fil Dişi Sahili və başqa ölkələrdən oyunçular yer alıb.

Moldova klubu daha əvvəl avrokuboklarda üç dəfə "Qarabağ"a rəqib olub.

2017/2018 mövsümündə Ağdam təmsilçisi UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində iki matçın nəticəsinə əsasən Tiraspol təmsilçisini üstələyib - 0:0, 2:1.

"Köhlən atlar" 2018/2019 mövsümündə Avropa Liqasının pley-off mərhələsində səfərdə 0:1 hesabı ilə uduzsa da, Bakıda məğlubiyyətin əvəzini çıxıb - 3:0.

Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv son olaraq 2020/2021 mövsümündə Çempionlar Liqasının II təsnifat mərhələsində "Şerif"ə qalib gəlib - 2:1. Həmin vaxt cütün taleyi koronavirus pandemiyasına görə bir oyunda həll olunub.

Qeyd edək ki, "Zirə" ilk matçı iyulun 11-də səfərdə, cavab görüşünü isə 18-də evdə keçirəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
2
far.az

10Mənbələr