AZ

“Elnur bəzi insanları bağışlamadı, ondan sonra başa düşdüm ki, həyat etibarsızdır” - Elnur Əşrəfoğlunun xanımı- FOTOLAR+ÖZƏL

“Elnur ad günlərini çox sevirdi. Bu günü çox böyük həvəslə gözləyirdi. Sonuncu 47 yaşını da yaxın qohumların ətrafında qeyd etdik. Hətta sonuncu ad günündən çəkdiyi video da var. Elnur ad günlərini restoranda qeyd etməyi sevmirdi, xoşlayırdı ki, evdə keçirsin. Ailə üzvlərinə, yaxınlarına çox bağlı idi”
 
Bunu Moderator.az-a açıqlamasında mərhum idman jurnalisti, televiziya aparıcısı Elnur Əşrəfoğlunun həyat yoldaşı İlahə Şükürova deyib. O daha sonra əlavə edib.
 
“Onun verilişlərini hər zaman qürurla izləyirdik. Hər dəfə öz rəyimizi bildirirdik. Hər verilişdən sonra bizdən soruşurdu ki, efir necə idi? Onun üçün bizim fikrimiz çox önəmli idi. Ailəsinə bağlı biri idi. Çox ağır iş rejimində çalışırdı. Həftələrlə evə gəlmirdi, xaricdə olurdu. Buna baxmayaraq ailə ilə işi balansda saxlaya bilirdi. Bazar gününü o hökmən ailəsinə və övladlarına həsr edirdi” deyə o bildirib.
 
İlahə xanım bildirib ki, Elnur Əşrəfoğlunu dostları daim xatırlayır.
 
“Elnur küsəyən biri idi, amma kin saxlayan insan deyildi. Bir sıra insanlar var idi ki, onları bağışlamamışdı. Ondan sonra bir daha başa düşdüm ki, həyat çox etibarsızdır. Dostu İman Məcidov onun haqda “90 dəqiqəlik oyunun 47-ci dəqiqəsi” adlı bir film çəkdi. Bu film yaralarımıza məlhəm oldu. İzləyənlər də bilir. Bu filmin ilk təqdimatında elə bir insan olmadı ki, ağlamasın” deyə o bildirib.
 
İlahə Şükürova Elnurla son danışığını belə xatırlayıb.
 
“Elnurun ölüm xəbərini eşidəndə oğlum Mətin anamgildə idi, qızım Zöhrə isə bizimlə idi. Heç bir şeyi izah edə bilmirəm. Çox arzuları yarımçıq qaldı. Övladları ilə, işləri ilə bağlı.. Deyirdi ki, Zöhrə böyüsün belə edərik, nəvələrimizlə filan şeyi edərik. Hamısını arzulayırdı. Reanimasiyaya düşməzdən bir gün öncə soruşdum ki, sənin üçün nə hazırlayıb göndərim?! Dedi ki, sənin plovundan istəyirəm, hazırla göndər. Mən də göndərmişdim. Aparata qoşulmuşdu. Mənə yazdı ki, narahat olma yedim. Daha sonra yazdı ki, məni reanimasiyaya aparırlar. Dedim ki, bilirəm, get sənin qanını təmizləyəcəklər, hər şey yaxşı olacaq. Sonuncu dəfə vatsap statusuna səmadan Məkkənin görünüşünü yerləşdirmişdi. Mən ixtisasca həkiməm. Dəfələrlə oturub fikirləşirəm ki, kaş həkim olmazdım. Mən Elnur üçün heç nə edə bilmədim. Onun acısını heç bir şeylə müqayisə edə bilmirəm” deyə Elnur Əşrəfoğlunun həyat yoldaşı İlahə Şükürova deyib.
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
50
moderator.az

10Mənbələr