AZ

Qeyri-neft qaz sənayesinə investisiya həcmi niyə azalıb? - SABİQ MALİYYƏ NAZİRİ AÇIQLADI 

"Statistika komitəsi 2024-cü ilin yanvar-may ayları üzrə statistik hesabatı dərc etmişdi. Məni ən çox maraqlandıran əsas kapitala investisiyalardı. Çox təəssüf ki, yenə də son 10 ildə davam edən meyl 5 ayda da davam edib. Qeyri-neft qaz sənayesinə investisiya həcmi keçən ilin müvafiq dövrü ilə nisbətdə 79,1 % təşkil edib. Yəni hələ bir 20% də azalıb. Hazırda Azərbaycanda istehsal olunan qeyri-neft sənaye məhsulunun həcmi keçən əsrin 70-ci illərində Heydər Əliyevin yaratdığı üç elmi istehsalat birliyinin sənaye məhsulu istehsalından xeyli azdır. Qeyri-neft sənayesinin inkişafına ayrılan vəsaitin 21% azalması 2,5 milyard manatlıq büdcə profisiti (gəlirlərin xərclərdən artıqlığı) şəraitində baş verib. Bu da bir analoqu olmayan paradoks…".
 
 Moderator.az xəbər verir ki, bu sözləri sabiq maliyyə naziri, professor Saleh Məmmədov bildirib.
 
"Əsas kapitala Investisiyalar iqtisadiyyatın onurğa sütunudur. Pul qoyulmadan zavod, fabrik, yeni obyekt qurmaq mümkün deyil. Azərbaycan iqtisadiyyatı 10 ildir ki, bu səbəbdən "prostoy" yazır, ÜDM-un həcminə və onun adambaşına düşən məbləğinə görə bəlkə bu il, yəni 10 il sonra 2014-cü ilin səviyyəsinə qayıdıb çata bilək. Belə bir durğunluğun başlıca səbəbi investisiya çatışmazlığıdır. 
 
Əsas kapitala investisiyaların həcmi 2014-cü ildə 20 milyard dollar təşkil etmişdirsə, 2023-cü ildə cəmi 12 milyard dollar olmuşdur, azalma səviyyəsi -60%. Belə investisiya ilə iqtisadiyyatı inkişaf etdirmək, artım əldə etmək mümkündürmü? Dünyanın ən sabit artımlı ölkələrinin hamısında əsas kapitala qoyulan investisiyaların payı çox yüksəkdir. Məsələn, Çində heç vaxt bu faiz 42%-dən aşağı olmamışdır. 13%-lik investisiya ilə heç bir ölkə yüksək artım əldə edə bilməmişdir. 
 
Bu cədvəli Dünya bankının məlumat bazasından götürülmüşdür. Əsas kapitala investisiya qoyuluşunun Ümumi daxili məhsulda payına görə Azərbaycan dünya ölkələri arasında ən sonuncu yerlərdən birini tutur, hətta Əfqanıstandan da geri qalır. Həm də mənim təhlil etdiyim Azərbaycan tarixi ərəfəsində (1960-2024) ən aşağı göstəricidir. Heydər Əliyevin rəhbərlik etdiyi Sovet dövründə bu rəqəm 50%-ə qaldırılmışdır. Cəbhə hakimiyyəti dövründə bu göstərici 40%-ə çatdırılmışdır. 2024-cü ilin son 5 ayı ərzində də ciddi dəyişikliklər olmamış, bu rəqəm 13,8 % ətrafında müşahidə olunmuşdur. 
 
Səbəb kimi abstrakt olaraq müharibə, resusrs azlığı, başqa faktorlar göstərilə bilərdi. Amma bunların heç biri yoxdur. Azərbaycanın prezidenti bu problemlərin hamısını həll etdi. Müharibə qurtardı, hətta yeni yeni investisiya mənbəələri üzə çıxarıldı, fabrik-zavod, kənd təsərrüfatı obyektləri, münbit torpaqlar, meyvə bağları ölkənin sərvətlərinə qaytarıldı.  Azərbaycan prezidenti 70 milyard dollarlıq beynəlxalq rezervlər yaratdı, belə səviyyədə (nisbi) resurs mənbəyinə Azərbaycandan irəlidə yalnız dünyanın ən inkişaf etmiş ölkələri, İsveçrə, Norveç, Sinqapur sahibdir (ÜDM qədər maliyyə rezervləri olan). Azərbaycan investisiya resurslarının həcminə görə (nisbi) ən inkişaf etmiş ölkələr  siyahasında yer alır, amma istifadəyə görə ən geridə qalmış Afrika ölkələri sırasında..., hətta Cibuti, Tanzaniya, Qambiya kimi ölkələrdən də geri qalır. 
Nədir səbəbi, nəyə görə bu qədər zəngin bir ölkədə kəskin investisiya qıtlığı yaransın, kəskin işsizlık,  inflyasiya? Bir nəfər, bir elmi tədqiqat institutu, tədqiqat mərkəzi, universitet, araşdırma mərkəzi təhlil etmədimi, belə paradoks necə yarana bilər və ya tarix boyu haradasa rastlaşıldımı... Yox təbii ki, dünya iqtisadiyyat tarixində belə bir hal hələ ki, rastlalaşmayıb, 13%-lik investisiya ilə 5-6%-lik işsislik əldə edən ikinci bir ölkə raslanmamışdır. İnvestisiyaların həcmi ilə işsizlik korelyasiyası asılılıq elmi araşdırmaları hamısı bunu inkar edir. Əsas kapitala investisiyalar birbaşa yeni işçi yerlərinin yaradılmasına gedir. Əsas kapitala investisiya qoyuluşunun üç amili var: 
-İşçi qüvvəsinin təbii artımı, hələ ki tam düşmə yoxdur, artım var, deməli müsbət faktordur, əsas kapitala investisiyaların həcmini artırmalıdır. İşçi qüvvəsinin artımı yeni iş yerləri tələb edir. 
- Faktiki olaraq ölkədə böyük işsizlər ordusu var, bunları işlə təmin etmək üçün yeni işçi yerləri yaradılması zəruridir. Təqribi hesablamalar göstərir ki, ölkədə real işsizlik 25-30%-ə çatır. Bu rəqəmi statistikanın elan etdiyi 5-6%-ə endirmək üçün, yəni bunlar üçün yeni yüksək texnoloji  işçi yerlərinin yaradılması üçün ən azı 100 milyard dollar tələb olunur. 
- Elmi-texnoloji inkişaf nəticəsində əmək məhsuldarlığının artırılması ilə əlaqədar olaraq  azad olunan işçi qüvvəsini yeni iş yerləri ilə təmin etmək üçün böyük miqdarda kapitala ehtiyac var. Hesablamalara görə süni intellectin tətbiqi iş yerlərini 60% ixtisar edəcək. Bu amil daha çox kapital tələb edir, nəinki, birinci iki amil. Investisiyaların maliyyələşdirilməsi üzrə bank, maliyyə bazarları, maliyyə vasitəçiliyi mexanizmi qərb ölkələrinin tətbiq etdiyi orta əsrlər səviyyəsindədi. Bank aktivləri, pensiya aktivləri, sığorta aktivləri faktiki olaraq investisiya bazarında görünmür. Dünyada əsas kapitala investisiyalar 60-70% kreditlər hesabına maliyyələşdirilir, Azərbaycanda isə 4-5%-ə çatmır. İnvestisiyaların əsas yükü büdcənin üzərinə düşür, yəni büdcədən maliyyələşir. Dövlətin xərclədiyi hər  manat özəl sektorun xərclədiyi pulların yarısı qədər səmərə vermir.
 Ölkənin sərəncamında olan 200 milyardlıq manat potensial kredit resurslarından cəmi 23 milyard manatı ictimai dövriyyəyə cəlb olunmuşdur. Maliyyə aktivlərinin ÜDM-də payı dünya ölkələri üzrə ortalama 470% təşkil edir, Azərbaycanda  isə 40%-I keçmir. 
Ölkədə vəziyyəti nəzərə alaraq ciddi islahatlara, yeni sənayeləşdirmə proqramının hazırlanmasına, maliyyə mexanizminin və yeni süni intellektlə çalışan bank sisteminin qurulmasına, pensiya və sığorta aktivlərinin hərəkərə gətirilməsinə böyük ehtiyac vardır. Pul və investisiya bolluğunun formalaşması, elmi-texnoloji investiriyaların, süni intellekt kimi qeyri-neft sektorunun ciddi artımına nail olunması olduqca zəruridir".
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
50
moderator.az

10Mənbələr