AZ

Avropanın imtina etdiklərindən biz niyə əl çəkmirik? – MARAQLI SƏBƏBLƏR

Atalar deyib ki, “ucuz şorbanın dadı olmaz”. Amma nədənsə atalarımızın dediklərini eşitməzlikdən gəlirik. Hər yerdə gözümüz ucuz mal və xidmət axtarırıq. Tapanda isə başlayırıq ucuz mal və xidmətin keyfiyyətsizliyindən şikayətlənməyə. Məsələn, 2-3 manata taksi ilə mənzil başına tələsəndə də komfort, “od qiyməti”nə olan mal ətindən “hazırlanmış” 4-5 manatlıq sosiskanı alanda da keyfiyyət tələb edirik. Hələ bu harasıdır…

Ən son model avtomobil minirik. İstehsalçı şirkətlər tələb edir ki, avro-5 avtomobillərinə ancaq premium və Aİ-95 benzinlərindən istifadə edin. Amma biz gedib Aİ-92-dən istifadə edirik. Sonra da deyirik ki, “maşın yaxşı işləmir”. Halbuki, mindiyimiz alman, yapon və hətta çin istehsalı olan avtomobillərinin “menyu”sunda daha Aİ-92 yoxdur.  Beləcə, “yorğanımıza görə ayağımızı uzatmaq” əvəzinə özümüzü yox, qarşı tərəfi günahlandırırıq. Bəzənsə bir qədər də qabağa gedib deyirik ki,

“Əcnəbilər seyrə balonla çıxır,

Biz avtomobil minməyiriz”

Amma düşünmürük ki, keyfiyyətli qida, keyfiyyətli xidmət üçün daha çox pul xərcləmək lazımdır.

Daha bir acınacaq fakt.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi mütəmadi olaraq məlumat yayır ki, atmosfer havasının keyfiyyəti günbəgün pisləşir. Hazırda gün ərzində keyfiyyət göstəricilərindən dispers toz hissəcikləri 1.5, dəm qazı 1.3, azot-4 oksid 1.1, Sumqayıt şəhərində dispers toz hissəcikləri 1.3 dəfə, bəzi saatlarda isə dəm qazının miqdarı 1.5-1.7 dəfə normadan yüksəkdir.

Amma soruşan yoxdur ki, vəziyyət niyə bu qədər acınacaqlıdır? Axı çirkli hava birbaşa ağ ciyər xərcənginin törədicisidir… Hazırda nə Bakıda, nə də Sumqayıtda əvvəlki kimi zavodlar yoxdur. Demək olar ki, Bakı sənayesiz şəhərə çevrilib. Şəhər üzərinə baxanda bir dənə də olsun tüstü buraxan zavod durbini görmürük. Di gəl ki, havamız zəhər saçır. Səbəbsə çox sadədir. Bakıda olan avtomobillərin 80 faizi 15 ildən artıq istismar edilən maşınlardır. Məhz bu avtomobillər hesabına havamız dəhşətli dərəcədə çirklənir. Bu gün istismar edilən avtomobillər arasında 40-45 ilin texnikaları var. Hansı ki, həmin avtomobillər öz istismar müddətini on illər əvvəl başa vurub. Bununla belə pul töküb, xərc çəkib həmin avtomobilləri bəlkə də 4-5 dəfə “yığdırmışıq”. Doğrudur, həmin avtomobillər “ayağımızı yerdən götürür”. Lakin yanacaq sistemi normal işləmədiyi üçün havaya sadəcə tüstü yox, zəhər buraxır.

Dizel mühərrikli avtomobillərə olan sonzuz sevgimizsə başqa bir söhbətin mövzusudur. Dünya dizel mühərrikli avtomobillərdən imtina edir. Bizsə bu avtomobillərin həcmini artırırıq. Diqqət edək:

2021-ci ildə Azərbaycana 21,4 min, 2022-ci ildə 21,8, 2023-cü ildə isə 32,1 min dizel mühərrikli avtomobil idxal olunub. Göründüyü kimi dizel mühərrikli avtomobillərin idxalı ilbəil artır.

Məhz bu dizel mühərrikli avtomobillər hesabına atmosferə hər gün minlərlə kubmetr zəhər atılır. Hələ onu demirik ki, dizel mühərrikli avtomobilə texniki qulluq, benzinlə işləyən avtomobillərlə müqayisədə xeyli çox xərc aparır. Məsələn, benzinlə işləyən avtomobilin yağı, yağ filtiri və hava filtiri 7-8 min kilometrdən bir dəyişdirilirsə, dizel mühərriki avtomobildə bu tələb 4-5 min kilometrdən birdir. Hələ dizel mühərrikli avtomobillərin səs-küyü və qış aylarında artan əzabını demirik.

Bəs, dizel mühərrikli avtomobilə bu qədər maraq haradandır?

Sualın çox sadə cavabı var. Bu da yanacağın qiymətindəki 20 faizlik fərqdir. Halbuki, bütün dünyada dizel yanacağı benzinlə eyni qiymətədir. Hətta Böyük Britaniyada, Belçikada, Albaniyada və digər Avropa ölkələrində dizel yanacağı premium benzindən bahadır. Bizdə isə dizel yanacağı premiumdan 2 dəfədən çox ucuzdur. Ona görə də dizel mühərrikli avtomobillərə maraq hədsizdir. Amma nəzərə almırıq ki, son nəticədə dizel mühərrikli avtomobillər benzinlə işləyən avtomobildən daha çox xərc aparır. Çünki, biz Həsən bəy Zərdabi demiş “ticarət elmini öyrənmirik”. Gündəlik xərc fərqini göz önünə gətirib aylıq ziyanları diqqətdən qaçırırıq. Amma dönüb baxmırıq ki, əhalinin sağlamlığı və ətraf mühitin mühafizəsi üçün dünya dizel yanacağından imtina edir. Məlumdur ki, Avropa 2035-ci ilə qədər dizel yanacağından istifadəyə son qoyacaq. Bununla parallel bəzi ölkələr, o cümlədən Almaniya artıq dizel mühərrikli avtomobillərin istehsalını dayandırıb. Bütün bunlarsa əhalinin sağlamlığı və ətraf mühitin mühafizəsi üçündür. Lakin, bizlər korporativ maraqlarımız üçün həm dövlətin, həm də millətin maraqlarını ayaqlar altına atırıq.

Bu gün Azərbaycan bəlkə də dünyada yeganə ölkədir ki, burada “avtomobil qəbiristanlığı” yoxdur. İnsanlar köhnə avtomobillərə dönə-dönə xərc çəkir, onu istismara yararlı vəziyyətə gətirməyə çalışırlar. Ən sonda isə işə yaramayan avtomobili “zapçast” kimi satırlar. Yəni əldən düşmüş heç bir avtomobil çölə atılmır. Bu fakt onu göstərir ki, ölkəmizdə utilizasiya prosesinə qoşulma könüllü olmayacaq. Yəqin ki, bu məsələdə bəzi addımların atılması zərurətə çevriləcək.

Nəzərə alaq ki, Dövlət Statistika Komitəsinin son hesabatında bildirilib ki, nəqliyyat vasitələrinin təmiri və onlara texniki xidmət üçün xərclənən məbləği 2023-cü ildə 559 milyon manata çatıb. Nəzərə alaq ki, 2022-ci ildə əhali bu məqsədlə 448 milyon manat pul xərcləmişdi.

Son bir il ərzində əhalinin nəqliyyat vasitələrinin təmirinə xərclədiyi vəsaitin həcmi 111 milyon manat artıb.

Müqayisə üçün bildirək ki, sözügedən xidmətlərlə əlaqədar əhalinin xərcləri 2021-ci ildə 378 milyon manat, 2020-ci ildə 350 milyon manat idi. Nəzərə alaq ki, elan edilən rəqəmlər ancaq rəsmi mənbələrə istinadən verilib.

Bu da o deməkdir ki, sığortadankənar təmir xərcləri də mövcuddur. Belə olan halda, təmir xərclərinin təxminən 1,5 milyard manat yaxın olduğu təxmin edilir. Halbuki, 2023-cü ildə ölkəmizə 1,5 milyard manatlıq avtomobiı idxal edilib. Yəni yeni və ikinci əl avtomobillərə çəkilən xərc istismar müddəti başa çatmış avtomobillərə xərclənən puldan artıqdır. Təkcə bu faktın özü bəzi yanaşmalarımızdakı ciddi nöqsanları ortaya qoyur. Yəni biz özümüzü avropalı hesab etsək də, təfəkkürümüz müasir avropalılardan ən azı 50 il geri qalıb.

Belə olmasa idi, Avropanın imtina etdiyi texnologiyadan və yanacaqdan dördəlli yapışmazdıq. Hazırda heç bir Avropa ölkəsində Aİ-92 benzin növündən istifadə edilmir. Hətta bəzi dövlət Aİ-95-dən belə imtina edir. Ya premium benzindən, ya da elektromobildən istifadə edir. Bizsə oturub gözləyirik ki, ölkəmizdə Aİ-95 nə zaman istehsal olunacaq.

Doğrudur, Azərbaycanda bir neçə ildir ki, karbon emissiyalarının azaldılmasında, enerji səmərəliliyinin yüksəldilməsində və nəqliyyat sənayesində innovasiyaların təşviqində elektrik mühərrikli nəqliyyat vasitələrinin rolunu nəzərə alaraq mərhələlərlə ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması istiqamətində tədbirlər görülür. Elektrik və hibrid mühərrikli avtomobillərə, eyni zamanda, onlar üçün enerji doldurucularına vergi və gömrük sahəsində güzəştlər tətbiq olunur. Bu stimullaşdırıcı tədbirlər, yeni stansiyaların qurulması və infrastrukturun yaradılması istiqamətində görülən işlər nəticəsində ölkəyə idxal olunan elektromobillərin sayı ildən-ilə artmaqdadır. Təsadüfi deyil ki, son illərdə Azərbaycana avtomobil idxalında hibrid və elektrik mühərrikli avtomobillərin sayında artım müşahidə edilib. Əgər 2021-ci ildə ölkəyə 12,9 min ədəd hibrid avtomobil idxal olunubsa, 2023-cü ildə bu göstərici 14,1 min ədəd təşkil edib. Elektromobillərin idxalında isə kəskim artım qeyd olunub. Belə ki, 2021-ci ildə elektromobillərin ölkəyə idxalı 0,2 min səviyyəsində idisə, 2023-cü ildə bu göstərici 3,1 min ədədə yüksəlib.

Bu isə onu deməyə əsas verir ki, yaxın gələcəkdə daxili yanma mühərriklərindən imtina faizinin artacağı şübhə doğurmur. Daxili yanma mühərriklərindən imtina ekoloji baxımdan sərfəli olduğu kimi, COP-29-a ev sahibliyi edəcək ölkə olaraq Azərbaycanın bu sahədə də dünyaya nümunə olması, ölkənin imici və əhalinin sayı baxımından vacibdir.

İqtisadi dayanıqlığını artıran və hər ötən gün siyasi gücünə güc qatan Azərbaycan təkcə regional güc kimi yox, həm də müasir çağırışların məkanı kimi tanınır. Bu mənada hər bir vətəndaş dövlətimizin imici, uşaqlarımızın gələcəyi üçün əlimizi daşın altına qoymalıyıq. Azərbaycanı ekoloji təmiz bir məkana çevirməliyik. Bunun üçünsə ilk növbədə müasir dünyanın imtina etdiyi köhnə avtomobillərdən imtina etməliyik. Hibrid və elektromobillərə üz tutmalıyıq. Bununla parallel hökumət də müəyyən addımlar atmalıdır. Hibrid və elektromobil avtomobillərin ölkə üzrə rahat hərəkəti üçün bütün infrastrukturlar yaradılmalıdır. Doğrudur, ölkəyə idxal olunan elektromobillər bir sıra vergilərdən azaddır. Bu da insanları motivasiya edir. Lakin elektromobillərin kifayət qədər baha olması əhalinin çox hissəsini prosesdən kənarda saxlayır. Ona görə də müvafiq addımlar atılmalı, elektomobillərin əlçatanlığı üçün layihələr həyata keçirilməlidir. Bununla paralel yanacaq sektorunun yenilənməsinə diqqət artırılmalıdır. Ucuz və aşağı keyfiyyətli dizel yanacağı gündəmə gətirilməlidir. İlk növbədə dizel yanacağının keyfiyyəti qaldırılmalı, daha sonra isə benzinin qiyməti ilə olan dizbalans aradan qaldırılmalıdır.

Eyniz zamanda, ətraf mühitin sağlamlaşdırılması və ekoloji balansın bərpası üçün Aİ-92-nin istehalına və qiymətinə yenidən baxılmalıdır. Çalışmalıyıq ki, hər sahədə Avropanın bir parçası olduğumuz kimi yanacaq və avtomobil sektorunda da Avropa ilə ayaqlaşaq. Təbii ki, buna nail olsaq, bundan hər birimiz qazanclı çıxacaq. Çünki, ekoloji təmiz mühitdə yaşamaq və işləmək həm xoşdur, həm də sərfəli.

Natiq Səlim,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
50
konkret.az

10Mənbələr