AZ

Məğlubiyyəti qələbə “kağızı”na bükmək istəyən Paşinyan – Limondan limonad düzəldə biləcəkmi?

Xəstəliyin səbəbini qoyub nəticələri ilə mübarizə aparmağa təbabətdə simptomatik müalicə deyirlər. Aydındır ki, belə “müalicə”nin yalnız müvəqqəti faydası olur. Az sonra simptomlar təzədən baş qaldıracaq.

İndi bu “erməni xəstəliyi” də. Hiss olunur ki, Nikol Paşinyan ilk erməni rəhbəri kimi öz xalqının köklü “müalicəsi”nə girişmək istəyir. Onu bu mərəzin əsas “törədicisi”ndən – “miatsum virusu”ndan qurtarmağa çalışır. Ancaq xəstəliyin xroniki xarakteri və xeyli “dərinə” işləməsi üzündən sağalma ləng gedir. O da əgər gedirsə...

Sözsüz ki, baş “həkim” Paşinyan üçün çox çətin olacaq. İkiqat çətin. Çünki “xəstə” sağalmağa bir elə həvəsli deyil. “Dərmanlar”ı çox vaxt yaxına buraxmır. Hətta “pasiyent” çox vaxt özünü “xəstə” saymır, xəstə olduğuna inanmır. Ermənistan və onun cəmiyyəti üçün ən təhlükəlisi də budur.

Bir dəfə yazmışıq, ermənilərin ölkə konstitusiyasında qonşu ölkələrə qarşı ərazi iddialarını yer aldığı preambula hissəsinə referendumda verəcəyi reaksiya onların bölgədə sülh-barışıq içində yaşamaq (oxu: sağalmaq) istəyib-istəmədiklərinə xeyli dərəcədə aydınlıq gətirəcək. Yəni test məsələsi.

Bunu yəqin ki, hamıdan yaxşı elə Nikol Paşinyan dərk edir. O səbəbə “mifik Ermənistan”dansa 29.7 min kv km-lik real Ermənistan qurmağa səy edir. Onu da yaxşı bilir ki, referendum fiasko olarsa, yəni əksəriyyət yenə “xəyali Ermənistan”a “hə” deyərsə, bu, öncəliklə onun hakimiyyəti üçün “ölüm hökmü” anlamına gələcək. Radikal müxalifətin çörəyi üzərinə “yağ” sürtüləcək, revanşistlərin hakimiyyətə qayıdışı asanlaşacaq.

Sonrası təxminən bəlli: sülh danışıqlarının dayanması, erməni separatçılarının Ermənistanda, erməni lobbisinin dünyada ayaqlanması, yeni müharibə...

Sadalanan səbəblərdən Nikol referendum üçün optimal zaman seçmək, soydaşlarını ona maksimum hazırlamaq zorundadır. Alınacaqmı? Söyləmək çətindir. Bundan ötrü hər şeydən öncə onun özünün fiziki varlığının təmin edilməsi ilkin şərtdir. Əlavə olaraq, baş nazir və komandası ölkəni qarışdırmaq gücündə olan bəzi xarici mərkəzlərin məkrli planlarını pozmağa qadir olmalıdır.

Bu yerdə müqayisə qüsurlu olsa da, yada salaq ki, 1999-cu il oktyabrın 27-də Ermənistan parlamenti gülləbaran ediləndə də Bakı və İrəvan sülh anlaşmasına xeyli yaxın idi. “Şər deməsən, xeyir gəlməz”. Yaxud “hər şər işdə bir xeyir başlanğıcı var”. Əlbəttə, “xeyir başlanğıcı”nı axtaranlar üçün. Bir də deyirlər, əlində limondan başqa heç nə olmayan optimist limondan limonad düzəldər...

Hiss olunur ki, Paşinyan “şər işdəki xeyir başlanğıcı”nı görür, görmək istəyir, “limondan limonda düzəltməyə” çalışır. Hər halda az öncə 44 günlük müharibədəki məğlubiyyəti o, Ermənistan üçün fürsət adlandırıb. “Məğlubiyyəti qələbəyə çevirmək” üçün, yəni real Ermənistan qurmaq üçün toplumdan anlaşma və dəstək istəyib.

“Mübarizə vaxtı keçdi, yaşamaq vaxtıdır. Mən mümkün olan və olmayan hər şeyi etdim. Biz keçdiyimiz yoldan nəticə çıxarmalıyıq. Başqalarının ermənilərdən başqalarına qarşı istifadəsinə imkan verməməliyik. Mənim dəstəyinizə ehtiyacım var. Əgər səhv etdiyimi bilsəydim, bunu edə bilməzdim. Mən düzgün yoldayam və bunu sizlər üçün edirəm”.

Bu sözləri bu gün Nikol Paşinyan Sünikdə (Qərbi Zəngəzur – red.) sakinlərlə görüşdə söyləyib.

Ermənistanın, erməni xalqının yeganə xilas yolu da elə bu: başa gələnlərdən düzgün nəticə çıxarıb da xarici güclərin əlində maşa olmaqdan imtina eləmək, qonşularla “sıfır problem”.

Tarixdən dərs götürməyənlər onu təzədən yaşayır. Görəsən erməni toplumunun yaşadığı bunca fəlakət, ağrı-acı ona bəs eləmədi, dərs olmadımı? Paşinyanın təbirincə desək, normal, adam kimi yaşamaq zamanı çatmadımı?..

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
12
musavat.com

10Mənbələr