AZ

Azərbaycan-Türkiyə qardaşlığını dünyaya bəyan edən sənəd

Şuşa Bəyannaməsi müttəfiqlik münasibətlərinin geostrateji əhəmiyyətini artırır

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanan Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu. Şuşa Bəyannaməsi müttəfiqlik münasibətlərinin geostrateji əhəmiyyətini artırmaqla yanaşı Azərbaycan-Türkiyə əlaqələrinin bütün müstəvilərdə davamlı inkişafını təmin edib. YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova qeyd edib ki, Azərbaycanla Türkiyə arasındakı müttəfiqlik münasibətlərinin bütün əməkdaşlıq sahələrini əhatə edir: "İki qardaş ölkə siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələrdən daha sıx əməkdaşlıq qura bilib. Eyni zamanda Şuşa Bəyannaməsi əhatəli sülhə və inteqrasiyaya yol açır, bölgədə inteqrasiya proseslərini stimullaşdırır. Həmçinin Bəyannamə ilə əraziyə yeni sərmayə qoyuluşu prosesini təşviq edilir. Regionun artan investisiya potensialı yeni iqtisadi münasibətlərin formalaşmasına səbəb olacaq. Beləliklə, Şuşa və Şuşa ətrafının gözəl turizm imkanları açılacaq. Bütün bunlarla yanaşı Bəyannamə ölkəmizin beynəlxalq nüfuzunu artırır. Burada nəzərdə tutulan hərbi əməkdaşlıq, regional əhəmiyyət daşıyan iqtisadi layihələr və bütün digər müstəviləri əhatə edən təşəbbüslər ölkənin beynəlxalq nüfuzunu daha da gücləndirir. Ölkələr arasında münasibətlərin gələcəyini müəyyən etməklə yanaşı əlaqələri ən yüksək səviyyəyə qaldırır. Bu xüsusda Bəyannamənin icrası keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır". Millət vəkili hesab edir ki, Şuşa Bəyannaməsində xalqlarımızın böyük liderləri Mustafa Kamal Atatürk və ulu öndər Heydər Əliyevin kəlamları öz əksini tapıb: "XX əsrin əvvəllərində Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" deyimi, XX əsrin sonlarında Ulu Öndər Heydər Əliyev "Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir" şüarı ilə bütövləşib. Məhz bu kontekstdə Vətən müharibəsində olduğu kimi, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması prosesində də Azərbaycanla Türkiyə arasında sıx əməkdaşlıq mövcuddur. Bütün sahələrdə olduğu kimi Zəngəzur dəhlizi böyük geosiyasi və iqtisadi əhəmiyyət kəsb edir. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaq. Türkiyə ilə Azərbaycanı dəmiryolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi artıq reallığa çevrilir. Bu mənada Zəngəzur geosiyasi əhəmiyyətə malik olan nəqliyyat layihəsi hesab olunur. Sözsüz ki, Şuşa Bəyannaməsində əksini tapan və iqtisadi inkişafa təkan verəcək məsələlərdən biri də ölkələrin qarşılıqlı surətdə investisiya qoyuluşlarını həyata keçirməsindən, habelə bu sahədə strateji məqsədlərin olmasından ibarətdir. Qarşılıqlı investisiya qoyuluşları ölkələrin iqtisadiyyatının sürətli inkişaf etməsinə, zəruri sahələrin genişləndirilməsinə, strateji sahələrin daha da təkmilləşdirilməsinə şərait yaradır, inteqrasiyanı dərinləşdirməyə xidmət edir. Müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərinin də Bəyannamədə əks olunması tarixi nailiyyətdir. Ölkələrimiz bundan sonra da bir-birinin təhlükəsizliyini təmin edəcək. Müdafiə sənayesi sahəsində əlaqələrin inkişafı ölkələrin hərbi qüdrətini artıracaq. İkinci Qarabağ müharibəsində pilotsuz uçuş aparatları böyük rol oynayıb. Azərbaycan bu prosesdə istehsal mərkəzi kimi inkişaf edəcək. İki qardaş ölkə həm də iki dövlətin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsi, müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyinin möhkəmləndirilməsinə yönələn tədbirlərin həyata keçirəcəkdir". Deputat bildirib ki, Şuşa Bəyannaməsi imzalanarkən Azərbaycan Prezidenti İlham Əliyev bu siyasi aktın tarixi əhəmiyyətini xüsusi ilə qeyd edib: "Cənab Prezident vurğulayıb ki, "Tarixi Qars müqaviləsi düz yüz il əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir. Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur. Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan, dünya üçün önəmi göstərilir. Hər bir məsələ çox böyük önəm daşıyır". Təbii ki, bu Bəyannamə həmçinin Ermənistandakı revanşist qüvvələrə mühüm ismarışdır. Şuşa Bəyannaməsi ilə Türkiyə açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünün pozulması, dövlət sərhədlərinə təhdid kimi halların baş verməsi halında, ordu ilə ölkəmizin yanında yer alacağını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır. Bu tarixi sənədlə iki qardaş ölkənin milli gücü, dünyada söz və nüfuz sahibi kimi mövqeyi daha da möhkəmlənir. Sənədin ortaya qoyduğu mühüm məsələlərdən biri də xaricdə yaşayan türk və Azərbaycan icmaları arasında informasiya mübadiləsini artırmaq və diplomatik səyləri birləşdirməkdir. Beynəlxalq aləmdə daha səmərəli fəaliyyət göstərmək istiqamətində media platforması və diaspor sferasında birgə, qarşılıqlı əlaqələrin genişləndirilməsinə zərurət yaranıb". Sevinc Hüseynova bildirib ki, 15 iyun 2022-ci il tarixində Şuşa Bəyannaməsinin birinci ildönümü münasibətilə Şuşa şəhərində "Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir" mövzusunda beynəlxalq konfrans keçirilib: "Konfransda dövlət rəsmiləri ilə yanaşı Azərbaycanda fəaliyyət göstərən 40-a yaxın siyasi partiyanın rəhbərləri də iştirak edib. Tədbir çərçivəsində Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin konfrans iştirakçılarına müraciəti oxunub. Bütün bunlar onu deməyə əsas verir ki, tarixi Şuşa Bəyannaməsi və ondan irəli gələn digər amillər Azərbaycan-Türkiyə qardaşlığını yeni bir müstəviyə yüksəldib".
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Cavid Osmanov bildirib ki, Azərbaycan və Türkiyə dost, qardaş ölkələr, xalqlarımız da eyni soy-kökə mənsub qardaş xalqlardır. Ölkələrimiz, xalqlarımız hər zaman - istər yaxşı gün olsun, istərsə də çətin günlərdə bir-birinin yanında olublar. İkinci Qarabağ müharibəsi zamanı da bütün dünya bu birliyin, həmrəyliyin şahidi oldu. Müharibənin ilk saatlarından Türkiyə Prezidenti Azərbaycana birmənalı, dəqiq və açıq dəstək ifadə etdi və bildirdi ki, Azərbaycan tək deyil. Türkiyənin bu mesajı müdaxilə etmək fikrində olan bütün qüvvə və dairələrin qarşısını aldı: "Vətən müharibəsində qazandığımız möhtəşəm Zəfər yeni reallıqlar yaratdı və qardaş Türkiyə ilə münasibətlər də yeni bir mərhələyə qədəm qoydu. Bu yeni mərhələnin əsasını isə 2021-ci il iyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Şuşada imzalanan Bəyannamə təşkil edir. Şuşa Bəyannaməsi iki ölkə arasında müttəfiqlik münasibətlərini rəsmiləşdirən bir sənəd oldu və bu, ölkələrimiz arasındakı tarixi münasibətlərə əsaslanır. Bəyannamədə xalqlarımızın böyük liderləri Mustafa Kamal Atatürk və Ulu Öndər Heydər Əliyevin kəlamları öz əksini tapıb. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir ki, "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir". XX əsrin sonlarında isə Ulu Öndər Heydər Əliyev demişdir ki, "Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir". Şuşa Bəyannaməsini ölkələrimiz və xalqlarımız arasındakı qardaşlığın yeni tarixi mərhələsi də adlandırmaq mümkündür. Həmçinin, Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesajdır. Şuşa Bəyannaməsi müttəfiqliyin geostrateji əhəmiyyətini artırır. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafını təmin edəcəkdir. Ölkələrimiz arasındakı müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir.
Bəyannamə ölkələrimiz arasında münasibətlərin gələcəyini müəyyən edir və iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırır. Bəyannamənin icrası keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır. Hər bir sahədə olduğu kimi azad olunmuş ərazilərin yenidən qurulması prosesində də Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlıq mövcuddur. Şuşa Bəyannaməsi əraziyə yeni sərmayə qoyuluşu prosesini stimullaşdıracaqdır. Regionun artan investisiya potensialı yeni iqtisadi münasibətlərin formalaşmasına səbəb olacaqdır. Şuşa və Şuşa ətrafının gözəl turizm imkanları açılacaqdır. Bütün bunlardan əlavə, ölkəmizin Zəngəzur dəhlizi böyük geosiyasi və iqtisadi əhəmiyyətə malikdir. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaqdır. Türkiyə ilə Azərbaycanı dəmiryolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi reallığa çevrilir. Zəngəzur geosiyasi əhəmiyyətə malik olan nəqliyyat layihəsidir. Bir sözlə, Şuşa Bəyannaməsi bölgədə inteqrasiya proseslərini stimullaşdırmaqla bərabər əhatəli sülhə də yol açır".
Onun sözlərinə görə, ölkələrimiz arasında müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərinin Bəyannamədə əks olunması tarixi nailiyyətdir: "Türkiyə və Azərbaycan bundan sonra da bir-birinin təhlükəsizliyini təmin edəcəklər. Müdafiə sənayesi sahəsində əlaqələrin inkişafı ölkələrin hərbi qüdrətini artıracaqdır. İkinci Qarabağ müharibəsində pilotsuz uçuş aparatları böyük rol oynayıblar. Azərbaycan bu prosesdə istehsal mərkəzi kimi inkişaf edəcəkdir. Ümumiyyətlə, iki ölkə arasında artıran hərbi əməkdaşlıq Şuşa Bəyannaməsinin strateji əhəmiyyətində özünü əks etdirir. Şuşa Bəyannaməsi Azərbaycanın siyasi, diplomatik və iqtisadi uğurudur. Bəyannamədə nəzərdə tutulan hərbi əməkdaşlıq, regional əhəmiyyət daşıyan iqtisadi layihələr və bütün digər müstəviləri əhatə edən təşəbbüslər ölkəmizin beynəlxalq nüfuzunun artmasını şərtləndirir".

Alim Hüseynli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
7
olaylar.az

10Mənbələr