AZ

Şuşa Bəyannaməsi -Azərbaycan Türkiyə qardaşılığının zirvəsi kimi

Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesajdır. Azərbaycan Prezidenti Cənab İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanan Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu.

Müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərinin Bəyannamədə əks olunması tarixi nailiyyətdir.

Ölkələr bundan sonra da bir-birinin təhlükəsizliyini təmin edəcək. Müdafiə sənayesi sahəsində əlaqələrin inkişafı ölkələrin hərbi qüdrətini artıracaqdır. İkinci Qarabağ müharibəsində pilotsuz uçuş aparatları böyük rol oynayıblar. Azərbaycan bu prosesdə istehsal mərkəzi kimi inkişaf edəcəkdir. İki qardaş ölkə həm də iki dövlətin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsi, müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyinin möhkəmləndirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığı və bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsinin təşviq olunması ilə bağlı da razılığa gəlmişdir.

Şuşa Bəyannaməsi imzalanarkən Azərbaycan Prezidenti İlham Əliyev bu siyasi aktın tarixi əhəmiyyətini vurğulayaraq deyib: “Tarixi Qars müqaviləsi düz yüz il əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir. Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur. Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan, dünya üçün önəmi göstərilir. Hər bir məsələ çox böyük önəm daşıyır”. Bəyannamə Ermənistandakı revanşist qüvvələrə mühüm ismarışdır. Şuşa Bəyannaməsi ilə Türkiyə açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünün pozulması, dövlət sərhədlərinə təhdid kimi halların baş verməsi halında, ordu ilə ölkəmizin yanında yer alacağını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır.

Bəyannamədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən əməkdaşlığın dərinləşməsinə, regional inteqrasiyaya və təhlükəsizliyə xidmət edir, eyni zamanda, Azərbaycanın və Türkiyənin milli gücünün artmasını, dünyada söz və nüfuz sahibi kimi mövqeyinin daha da möhkəmlənməsini şərtləndirir.

Sənədin ortaya qoyduğu mühüm məsələlərdən biri də xaricdə yaşayan türk və Azərbaycan icmaları arasında informasiya mübadiləsini artırmaq və diplomatik səyləri birləşdirməkdir. Beynəlxalq aləmdə daha səmərəli fəaliyyət göstərmək istiqamətində media platforması və diaspor sferasında birgə, qarşılıqlı əlaqələrin genişləndirilməsinə zərurət yaranıb. Məhz bu istiqamətdə gələcəkdə genişmiqyaslı işlər aparılması üçün vacib olan aşağıdakı məsələlər bəyannamədə öz əksini tapıb: hər iki ölkənin diasporları arasında ikitərəfli əməkdaşlığın bütün parametrlər üzrə inkişaf etdirilməsi, birgə media platforması əsasında ölkələrin aidiyyəti qurumları arasında informasiya, kommunikasiya, həmçinin diplomatiya istiqamətində ikitərəfli əlaqələrin genişləndirilməsi, strateji məsələlər üzrə birgə qərarların qəbul edilməsi və icra edilməsi, qarşılıqlı maraq doğuran bütün məsələlər üzrə həmrəyliyin təmin edilməsi.

Altun Şeydayev,
YAP Ağsu rayon təşkilatının sədr müavini

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
12
redaktor.az

10Mənbələr