AZ

RUSİYA ÜÇÜN GETDİKCƏ DAHA ÇƏTİN OLUR – Yeni sanksiyalar Rusiya üçün nə deməkdir?

Şahin Cəfərli, siyasi təhlilçi
G-7 Ukraynaya 50 milyard dollar kredit verəcək, lakin krediti Kiyev yox, Moskva qaytaracaq.

Rusiyanın dondurulmuş vəsaitlərindən əldə olunan gəlirlər kreditin ödənişinə yönəldiləcək. Sonda 300 milyard dollarlıq vəsaitin təzminat qismində Ukraynaya veriləcəyi çox yüksək ehtimaldır.

Dünən və bu gün ABŞ və Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiya qərarlarını da açıqladılar. Moskva Birjası Qrupuna qarşı tətbiq olunan sanksiyanı ən ciddi məhdudlaşdırıcı tədbir kimi qeyd etmək mümkündür. Birja bu gündən (13 iyun) etibarən dollar və avro (eləcə də Honkonq dolları) ilə ticarəti dayandırmağa məcbur oldu. Bundan sonra həmin valyutaların məzənnəsi birja xaricindəki platformalarda, o cümlədən “qara bazar”da formalaşacaq. Bunun Rusiya iqtisadiyyatına mümkün təsirləri barədə birmənalı fikirlər söyləmək çətindir.

Hər hansı kollapsın yaranmayacağını söyləmək olar, ən azı ona görə ki, bu, gecikmiş sanksiyadır və Rusiya Mərkəzi Bankı ötən müddətdə ehtimal olunan risklərə qarşı müəyyən hazırlıqlar görüb. Lakin mənfi təsirlər qaçılmazdır və rusiyalı ekspertlər ehtiyatla da olsa, bu barədə danışırlar. Onlar bildirirlər ki, ilk növbədə dollar və avro ilə hesablaşmalarda problem yaranacağı üçün idxal-ixrac əməliyyatlarında çətinliklər müşahidə olunacaq. Bu əngəlləri aşmaq üçün qeyri-leqal sxemlərin və mexanizmərin işlənib hazırlanacağına şübhə yoxdur, lakin bu, kölgə iqtisadiyyatının həcmini böyüdəcək, korrupsiyanın miqyasını da o cümlədən. İdxal defisiti baş verərsə, ölkə içərisində böyük rubl kütləsi yığılıb qalmış olacaq, bu isə inflyasiyaya təkan verə bilər. Qərbin qərarlarından sonra Çin yuanı Moskva birjasında dominant xarici valyutaya çevrildi. Bunun Rusiya üçün arzuolunmaz tərəfi odur ki, Çindən asılılıq artır. Yuanın məzənnəsi dollar və avrodan fərqli olaraq, inzibati yolla müəyyənləşir, bu isə onu deməyə əsas verir ki, Rusiya iqtisadiyyatı bundan sonra Çin hökumətinin qərarlarına daha həssas olacaq. Başqa vacib qərar odur ki, Rusiyanın sanksiyalardan yayınmasına yardım edən böyük beynəlxalq şəbəkəyə – Çin, BƏƏ, Belarus, Qırğızıstan, Qazaxıstan, Türkiyə, Serbiya, CAR, Sinqapur və digər ölkələrdən olan 300-dən çox hüquqi şəxsə qarşı sanksiya tətbiq olunub. Nəticədə bu gün qırğız bankları və Çin banklarının Rusiyadakı törəmələri bu ölkə ilə hesablaşmaları və köçürmələri dayandırıblar.

Bundan başqa, Rusiyaya texnoloji məhsullar, xüsusən hərbi sənayedə istifadə olunan mikrosxemlər tədarük edən 41 Çin (o cümlədən Honkonq) şirkəti sanksiya altına düşüb.

Məhdudlaşdırıcı tədbirlərə məruz qalan digər strateji sektor isə Rusiyanın LNG (sıxılmış maye qaz) sənayesidir. ABŞ Avropa təbii qaz bazarından kənarlaşmış Rusiyanı Avropa LNG bazarından da sıxışdırmağa çalışır.

Bütün bunlardan hansı qənaətlər hasil olur?

Əvvəla, sanksiya potensialının tükənmədiyini görürük, halbuki bir çoxlarında belə təsəvvür var idi ki, artıq Qərb Rusiyaya qarşı edə biləcəyi hər şeyi edib, bunların heç bir təsiri olmadı və olmayacaq (İranla bağlı da bu cür yanlış təsəvvür var.). Belə deyil. Qərb bilavasitə müharibə meydanındakı vəziyyətə təsir edən siyasətini necə aparırsa, sanksiya siyasətini də elə aparır: mərhələ-mərhələ və prosesin nəzarətdən çıxmasına səbəb olacaq addımlara getmədən. Moskva birjasına qarşı sanksiya üçün 2 il 3 ay gözlənilməsi bunu göstərir (Bu siyasət təəssüf ki, Ukrayna üçün baha başa gəlir.). Əlbəttə ki, Rusiyanın sülhə hazır olmaması və Ukraynaya qarşı əvvəlkindən daha genişmiqyaslı hücum əməliyyatları həyata keçirməsi də iqtisadi müharibə xarakterli yeni sanksiyaların qəbulunda mühüm rol oynayır.

Digər tərəfdən, daha əvvəl tətbiq olunan sanksiyaların ciddi effekt vermədiyi ortada idi, Rusiya bu sanksiyalardan yayınmaqda ona kömək edən kifayət qədər beynəlxalq tərəfdaş taparaq lazımi illeqal sxemlər yarada bilmişdi. ABŞ bunu görür və göz yumurdu. Bəlkə də səbrlə izləyib-gözləyirdi ki, bütün bu sistem formalaşıb başa çatsın, kimlərin kimlərlə bərabər olduğu ortaya çıxsın ki, sonda bir zərbə ilə onları pərən-pərən salmaq mümkün olsun. İstənilən halda, artıq sanksiya rejiminə əməl olunması üçün ciddi nəzarətin qurulmasına başlandığını söyləyə bilərik. Rusiya şübhəsiz ki, bu vəziyyətdən də çıxmağa çalışacaq, müvafiq yollar da axtarıb tapacaq. Amma hər şey Rusiya üçün getdikcə daha çətin olur və olacaq.

Səudiyyə Ərəbistanı 2026-2027-cı illərdə neft hasilatını artıracağını açıqlayıb. Əgər ABŞ vəliəhd şahzadəni bu prosesi önə çəkməyə (heç olmasa, 2025-dən etibarən) razı sala bilsə, neftin qiymətində ciddi ucuzlaşma baş verə bilər. Rusiya üçün ən ağır zərbə məhz bu olardı. Avropa bazarını itirdiyi üçün müharibədən əvvəlki illə müqayisədə hasilatı 30% aşağı düşən və 2023-cü ili böyük zərərlə başa vurmuş “Qazprom” hazırda ciddi böhran keçirir. Əgər neft gəlirləri də önəmli ölçüdə azalarsa və bu tendensiya davamlı xarakter alarsa, Rusiyanın işğalçı müharibəni davam etdirməsi xeyli çətinləşəcək, hətta mümkün olmayacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
27
moderator.az

10Mənbələr