AZ

"Patriot" Ukrayna üçün nə deməkdir və Rusiyanı nə gözləyir? - Hərbi ekspert

"Patriot"ların alınması fonunda Ukrayna ərazisi daha etibarlı şəkildə qorunacaq”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov ABŞ prezidenti Co Baydenin daha bir "Patriot" sistemini Ukraynaya göndərməyi təsdiqləməsini şərh edərkən deyib.

"Son günlər Ukraynaya verilən silahlar müharibənin gedişində artıq müəyyən nəticələrə gətirib çıxarıb. Bu addımlar Rusiya ordusunun Vovçansk istiqamətində uğursuzluğuna səbəb olub. Rusiya bu  müstəvidə daha ciddi itkilərə məruz qalır. "Patriot"ların alınması isə Ukrayna ərazisinin etibarlı müdafiə olunması deməkdir. Belədə, müharibənin yay aylarında şiddətlənəcəyi birmənalıdır”, deyə Üzeyir Cəfərov bildirib.
 


Ekspert qeyd edib ki, hazırda tərəflərdən heç biri müharibənin dayanması barədə düşünmür:

"Bunun da obyektiv və subyektiv səbəbləri var. Ukrayna Rusiya ordusunun ərazisindən çıxmasını istəyir. Moskva isə bununla  razılaşmayacağını bildirir. Subyektiv səbəblər isə odur ki, Rusiya geri çəkilsə, özünü istər-istəməz məğlub olmuş durumda hiss edəcək. Qərb Rusiyanın zəifləməsi, gücdən salınması, onun məğlubiyyəti etiraf etməsi üçün əlindən gələni edir və edəcək. Bunun necə və nə qədər alınacağını yaxın həftələrdə görə bilərik. Bir vaxtlar Rusiya ordusunun tanınmış siması, Dövlət Dumasının üzvü general Şamanov fikir bildirib ki, hazırkı rus ordusu partizan dəstəsini xatırladır. Onlar yalnız müəyyən yerlərdə müəyyən uğurlara nail olur ki, bu da son zamanlar qeyri-real görünür".

Qeyd edək ki, ABŞ prezidenti Co Bayden daha bir "Patriot" sisteminin Ukraynaya göndərilməsini təsdiqləyib. Bu barədə "The New York Times" yüksək səviyyəli administrasiya və hərbi rəsmilərə istinadən yazır.
 
Xatırladaq ki, "Patriot" ABŞ-ın Ukraynaya təhvil verdiyi ən bahalı silahdır və ümumilikdə təxminən 1,1 milyard dollara başa gəlir: sistem üçün 400 milyon dollar, raketlər üçün isə 690 milyon dollar. Daha iki ölkə, Almaniya və Niderland da Ukraynaya "Patriot" sistemləri verməkdə fəallıq nümayiş etdirir. 
 
"Patriot" ABŞ ordusu və bir neçə başqa müttəfiq ölkə tərəfindən istifadə olunan əsas zenit-raket kompleksidir. Bu hava hücumundan müdafiə sistemi ABŞ-ın əsas müdafiə sənayesi şirkətlərindən biri olan "Raytheon" tərəfindən istehsal olunur. "Patriot" sisteminin əsas vəzifələrindən biri kimi anti-ballistik raket funksiyası da əlavə olunub. Bu HHM kompleksinin ən azı 2040-cı ilə qədər silahlanmada qalacağı gözlənilir. 

"Patriot" kompleksi inkişaf etdirilmiş raket və yüksək göstəricilərə malik radar sistemi ilə təchiz olunub. Bu sistem ABŞ ordusunun silahlanmasına daxil edildikdən sonra Niderland, Almaniya, Yaponiya, İsrail, Səudiyyə Ərəbistanı, Küveyt, Tayvan, Yunanıstan, İspaniya, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və Rumıniyaya satılıb. 2006-cı ildə Şimali Koreyanın Yapon dənizi yaxınlığında ballistik raket sınağı və yeraltı nüvə testi həyata keçirməsindən sonra Cənubi Koreya da Almaniyadan ikinci əl "Patriot" sistemi satın almağa qərar verib. Polşa da ABŞ-a məxsus bir divizion "Patriot" zenit-raket kompleksinə ev sahibliyi edir.

Rüfət Sultan
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
28
qaynarinfo.az

10Mənbələr