AZ

Qərbin sülh “demarşı”...

İsveçrə konfransı effektiv olacaqmı?

Bu həftəsonu İsveçrədə keçirilməsi nəzərdə tutulan “Qlobal sülh sammiti” iki ildən artıqdır ki, dünyanın əsas diqqət mərkəzində olan Rusiya-Ukrayna məsələsinə həsr ediləcək. Tədbir ilk baxışdan sülhə və təhlükəsizliyə hədəflənən kimi görünsə də, əslində, ortada mühüm çatışmazlıqlar mövcuddur. Xüsusilə, ortada olan Qərb nəzarəti və ya Qərb “təşəbbüskarlığı” bu konfransın birtərəfli mahiyyətindən xəbər verir. Başqa sözlə, dialoq əvəzinə daha çox “Qərbin monoloqu”na şahid olacaq bu konfransın bölgəyə sülh gətirəcəyinə inam yox səviyyəsindədir.

Xatırladaq ki, konfransın keçirilməsi ilə bağlı təklif ötən ilin sonu, bu ilin əvvəlində Ukrayna prezidenti Volodimir Zelenski tərəfindən səsləndirilmişdi. İsveçrə Konfederasiyasının prezidenti Viola Amherd Zelenskinin İsveçrədən yüksək səviyyəli sülh konfransı təşkilini xahiş etdiyini demişdi. Rəsmi Bern isə bu istəyə müsbət cavab vermişdi - sadəcə olaraq, effektivlik baxımından sülh prosesi ilə bağlı ilk addım sayılan konfransda bütün tərəflərin iştirakı labüd idi.

Rusiya dəvətli deyil, Səudiyyə Ərəbistanı isə imtina edir

İyunun 15-16-da İsveçrənin Bürgenstok kurortunda baş tutacaq konfransa 160-dan çox nümayəndə heyəti, o cümlədən G7, G20 və BRICS ölkələri dəvət ediliblər. Rusiya bu görüşə dəvət olunanlar arasında yoxdur. Bununla bağlı Rusiyanın Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev bildirib ki, rəsmi Moskva İsveçrənin təşəbbüsündən “üç qat fayda” alacaq. O sosial şəbəkələrdə yazdığı postda bildirib ki, birincisi, konfrans Zelenskinin qondarma sülh planının iflasına daha bir sübut olacaq. Hətta Rusiyanın keçmiş prezidenti Ukraynanın indiki prezidentinin soyadını kiçik hərflə yazmaqla kifayətlənməyib, həm də onu təhqir edib.

Medvedyevin sözlərinə görə, bu konfranı həm də ABŞ başda olmaqla kollektiv Qərbin, indiki Qərb elitasının iqtidarsızlığının sübutu olacaq. Üçüncüsü, isə eks-prezidentin fikrincə, konfrans RF ordusuna öz fəaliyyətini davam etdirməyə imkan verəcək”.

Rusiyadan başqa bir sıra ölkələr də tədbirdə iştirak etməməklə bağlı rəsmi mövqeyini açıqlayıb. Məsələn, Səudiyyə Ərəbistanı da sülh konfransına öz nümayəndələrini göndərməmək qərarına gəlib. Bu barədə Almaniya mətbuatı yazıb. Onların sözlərinə görə, Rusiya sammitdə iştirak etməyəcəyi üçün Ər-Riyad bu qərarı verib. Bundan əvvəl Səudiyyə Ərəbistanı Çinlə Ukraynadakı müharibə ilə bağlı danışıqlar aparıb. Hər iki ölkənin nümayəndələri belə qənaətə gəliblər ki, məsələnin həlli bütün tərəflərin iştirakı və müxtəlif təkliflərin ortaya qoyulması ilə müzakirə edilməlidir. Qeyd edək ki, bu qərar açıqlanmamışdan öncə, Ukrayna prezidentinin Səudiyyə Ərəbistanına rəsmi səfər etməyi planlaşdırmışdı. Lakin Ər-Riyadın mövqeyinə görə Zelenski Səudiyyə Ərəbistanına səfərini İsveçrədəki konfransdan sonraya təxirə salıb.

ABŞ gəlir, Çin “yox” deyir...

ABŞ nümayəndə heyəti isə İsveçrədə keçiriləcək Sülh Sammitində iştirak edəcək. Bu barədə “Reuters” amerikalı rəsmiyə istinadən bildirib. Agentliyin məlumatına görə, ABŞ administrasiyasının nümayəndələri iyunun 15-16-da İsveçrənin Bürgenstok şəhərində Ukrayna üzrə keçiriləcək konfransda iştirak edəcəklər. Bundan əvvəl Ukrayna prezidenti Volodimir Zelenski sammitdə Sülh Formulunun on bəndindən yalnız üçünü müzakirəyə qoyacağını bildirib. Onun sözlərinə görə, bir çox dövlətlər balanslı mövqe tutur və mürəkkəb məsələləri Rusiya tərəfinin iştirakı olmadan həll etmək istəmir. Bununla əlaqədar olaraq Ukrayna lideri fikir ayrılığına səbəb olan bəndləri çıxarmaq qərarına gəldiyini açıqlayıb.

Çin isə digər ölkələrin hökumətlərinə Ukrayna ilə bağlı İsveçrə konfransında iştirak etmək niyyətində olmadığını bildirib. “Reuters” üç mənbəyə istinadən məlumat yayıb - Pekin dəvəti rədd edib, çünki onun iştirak şərtləri yerinə yetirilməyib”, - məlumatda deyilir.

Tamam, yoxsa davam...

Məsələnin alt qatına diqqət yetirdikdə İsveçrə rəsmiləri bildirirlər ki, konfransın məqsədi gələcəkdə Rusiyanı da əhatə etmək və davamlı sülh danışıqlarının əsasını qoymaqdır. Amma indiki halda, bu formatla sülhə nail olunması faktı o qədər də inandırıcı görünmür. Ortada obyektiv və subyektiv səbəblər mövcuddur. Siyasi ekspertlərin fikrincə, bu konfransın sülhə xidmət etməyəcəyini göstərən ilkin amil həmin tədbirdə iştirak edəcək əksər dövlətlərin məhz “ittihamçı” rolunda çıxış etmək arzusundan irəli gəlir. Nəzərə alsaq ki, bu dövlətlərin mütləq əksəriyyəti son dövrlərdə Ukraynanın Rusiyaya qarşı verilən silahlardan istifadəsinə razılıq vermiş ölkələrdi?, səmimi sülh prosesinin inkişafı inandırıcı görünmür.

Digər tərəfdən, sülh çağırışlarının real fəaliyyətə transferi üçün kənar maraqlar məhz kənara qoyulmalıdır - siyasi analitiklərin düşüncəsinə görə isə İsveçrə konfransı sırf kənar maraqların təmini, gələcək “iqtisadi imkanlar torunu”, eyni zamanda, artıq bir müddətdir ki, müzakirə mövzusuna çevrilmiş Rusiyanın dondurulmuş aktivlərinin gəlirləri ilə bağlı məsələlərə “həsr olunacaq”. Beləliklə, sülh prosesinin doğulmadan ölməsi faktı ilkin mərhələdəcə reallaşa bilər...

İkili standart - Azərbaycanla bağlı konfrans niyə çağırılmadı?

Kollektiv Qərbin Ukrayna-Rusiya münaqişəsi ilə bağlı bu aktivliyi isə bir məsələni xüsusilə aktuallışdırır - bu, özünü “vasitəçi” və ya “tənzimləyici” kimi önə sürən dövlətlərin qeyri-səmimi davranışından, korporativ maraqlardan və ikili yanaşma standartından xəbər verir. Məsələn, cəmisi iki illik tarixə malik bir münaqişənin bu kimi geniş platformada və xüsusi hal kimi müzakirəsi maraqlı bir sual yaradır - görəsən, 30 ildən yuxarı davam etmiş Ermənistanın Azərbaycana təcavüzü dövründə niyə bu kimi tədbirlər reallaşmırdı? Niyə kollektiv Qərb bizim torpaqlarımız işğal altında olan zaman belə konfrans təşkil etmirdi? Halbuki, real mexanizm belə vardı - münaqişənin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun moderatorluğu ilə Minsk konfransı təşkil olunmalıydı. Hansı ki, həmin Minsk Qrupu regiona turistik səfərləri ilə işlərini bitmiş sayırdılar. Amma Qərb bu addımı atmadı və həmin dövrdəki status-kvonu qorumağa çalışdı. Amma bu “qarovulçuluq” da öz bəhrəsini vermədi - Azərbaycan  münaqişənin həllinin modelini yaratdı, hərbi siyasi vasitələrdən istifadə etməklə özünün ərazi bütövlüyünü, suverenliyini təmin etdi. Necə deyərlər, bu qədər danışmaqdansa, əməl daha effektivdir...

P.İSMAYILOV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
19
yeniazerbaycan.com

10Mənbələr