AZ

Ceyhunla bağlı paylaşım etdilər - Fotolar

Xəbər verdiyimiz kimi, 2 gün öncə itkin düşən ordumuzun hərbi qulluqçusu Ceyhun Hüseynovun nəşi bu gün səhər saatlarında elə həmin ərazidə aşkar edilərək şəxsiyyəti müəyyən edilib.

“Qafqazinfo” xəbər verir ki, təhsil aldığı Akademik Zərifə Əliyeva adına lisey Ceyhunla bağlı paylaşım edib.

“Naxçıvanda Günnüt istiqamətində naməlum şəraitdə itkin düşən liseyimizin 2016-cı il məzunu Ceyhun Hüseynovun bu gün nəşi tapılıb.

2016-cı ildə liseyimizi qızıl medalla bitirən Ceyhun həmin il 627 bal toplayaraq ADA Universitetinə qəbul olub.

O, magistratura təhsilini İsrailin paytaxtı Tel-Əvivdə alıb. Təhsilini bitirdikdən sonra Vətənə qayıdaraq hərbi xidmətə yollanıb. Xidmətin bitməsinə 20 gün qalmışdı.

Ceyhuna uca Allahdan rəhmət, ailəsinə və yaxınlarına səbr diləyirik. Ruhu şad olsun!”, - paylaşımda qeyd olunub.

***

ADA Universiteti də onunla bağlı paylaşım edib:

“Kədər hissi ilə bildiririk ki, ADA Universitetinin məzunu Ceyhun Hüseynov həyatını itirib.

627 balla ADA Universitetinin Beynəlxalq münasibətlər ixtisasına daxil olan Ceyhun orta məktəbi qızıl medalla bitirmişdi. Yaponiyada mübadilə proqramı çərçivəsində təhsil alan Ceyhun yüksək göstərici ilə məzun olub. Magistr dərəcəsini Təl-Əvivdə alan Ceyhun vətənə qayıtdıqdan sonra hərbi xidmətə yollanıb. Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində naməlum şəraitdə itkin düşmüş Ceyhunun nəşi bu gün tapılıb.

Onun yaxınlarına dərin hüznlə başsağlığı veririk.

Ceyhunun əziz xatirəsi qəlbimizdə yaşayacaq”.

Xatırladaq ki, əsgər Ceyhun Hüseynov iyunun 9-da Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində naməlum şəraitdə itkin düşüb. 




Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
4
qafqazinfo.az

5Mənbələr