AZ

Azərbaycan-Türkiyə: bölgədə sülh və təhlükəsizliyin qarantı TƏHLİL

Prezident İlham Əliyev: "Türk dünyasının mərkəzində dayanan güclü Türkiyə dövlətidir"

Yaşadığımız iyirmi birinci yüzillikdə, qloballaşma dövründə dövlətlər arasında münasibətlərin yaranması, əməkdaşlığın möhkəmlənməsi, dünya birliyinin inkişaf sahəsində məqsədlərə birgə nail olunması əsas məsələlərdən birilir. Müstəqil dövlət olan Azərbaycanın dünya dövlətləri, təşkilatları ilə əməkdaşlığı və dostluq münasibətlərinin inkişafı ölkəmizin xarici siyasət kursunda prioritet istiqamətlərdəndir. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkəmizlə dünya dövlətləri arasında münasibətlər çoxşaxəli, qarşılıqlı maraq əsasında qurulub və siyasi, iqtisadi, mədəni münasibətlər müstəvisində uğurlar əldə olunur. Qarşılıqlı etimad, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan dövlətlərarası münasibətlərdə Azərbaycan-Türkiyə əlaqələrinin xüsusi yeri, çəkisi var və bu danılmazdır. Hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq mövcud münasibətlər keyfiyyətcə yeni müstəviyə keçib. Dövlət başçılarının rəsmi səfərləri və hər bir sevinc, kədərlərinə şərik olmaları həqiqətən də bu münasibətlərin yüksək bir səviyyədə olduğuna – qardaşlıq və dostluğa söykəndiyinə əsaslanır.

QARDAŞLIQ, DOSTLUQ VƏ MÜTTƏFİQLİK MÜNASİBƏTLƏRİ

İyunun 10-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Azərbaycan Prezidenti İlham Əliyevin Ankaraya işgüzar səfəri əlaqələrin yeni bir müstəvidə inkişafının daha bir göstəricisidir. Dövlət başçılarının təkbətək görüşü çərçivəsində Azərbaycan ilə Türkiyə arasında qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini məmnunluqla vurğulayıblar. Görüşdə ölkələrimiz arasında enerji, nəqliyyat, iqtisadiyyat, ticarət əlaqələrinin genişləndirilməsi, müdafiə, hərbi sənaye və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub. Bakı-Tbilisi-Qars dəmir yolunun imkanlarının genişləndirilməsi xüsusilə qeyd edilib, Orta Dəhlizin inkişafı ilə əlaqədar iki ölkənin birgə həyata keçirdiyi fəaliyyətin önəmi vurğulanıb.

Bildiyimiz kimi, Azərbaycan və Türkiyənin təşəbbüsü ilə ölkələrimiz və bütövlükdə bölgə üçün önəmli bir sıra layihələr həyata keçirilir. Azərbaycan və Türkiyə arasında əlaqələrin belə səviyyədə inkişafı həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına təsirini göstərir. Türkiyə ilə Azərbaycan arasında siyasi, hərbi, iqtisadi, ticari, mədəni sahələrdə olan münasibətlər, həyata keçirilən tədbirlər, imzalanan müqavilələr xüsusi mərhələnin əsasını qoyub. Ölkəmizin regional iqtisadi əməkdaşlığa verdiyi böyük əhəmiyyət və trans-regional infrastruktur layihələrində fəal iştirakının nəticəsi olaraq, iki ölkə arasında beynəlxalq əhəmiyyətli bir sıra regional layihələr reallaşıb. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və s. layihələr bu baxımdan təqdirəlayiqdir. İki ölkənin təşəbbüsü ilə həyata keçirilən digər beynəlxalq əhəmiyyətli layihə TANAP Türkiyə və Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətlidir.

YENİ DÖVRÜN BAŞLANĞIC MƏRHƏLƏSİ

Şuşa Bəyannaməsinin imzalanması Azərbaycanın müstəqillik tarixinə əbədi həkk olundu və Azərbaycan-Türkiyə münasibətlərində keyfiyyətcə yeni bir dövrün başlanğıcını qoydu. Azad edilmiş Şuşa şəhərində 100 ildən sonra müttəfiqlik haqqında imzalanan Birgə Bəyannamə dövlətlərarası gələcək iş birliyinin istiqamətini göstərir. Sənəddə beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi münasibətlər, iqtisadi-ticari əlaqələr, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan və Avropa üçün önəmi göstərilməklə yanaşı, müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri öz əksini tapır.

"Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin özünəməxsus tarixi, hüquqi və siyasi əhəmiyyəti var. Şuşa Bəyannaməsi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin "Bir millət, iki dövlət" və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" prinsipləri əsasında iki dövlətin strateji münasibətlərinə yeni yanaşma sərgilədi.

STRATEJİ HƏDƏFLƏRİ MÜƏYYƏNLƏŞDİRƏN YOL XƏRİTƏSİ – ŞUŞA BƏYANNAMƏSİ

Hazırda Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində Azərbaycan və Türkiyənin birgə təşəbbüsləri təqdirəlayiqdir. Azərbaycan və Türkiyə 15 iyun 2021-ci ildə tarixi addım ataraq, bölgənin geosiyasi mənzərəsini dəyişəcək bir Sənədə imza atdılar. Bu Bəyannamə region üçün yeni tarixi gerçəklik deməkdir.

Bəyannamə iki dövlət arasında gələcək strateji hədəfləri müəyyənləşdirən yol xəritəsi kimi də xarakterizə olunur. Regional təhlükəsizliyə, sülhə, müttəfiqliyə və əməkdaşlığın inkişafına əsaslanan belə bir sənədin Azərbaycanın Milli Qurtuluş Günündə işğaldan azad edilən Şuşada imzalanması dostluğun və qardaşlığın ən yüksək səviyyədə təqdimatı idi. Bu təqdimat həm də dünyaya Azərbaycanla Türkiyənin birliyinin sarsılmaz və əbədi olduğunu göstərdi. Bəyənnamə Azərbaycanla Türkiyəni dünya miqyasında daha güclü mərkəzə, regionda söz sahibinə çevirib. Belə ki, regional təhlükəsizlik baxımından müstəsna əhəmiyyət kəsb edən sənəd bölgənin uzunmüddətli inkişaf konsepsiyasının müəyyənləşdirilməsində aparıcı rol oynayır.

"HƏR BİRİMİZƏ ƏLAVƏ GÜC VERƏN TÜRKİYƏNİN GÜCLƏNMƏSİDİR"

Görüşdə həmçinin Türk Dövlətləri Təşkilatının və qardaş ölkələrimiz arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinə də nəzər salınıb. Türkdilli dövlətlər arasında qurulan əməkdaşlıq daha da güclənmiş və yeni, daha düşünülmüş, praqmatik mərhələsinə start verilib. Qeyd edək ki, bu gün türkdilli ölkələrin siyasi fəallığı dünya siyasətinin gündəliyinin müəyyən edilməsinə getdikcə daha çox təsir göstərir. Bu gün dünya miqyasında Türkiyə siyasi, iqtisadi, hərbi gücü ilə tanınır. "Türkiyənin inkişafı, Türkiyədə sabitliyin təmin olunması bütün türk dünyası üçün önəmli şərtdir", - deyən Cənab Prezident çıxışlarının birində bildirib ki, türk dünyasının mərkəzində dayanan güclü Türkiyə dövlətidir: "Bizə, hər birimizə əlavə güc verən Türkiyənin güclənməsidir və buna görə hər birimiz əziz Qardaşıma minnətdar olmalıyıq".

"BİR-BİRİMİZƏ ARXAYIQ, BİR-BİRİMİZƏ DAYAĞIQ"

Azərbaycan Prezidenti İlham Əliyevin səfəri çərçivəsində Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşünün əhəmiyyəti bir daha qeyd olunub. Prezident Rəcəb Tayyib Ərdoğan Şuşadakı qeyri-rəsmi Zirvə görüşündə iştirak edəcəyini bildirib və COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırıb. Dövlətimizin başçısı Türkiyə Prezidentini COP29-a bir daha dəvət edib.

Xatırladaq ki, Şuşa şəhərində qeyri-rəsmi Zirvə görüşünün keçirilməsinin əsas mövzuları nəqliyyat və iqlimlə bağlı olacaqdır. Çıxışlarının birində bunun təbii olduğunu bildirən Cənab Prezident qeyd edib ki, bu gün nəqliyyat əlaqələrinin qurulması və genişləndirilməsi Türk dünyasının birləşməsi ilə sıx bağlı olan prosesdir: "Orta Dəhlizin fəaliyyətə başlaması və yükdaşımaların artırılması göz önündə olan məsələlərdir. Burada Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələr birgə fəaliyyət göstərir. Mən hesab etdim ki, indiki zəmanədə Orta Dəhlizin potensialına dünyada daha böyük ehtiyac var. Biz bu mövzu ilə bağlı, gələcək addımlarımızla bağlı geniş fikir mübadiləsi aparmalıyıq. İqlim məsələləri isə bu gün Azərbaycanın gündəliyində duran əsas vəzifələrdən biridir. Bildiyiniz kimi, Azərbaycan bu il COP29 konfransına ev sahibliyi edəcək. Bu, bizim üçün həm böyük məsuliyyətdir, həm də böyük şərəfdir. Bu qlobal tədbirə hazırlıq ərəfəsində, əlbəttə ki, qardaş ölkələrlə bu məsələləri də müzakirə etmək böyük fayda verəcəkdir".

Görüşdə regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində vurğuladığı kimi, "Biz bütün beynəlxalq təşkilatlar çərçivəsində vahid mövqedən çıxış edirik. Bir-birimizə arxayıq, bir-birimizə dayağıq. BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası və digər təşkilatlarda biz fəal işbirliyi apararaq bir-birimizin gücünü artırırıq".

Türkiyə Ermənistan-Azərbaycan münaqişəsinin həlli işində daim Azərbaycana böyük dəstək göstərib. "Bütün beynəlxalq arenalarda Türkiyə hər zaman Azərbaycanın, Azərbaycan xalqının yanındadır", - deyən Cənab Prezident Türkiyənin dünya miqyasında Azərbaycana ən böyük dəstək verən ölkə olduğunu bildirib. Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanmasına hər zaman etiraz bildirən Türkiyə 44 günlük Vətən müharibəsində də böyük fəallıq göstərdi, ölkəmizin ədalətli mövqeyini müdafiə etdi. Bu müharibə bir daha göstərdi ki, dövlətlərarası münasibətlər həqiqətən də dostluğa, qardaşlığa söykənir. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı fikirləri xatırlatmaq yerinə düşər: "İkinci Qarabağ müharibəsi zamanı Türkiyə tərəfindən göstərilən dəstək, bildiyiniz kimi, bütün Azərbaycan xalqını çox məmnun etdi. Bu, təbiidir. Çünki iki qardaş ölkə daim bir-birinin yanındadır".

Türkiyə Prezidentinin 44 günlük Vətən müharibəsi zamanı çıxışlarında səsləndirdiyi fikirlər, atdığı qətiyyətli addımlar, Azərbaycanın yanında olması bu dostluğun, qarşılıqlı münasibətlərin göstəricisidir. Çətin sınaq günlərində Azərbaycan ilə Türkiyənin möhkəm və etibarlı dostluğu özünü göstərmiş oldu. Əsl qardaşlıq münasibəti dünyaya nümunəyə çevrildi. Təbii ki, bu münasibətlər qarşılıqlıdır. Mövcud münasibətlər ölkələr arasında dinamizmi daha möhkəmləndirir, gələcək işbirliyi, əməkdaşlıq haqqında çox ciddi qərarlar qəbul edilir.

Zümrüd BAYRAMOVA

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
120
22
sesqazeti.az

10Mənbələr