AZ

Lənkəran Türk dünyasının Gənclər Paytaxtına ev sahibliyi edir VİDEO

Lənkəran, 10 iyun, İlkin Adıyev, AZƏRTAC

Türk Dövlətləri Təşkilatı (TDT) və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin birgə əməkdaşlığı ilə həyata keçirilən “Lənkəran - Türk dünyasının Gənclər Paytaxtı 2024” beynəlxalq proqramına start verilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ölkələrin inkişafına, qardaşlıq və dostluq əlaqələrinin möhkəmlənməsinə töhfə verən gənclərin bacarıqlarını artırmaq məqsədilə hər il TDT-yə üzv ölkələrdən bir şəhər “Gənclər Paytaxtı” seçilir və ilboyu bu şəhərdə beynəlxalq tədbirlər təşkil edilir. TDT-nin gənclər və idman nazirlərinin yeddinci iclasında 2024-cü ilin “Gənclər Paytaxtı” seçilən Lənkəran şəhəri bir sıra tədbirlərə ev sahibliyi edəcək.

Beynəlxalq proqramın açılış mərasimində dövlət rəsmiləri, Türk Dövlətləri Təşkilatının katibliyi, TDT-yə üzv ölkələrin nümayəndə heyətləri, müxtəlif qurumların, təşkilatların rəhbər nümayəndələri və 6 ölkədən 50-yə yaxın gənc iştirak edib.

Tədbirdə 2023-cü ildə “Gənclər Paytaxtı” olmuş İstanbul şəhərindən rəmzi açar 2024-cü ilin ”Gənclər Paytaxtı”na təqdim edilib, Lənkəran - Türk dünyasının “Gənclər Paytaxtı”nın loqosu təqdim olunub. Sonra qonaqlar konsert proqramını izləyiblər.

TDT-yə üzv ölkələrin bir çox yüksək səviyyəli rəhbərlərinin və gənclərinin iştirakı ilə “Gənclər Platformasının II Baş Assambleyası”, “III Gənc Sahibkarlar Forumu”, “VI Gənc Liderlər Forumu” təşkil ediləcək. Proqram çərçivəsində beynəlxalq və yerli qurum və təşkilatlarla əməkdaşlıq ediləcək, müxtəlif fəaliyyətlər, o cümlədən mədəni, təhsil, əyləncə, sosial, idman, milli dəyərlər, gənclərin liderliyi və bacarıqların artırılması mövzularında layihələr təşkil olunacaq.

İyunun 9-dan başlanmış tədbirlər 11-dək davam edəcək.

Xatırladaq ki, Lənkəran şəhəri 2023-cü il noyabrın 9-da Türk Dövlətləri Təşkilatının gənclər və idman nazirlərinin İsmayıllı rayonunun Basqal kəndində keçirilmiş yeddinci iclasında 2024-cü il üzrə Türk dünyasının ”Gənclər Paytaxtı” elan olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
11
azertag.az

10Mənbələr