AZ

Lənkəran “Türk dünyasının gənclər paytaxtı” beynəlxalq proqramına start verilib - FOTO

Türk Dövlətləri Təşkilatı (TDT) və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin birgə əməkdaşlığı ilə həyata keçirilən “Lənkəran - Türk dünyasının Gənclər Paytaxtı 2024” Beynəlxalq Proqramına start verilib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, bu gün Lənkəranda bununla bağlı tədbir keçirilib.

Qeyd olunub ki, ölkələrin inkişafına, qardaşlıq və dostluq əlaqələrinin möhkəmlənməsinə, gələcək nəsillərə ötürülməsinə töhfə verən gənclərin bacarıqlarını artırmaq məqsədilə hər il Türk Dövlətləri Təşkilatına üzv ölkələrdən bir şəhəri “Gənclər Paytaxtı” seçir və il boyu bu şəhərdə beynəlxalq tədbirlər təşkil edir. Türk Dövlətləri Təşkilatının gənclər və idman nazirlərinin yeddinci iclasında 2024-cü ilin “Gənclər Paytaxtı” seçilən Azərbaycan Respublikasının Lənkəran şəhəri Türk dünyasının Gənclər Paytaxtına ev sahibliyi edəcək.

Tədbirdə dövlət rəsmiləri, Türk Dövlətləri Təşkilatının katibliyi (TDT), TDT-yə üzv ölkələrin nümayəndə heyətləri, müxtəlif qurumların, təşkilatların rəhbər nümayəndələri və 6 ölkədən 50-ə yaxın çox gənc iştirak ediblər.

Həmçinin, tədbirdə 2023-cü il üzrə ”Gənclər Paytaxtı” olan İstanbul şəhərinin simvolik açarı 2024-cü il ”Gənclər Paytaxtı”na təqdim edilib, Lənkəran - Türk dünyasının “Gənclər Paytaxtı”nın loqosu təqdim olunub, sonra qonaqlar milli musiqi və rəqs ansamblı, məşhur müğənnilərin təqdim etdiyi konsert proqramını izləyiblər.

Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin bir çox yüksək səviyyəli rəhbərlərinin və gənclərinin iştirakı ilə “Gənclər Platformasının 2-ci baş assambleyası”, “III Gənc Sahibkarlar Forumu”, “VI Gənc Liderlər Forumu“ adlı tədbirlər təşkil ediləcək. Proqram çərçivəsində beynəlxalq və yerli qurum və təşkilatlarla əməkdaşlıq ediləcək, müxtəlif fəaliyyətlər, o cümlədən mədəni, təhsil, əyləncə, sosial, idman, milli dəyərlər, gənclərin liderliyi və bacarıqların artırılması mövzularında layihələr təşkil olunacaq.

Tədbirlər 9-11 iyun 2024-cü il tarixlərini əhatə edir.

Xatırladaq ki, Lənkəran şəhəri 9 noyabr 2023-cü il tarixində İsmayıllı rayonunun Basqal kəndində keçirilən Türk Dövlətləri Təşkilatının gənclər və idman nazirlərinin yeddinci iclasında əsasnaməyə əsasən 2024-cü il üzrə "Türk dünyasının gənclər paytaxtı” olaraq elan olunub.

Lənkəran Lənkəran Lənkəran Lənkəran Lənkəran Lənkəran
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
11
apa.az

10Mənbələr