AZ

Dr.Fərəh Vahabova: “Uşaqlara evdə hazırlanmış dondurma yeməyi tövsiyə edərdim”.

10 iyun – Beynəlxalq Dondurma Günüdür. Bu süd məhsuluna çox az adam biganə qala bilər. Dondurmanın yaranma tarixi 3 min ildən çoxdur. Və o, hələ də dünyanın ən əlçatan və populyar desertlərindən biri olaraq qalır.
Yay fəslində uşaqların və böyüklərin ən çox sevdiyi qidalardan biri də dondurmadır. Bu məşhur desert dadlıdır, ləzzətlidir və şirindir. Amma dondurma ilə bağlı çoxlu stereotiplər də var - xəstələnə bilərsən, gündəlik şirniyyat payın həddən artıq ola bilər və s...
Dondurma haqqında suallarımızı cavablandırmaq üçün Mərkəzi Gömrük Hospitalının Pediatriya şöbəsinin pediatrı Fərəh Vahabovaya müraciət etdik.
-Fərəh xanım, dondurmanın faydaları haqqında nə deyə bilərsiz?
-Uşaqlar üçün dondurma, eləcə də süd məhsulları bütün orqanizmin normal inkişafı üçün zəruri olan qida mənbəyidir. Əsl südlü yüksək keyfiyyətli dondurmanın tərkibində sağlam yağlar, zülallar və minerallar var. Düzgün metabolizmin inkişafında mühüm rol oynayan elementlərlə zəngindir: natrium, kalium və çox ehtiyac duyulan kalsium, maqnezium, fosfor və dəmir. Həmçinin, sərin desertdə bütün vitaminlər kompleksi var: A, B, C, D, E, P. Yoqurt əlavələri isə laktobasillər sayəsində disbakteriozun qarşısını alır.

Dondurmanın faydalarından biri də ondan ibarətdir ki, o, sinir sistemini sakitləşdirir.. Dondurma inqrediyentlərinin siyahısında orqanizmdə yaddaşı tənzimləyən hormon və yaxşı əhval-ruhiyyənin stimulyatoru olan serotoninin səviyyəsini tənzimləyən maddələr var. Serotonin stressin təsirini neytrallaşdırır. Ona görə də dondurma uşaqlıqdan ömürlük sevimli delikates olaraq qalır.

-Bəs hansı yaşdan uşaqlara dondurma vermək olar?
-Həkimlərin azyaşlı uşaqların nə vaxtdan dondurma yeyə biləcəyi barədə mübahisələrinə baxmayaraq, gəlin realist olaq - valideynlərdən heç biri övladına belə bir ləzzəti dadızdırmaqdan vaz keçməyəcək.
Uşaqlarınıza dondurma vermək üçün onun 3 yaşının tamamını gözləməlisiniz. Çünki 3 yaşdan kiçik uşaqlarda mədə-bağırsaq traktının bəzi funksiyaları tam formalaşmır. Uşaqların həzm sistemi südü yaxşı idarə edir, lakin dondurmada kiçik uşaqların hazır ola bilməyəcəyi digər maddələr də var. Uşaqlara minimum miqdarda şəkər və yağ olan, konservantların və boyaların oladığı dondurma vermək məqsədəuyğundur.
Ən yaxşısı isə uşaqlara evdə hazırlanmış dondurma yeməyi tövsiyə edərdim. Bunun üçün çoxlu dondurma reseptləri var. Ən yaxşısını seçin və istifadə olunan inqrediyentlərin keyfiyyətinə 100% əmin olduqda hazırlayın.
-Sağlamlığımıza zərər vermədən gündə nə qədər dondurma yeyə bilərik?
-Tərkibinə görə təbii dondurmanın sağlam məhsul olmasına baxmayaraq, ondan aşırı dərəcədə istifadə etmək düzgün deyil. Bu, çoxlu şəkər ehtiva edən şirin bir desertdir, üstəlik çox yüksək kalorilidir. Tövsiyə olunan miqdar gündə 100 q dondurmadır. Belə bir hissə artıq çəkiyə təsir etməyəcək və sağlamlığınıza zərər verməyəcəkdir. Lakin dondurmanı həftədə iki dəfədən artıq yemək məsləhət görülmür.
İsti havalarda dondurma yeməmək daha yaxşıdır, belə ki, o, orqanizmi susuzlaşdırır, siz daim su içmək istəyirsiniz. Böyüklər dondurma seçərkən yüngül variantları, məsələn, giləmeyvə və meyvələrə əsaslanan dondurmalar seçsələr, daha yaxşıdır. Laktoza dözümsüzlüyü olan insanlar bağırsaq problemlərinə səbəb ola biləcəyi üçün dondurma yeməkdən tamamilə çəkinməlidirlər.

-Ətraflı müsahibəyə görə təşəkkür edirik!
Müsahibəni apardı: Dilarə Zamanova, Mərkəzi Gömrük Hospitalının PR mütəxəssisi

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
8
sia.az

10Mənbələr