AZ

Sülh prosesinin konstitusiya dalanı

Mirzoyan əsası olmayan paralellik sayıqlaması ilə nə demək istəyir?

Ermənistanın xarici işlər nazirli  növbəti dəfə absurd açıqlama ilə çıxış edib. Belə ki, bu günlərdə Ararat Mirzoyan bildirib ki, həm Ermənistanın, həm də Azərbayca­nın konstitusiyalarında iki ölkə arasında uzunmüddətli sülhün bərqərar olma­sına maneələr törədən müddəalar var: “Amma hazırda əsas qanunda dəyişik­lik edilməsi məsələsi gündəmdə deyil. Bunu Ermənistan–Azərbaycan danışıq­larının son raunduna saxlamışıq”.

Bəri başdan qeyd edək ki, Ararat Mirzoyanın Azərbaycan və Ermənistan konstitusiyaları arasınnda paralellik aparması olduqca absurddur. Şübhəsiz, Ermənistanın bu cür eynilik yaratması beynəlxalq ictimaiyyətdə çaşqınlıq yaratmaqdan başqa bir şey deyil. Çünki Azərbaycan Konstitusiyasında və digər qanunvericilik aktlarında  qonşu dövlətlərə, o cümlədən Ermənistana, eləcə də dünyanın heç bir ölkəsinə qarşı ərazi iddiası  mövcud deyil. Bu, sadəcə Ararat Mirzoyanın uydurmasıdır. Əgər bizim qanunlarımızda belə bir nüans olsaydı, Mirzoyan onu açıq-aydın  təqdim edərdi. Azərbaycan Kons­titusiyasının preambulasında “Azərbaycan Respublikası 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Xalq Cüm­huriyyətinin varisidir” fikri yer alıb ki, burada söhbət sadəcə dövlətçilik ənənələrinin varisliyindən gedir. Görünür, Mirzoyan buradan belə qənaətə gəlib ki, guya Azərbaycan Konstitusiyasında da Ermənistana qarşı ərazi iddiaları yer alıbmış. Halbuki, o özü də yaxşı dərk edir ki, burada Azərbaycanın Ermənistana qarşı heç bir ərazi iddiası öz əksini tapmayıb. Bir məqamı da xatırlatmaq yerinə düşər: Rusiya özünü SSRİ-nin varisi elan edib. Amma bu, o demək deyil ki, Rusiyanın keçmiş SSRİ-nin tərkibində olmuş bütün ərazilərə iddiası var.

Amma bu, bir faktdır ki, 1918-ci ildə Azərbaycan torpaqları üzərində qurulan Ermənistanın konstitusiyasında, Müstəqillik Bəyannaməsində və digər qanunvericilik aktlarında qonşu dövlətlərə, o cümlədən Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları əksini tapıb. Hətta Ermənistanın Müstəqillik Bəyannaməsində  keç­miş Dağlıq Qarabağ Muxtar Vilayəti­nin Ermənistanın tərkib hissəsi olduğu göstərilir. Bu isə işğalçılıq siyasətinin, torpaq iddiasının rəsmi təsbitidir. Bu mənada demək olar ki, həqiqətən də Ermənistanın Müstəqillik Bəyannaməsi və digər qanunvericilik aktları sülhə maneədir. Çünki göründüyü kimi, sənəddə Azərbaycanın Qarabağ bölgəsinin Ermənistanla birləşdirilməsinə və ölkəmizin ərazi bütövlüyünün pozulmasına birbaşa çağırışlar var.

Bu mənada Ermənistanın əsas qanununda müəyyən dəyişikliklərə ciddi ehtiyac duyulur.  Elə bu səbəbdən rəsmi Bakı sülh danışıqları prosesində İrəvanın qarşısında qanunvericiliyə dəyi­şiklik edilməsi ilə bağlı ədalətli tələb də irəli sürüb. Daha doğrusu, indi Bakı­ Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının təkrarlanmayacağına zəmanət istəyir. Yeri gəlmişkən qeyd edək ki, hazırda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi ilə bağlı  danışıqlar davam edir.  Hətta Azərbaycanla Ermənistan arasında sülh sazişi sənədində bir çox məsələlərin razılaşdırıldığı rəsmi şəkildə bəyan olunur. Amma Ermənistanın Azərbaycana qarşı olan ərazi iddiaları hələ də sülh prosesinə mane olaraq qalmaqdadır.

Prezident İlham Əliyev çıxışlarında bu məsələyə dəfələrlə toxunub. İyunun 6-da TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə keçirilən görüşdə bu problemi bir daha gündəmə gətirən dövlətimizin başçısı bildirib ki, hazırda iki ölkə arasında sülh prosesi ilə əlaqədar bir neçə açıq məsələ qalmaqdadır. Onlardan biri Ermənistanın konstitusiyasıdır ki, orada Azərbaycana qarşı ərazi iddiaları var. Ermənistanın hazırkı konstitusiyası dəyişməz qaldığı halda Ermənistanla Azərbaycan arasında sülh sazişinin bağlanması, sadəcə, mümkün deyil: “Biz bu sualı qaldıranda mən dedim və yenə də demək istəyirəm, ona görə yox ki, biz onların daxili işlərinə qarışırıq, qətiyyən yox, amma bu, bizə aiddir. Onların bizə qarşı ərazi iddiaları olduğu bir vaxtda biz Ermənistanla sülh sazişi bağlaya bilmərik”. Elə bu kimi səbəblərdən Azərbaycan sülh sazişinin bütün bəndlərinin BMT Nizamnaməsinə və beynəlxalq hüquq normalarına uyğunlaşdırmaq niyyətindədir: “Onlar revanşizm ideyalarından tamamilə imtina etməlidirlər və biz görürük ki, belə ideyalar təkcə müxalifətdə deyil, iqtidarda da var. Bütün bu məsələlər, təbii ki, aydınlaşdırılmalı və tənzimlənməlidir”.

Yeri gəlmişkən qeyd edək ki, baş nazir Nikol Paşinyan  hazırkı  geosiyasi və regional şəraitdə Ermənistanın daha rəqabətli və həyat qabiliyyətli edəcək yeni fundamental qanuna ehtiyacı olduğunu vurğulayıb. Amma o, hələ ki,  köklü konstitusiya islahatını həyata keçirmək üçün özündə cəsarət tapmır. Paşinyan hazırda etiraz aksiyalarının səngimədiyi və erməni cəmiyyətində revanşizm duyğularının çox güclü olduğu dönəmdə konstitusiyaya dəyişikliklər edilməsi təklifi ilə çıxış etməkdən çəkinir. Xatırladaq ki, bu gün Ermənistanda keçmiş prezidentlər -Sarkisyan və Koçaryan da daxil olmaqla revanşizm hissi ilə yaşayan və hakimiyyətə can atan qüvvələr var. Həmin qüvvələr niyyətlərini açıq bəyan edirlər və hakimiyyətə gələrək yenidən müharibəyə başlamaq planları qururlar. Onlar bu məqsədlə də keşiş Baqrat Qalstanyanı irəli veriblər. Halbuki, Ermənistan heç bir halda Azərbaycana qarşı həmlələrlə uğur əldə edə bilməz, belə bir cəhd olarsa, bu, Ermənistanın sonu ola bilər.

Amma görünən odur ki, bu gün rəsmi İrəvan nə qədər özünü Bakı ilə danışıqlarda həlim göstərməyə çalışsa da destruktivliyindən əl çəkə bilmir. Ararat Mirzoyanın sayıqlamasından bəlli olur ki, Ermənistan sülh sazişi üzrə danışıq­larda Bakının hüquqi və siyasi cəhət­dən əsaslandırılmış arqumentlərinə qarşı “əks-arqument” axtarışındadır. Yəni, qaşınmayan yerdən qan çıxarmaqla məşğuldur. Rəsmi İrəvan bu üsulla bey­nəlxalq ictimaiyyətə özlərini sülh danışıqlarında eyni statusda göstər­məyə çalışır, guya oxşar problem hər iki tərəfdə var. Yəni, təcavüzkar ölkə Azərbaycanı haqq yolundan döndərmək üçün yeni bir varianta əl atıb.  Şübhəsiz,  Bakının ədalətli tələbinə Ermənistanın “ayna tutmaq” cəhdi sülh prosesini dalana dirəməyə hesablanıb. Başqa sözlə desək,  Ermənistan bununla sülh sazişinin imzalanması müddətini uzatmaq istiqamətindəki fəaliyyətinə haqq qazandırmağa çalışır. Amma bu ölkənini rəsmiləri, o cümlədən Mirzoyan unudur ki, hazırda heç bir qüvvə, heç bir qarayaxma, heç bir başqa variant rəsmi Bakını öz haqq yolundan döndərə bilməz. Bir sözlə, Azərbaycan  sülh sazişinin də bütün bəndlərini beynəlxalq hüquqa uyğun tənzimləyir və yekun razılaşdırılma istiqamətində konstruktiv mövqe nümayiş etdirməkdə davam edir.

Qvami Məhəbbətoğlu, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
16
ikisahil.az

10Mənbələr