AZ

Gözdən əlillər avtobuslardan niyə istifadə edə bilmir? – EKSPERT və AYNA-dan AÇIQLAMA

Fiziki qüsurlu şəxslərin də avtobus, metro və s. nəqliytından istifadəsini daha rahat etmək üçün xaricdə və ölkəmizdə də bir sıra addımlar atılır. Lakin müəyyən səbəblərdən əlil şəxslər, xüsusən də gözdən əlillər avtobuslardan istifadə edə bilmir, taksiylə getməyə məcbur olurlar. Burada əsas səbəblərdən biri avtobuslarda səsli xəbərdarlığın olmamasıdır. Bu funksiya köhnə avtobuslarda ümumiyyətlə yoxdur. Yeni avtobuslarda belə bir sistemin olmasına baxmayaraq, bəzi sürücülər səsi söndürür. Bu da gözdən əlil şəxslərin avtobusdan istifadəsini çətinləşdirir.

Məsələ ilə bağlı Avtosfer.az-a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, ictimai nəqliyyatda bütün istifadəçilər üçün normal şərait yaradılmalıdır: “Onlardan biri də fiziki qüsurlu vətəndaşlarla davranış məsələsidir. İlk növbədə onların avtobuslarda səsli xəbərdarlıq, ismarıc məsələsindən istifadəsi burada önə çıxır. Eyni zamanda, əlil arabalarından istifadə edən görmə məhdudiyyəti olan insanlarla bağlı müəyyən addımlar atılmalıdır. Müasir avtobuslarda bu xidmət göstərilir. Amma təəssüf olsun ki, köhnə avtobuslarda belə bir funksiya yoxdur. İlk növbədə avtobus parkımız, yenilənməlidir. Hazırda bizim avtobus parkının böyük hissəsini köhnə avtobuslar təşkil edir. Bu baxımdan da o xidmətdən yararlanmaq mümkün deyil. Hesab edirəm ki, yeni avtobuslar gətirildikcə bu məsələlər də həllini tapa bilər. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yaxın vaxtlarda Azərbaycana 160 yeni avtobusun gətirilməsi nəzərdə tutulur. Hesab edirəm ki, bu yeni avtobuslarda sözügedən funksiya işlək vəziyyətdə olacaq.”

Ekspert vurğulayıb ki, bu, çox həssas bir məsələdir: “Bu gün istismarda olan avtobuslarda belə sistem varsa və sürücülər bunu məqsədli şəkildə istifadə etmirsə, onlarla bağlı da ciddi ölçülər götürülməlidir”.

Mövzü ilə bağlı Avtosfer.az-ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, şəhər nəqliyyatında əlçatanlığın təmin olunması baxımından vacib olan məqamlardan biri də küçə yol şəbəkəsinin uyğunluğudur: “AYNA tərəfindən həyata keçirilən və keçirilməsi nəzərə tutulan tədbirlərlə əlaqədar Bakı şəhəri üzrə əlilliyi olan şəxslərin yollarda sərbəst hərəkətinin təmin edilməsi məqsədilə paytaxtın əsas işlək küçələrində görmə qabiliyyətli insanlar üçün işıqforlar səs siqnalları ilə təchiz edilib. İlk olaraq piyadaların hərəkətinin sıx olduğu və ətrafda görmə qabiliyyəti olmayan insanların daha çox yaşadığı ərazilərdə quraşdırılmaqla, hazırda bütün küçələrin kəsişmələrində yeni işıqforlarda səs siqnalları quraşdırılıb. Bununla yanaşı, hərəkət qabiliyyəti məhdud, görmə və ya eşitmə qabiliyyətini itirmiş, əlil şəxslər üçün yaşayış yerlərində əlverişli şəraitin yaradılması, sərbəst hərəkət etmələri üçün infrastrukturun, səkilərin yolun hərəkət hissəsi ilə uyğunlaşdırması məqsədilə bir sıra binaların qarşısında və yol kəsişmələrində onların rahatlığı üçün 7305 pandus quraşdırılıb. Eyni zamanda təklif edilən layihələr çərçivəsində il ərzində hərəkət məhdudiyyətli şəxslər üçün yeni pandusların quraşdırılması istiqamətində bir sıra işlər görülür. Yenidən qurulan, əsaslı təmir edilən küçə və prospektlərdə hərəkət məhdudiyyətli şəxslər üçün əlçatan mühitin yaradılması istiqamətində laiyhələr icra edilir”.

Qurumdan verilən məlumata görə, əlilliyi olan şəxslərin istifadəsi üçün pandusla təchiz edilmiş 1000-dən artıq avtobus müxtəlif marşrutlar üzrə istismar olunur: “Bu sayın artırılması və bu cür imkanları olan avtobusların istismara buraxılması istiqamətində işlər aparılır. Həmçinin 500-dən çox avtobusda dayanacaqların səsləndirilməsini həyata keçirən qurğu mövcuddur. Hazırda səsləndirmə həyata keçirilən avtobus sayının artırılması istiqamətində texniki və digər zəruri işlər görülür. Müntəzəm avtobus marşrutlarında sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı təşkil edilən müsabiqələr zamanı da sağlamlıq imkanları məhdud vətəndaşların avtobuslara rahat minib-düşmələri üçün xüsusi qurğu və avadanlıqla təchiz olunan nəqliyyat vasitələrinə üstünlük verilir”.

Məhəbbət Tərlanoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
33
avtosfer.az

10Mənbələr