AZ

Sosial şəbəkələrin görünməyən tərəfi: Ailələr belə dağılır- Mühüm açıqlama

Müasir insan gününü internetsiz təsəvvür etmir. Vaxtımızın çox hissəsini sərf etdiyimiz sosial şəbəkələr faydalı tərəfləri ilə yanaşı, bir-sıra problemləri də özü ilə gətirib. Mütəxəssislər bildirir ki, hazırkı dövrdə ailə münasibətlərinin zəifləməsində sosial şəbəkələrin də rolu az deyil. 

Bəzi ekspertlər iddia edirlər ki, sosial şəbəkələrdən düzgün istifadə etməmək nəticəsində ailələrdə boşanmalar, hətta cinayət hadisələri baş verir. Bir çox şəxs ailələrin dağılmasına səbəb kimi məhz "TikTok"u göstərir. 

Bu fikirlər nə dərəcədə doğrudur? Həqiqətənmi sosial şəbəkələr ailə institutunun dağılmasına qədər gətirib çıxara bilər? 

Məsələ ilə bağlı Yenisabah.az-a danışan fəlsəfə doktoru, sosioloq Mail Yaqub bildirib ki, sosial şəbəkələr bəzən ailədə konfliktlərin yaranmasına zəmin yaradır: 

“Təbii ki, sosial şəbəkələr insanlar üçün yeni tanışlıqlara yol açır, yeni tanışlıqlar da ailədə konfliktlərə səbəb ola bilər. Bu, konfliktlərə zəmin yaradır. Sosial şəbəkələri isə birdəfəlik bağlamaq mümkün deyil. Bəs nə edək? Sadəcə, insanlar ailəsini qorumaq istəyirsə, bunu bilməlidir ki, sosial şəbəkələrdə yeni tanışlıqlar ailəsində soyuqluğa səbəb ola bilər. Hər bir ailəli şəxs, istər qadın, istərsə də kişi bunu götür-qoy etməlidir. Əgər insan sosial şəbəkələrdən aktiv istifadə edirsə, nəzərə almalıdır ki, o, ailəlidir və müəyyən qırmızı xətləri olmalıdır. 

Ola bilər ki, şəxs sosial şəbəkə vasitəsilə yeni biri ilə tanış olsun və o insan həyat yoldaşından daha cazibəli, daha maraqlı şəxs olsun və o, aldansın. Beləcə vəziyyət boşanmaya qədər gedir”. 

Sosioloq qeyd edib ki, hər şeyi tamamilə sosial şəbəkələrin üzərinə yıxmaq da doğru deyil və ailəli şəxslər müəyyən təhlükələri nəzərə alaraq ehtiyyatlı davranmalıdırlar:

“Sosial şəbəkələrdə boşanmaq üçün zəmin var, doğrudur, amma sosial şəbəkə heç kəsin əl-qolunu bağlayıb onu məcbur boşatdırmır. İnsanın məntiqi, ağlı varsa, öz getdiyi yolu düzgün təyin etməlidir. Şəxs bilməlidir ki, müəyyən təhlükələr var və  o təhlükələri mütləq nəzərə almalıdır”. 

Əsmətxanım Rzazadə 

 


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
50
yenisabah.az

10Mənbələr