AZ

ABŞ-dan dəstək təklifi... 

Rəsmi Vaşinqton hesab edir ki, son proseslər sülh quruculuğunun gələcəyinə ümid yaradır

Cənubi Qafqaz regionunda sülh və təhlükəsizliyin təmin olunması beynəlxalq birliyin diqqət mərkəzindədir. Yeni mərhələdə bölgədə sabitlik və əməkdaşlıq mühitinin formalaşması üçün Azərbaycanla Ermənistan üçün sülh müqaviləsinin imzalanması vacibdir. Azərbaycan dövləti regionun gələcəyi naminə qarşı tərəfə beynəlxalq hüquq normalarına əsaslanan sülh sazişini imzalamağı təklif edib. Uzun müddətdir ki, tərəflər sülh sazişi layihəsini müzakirə edir. Sonuncu dəfə bununla bağlı xarici işlər nazirləri arasında görüş  10-11 may tarixlərində Qazaxıstanın Almatı şəhərində gerçəkləşib.

İki ölkə arasında münasibətlərin normallaşdırılması prosesi ilə bağlı bəzi böyük dövlətlər vasitəçilik təşəbbüsü ilə çıxış ediblər. ABŞ da belə təşəbbüslər irəli sürən dövlətlərdən biridir. Təsadüfi deyil ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin sülh sazişi layihəsinin müzakirəsi ilə bağlı üç görüşü ABŞ-da baş tutub. Bundan əlavə, ABŞ rəsmiləri mütəmadi olaraq, Azərbaycana və Ermənistana səfərlər edir, münasibətlərin normallaşdırılması üçün müxtəlif təkliflər verirlər.

Yeri gəlmişkən, iyunun 3-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ilə görüşüb. Görüşdə Azərbaycan-ABŞ ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin müxtəlif aspektləri, eləcə də postmünaqişə dövründə regional sülh prosesi ətrafında fikir mübadiləsi aparılıb. Ceyhun Bayramov iki ölkənin rəsmiləri arasında təmasların intensivləşməsinin münasibətlərin inkişaf dinamikasına müsbət təsir göstərdiyini diqqətə çatdıraraq, bu istiqamətdə qarşılıqlı səfərlərin əhəmiyyətindən bəhs edib. ABŞ rəsmisi postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma və sülh prosesi istiqamətində aparılan danışıqlar, habelə sülh gündəliyi üzrə əldə olunan son nəticələr barədə ətraflı məlumatlandırılıb.

Ceyhun Bayramov xüsusilə delimitasiya komissiyaları arasında əldə edilən, ölkəmizin Ermənistan tərəfindən işğal altında olan 4 kəndinin geri qaytarılmasını ehtiva edən son razılığın ikitərəfli danışıqlar prosesinin regional sülh və etimad quruculuğuna real töhfə vermək baxımından faydalılığını bir daha vurğulayıb. Söhbət zamanı mayın 10-11-də Qazaxıstanın Almatı şəhərində konstruktiv ruhda baş tutan danışıqların da ikitərəfli sülh prosesinin effektivliyinə dəlalət etdiyi qeyd olunub.

Baş müşavir Lui Bono isə regionda baş verən son proseslərin sülh quruculuğunun gələcəyinə ümid yaratdığını, bu istiqamətdə ABŞ tərəfinin də danışıqlar prosesinə dəstək və töhfə verməyə daim hazır olduğunu ifadə edib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Xatırladaq ki,  ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono təxminən on gün öncə Ermənistana səfər etmişdi. İrəvanda Lui Bono baş nazirin müavini Mqer Qriqoryan, xarici işlər naziri Ararat Mirzoyan və digər rəsmi şəxslərlə görüşmüşdü. Həmin görüşlərdə də əsas müzakirə mövzusu Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması olub. 

Ümumiyyətlə, 2020-ci ildə baş vermiş  Vətən müharibəsi və ötən il Qarabağdakı antiterror tədbirləri nəticəsində ərazi bütövlüyünü və suverenliyini təmin edən Azərbaycan qarşıdakı mərhələdə regionda təhlükəsizlik arxitekterasının formalaşması istiqamətində addımlar atır. Dünya birliyi də məsələnin mahiyyətini  obyektiv şəkildə dəyərləndirir. Azərbaycanın sülh üçün yaratdığı imkanlar mühüm məqamlardan xəbər verir. Təbii ki, məsələnin real həllində maraqlı olan tərəflər, həm də bu sülhün möhkəmliyi üçün səy göstərməlidir. Bu gün Azərbaycan bölgənin yeni inkişaf mərhələsi naminə məhz dayanıqlı sülhü təbliğ edir. Beynəlxalq birlik, o cümlədən ABŞ anlayır ki, Azərbaycan Cənubi Qafqaz regionunun lideri və əsas siyasi-iqisadi oyunçusudur. Yeni dönəmdə Cənubi Qafqaz regionu ilə münasibətlərin sıxlaşdırılması, sülh gündəliyinin irəli aparılması birbaşa Azərbaycanın iştirakı ilə reallaşır. Bu isə qarşılıqlı tərəfdaşlığı daha da gücləndirən amil kimi çıxış edir.

Nardar BAYRAMLI

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
50
yeniazerbaycan.com

10Mənbələr