AZ

Azərbaycanlı pianoçunun COP29-a aid hazırladığı musiqi layihəsinin Danimarkada təqdimatı olub

Danimarkanın paytaxtı Kopenhagendə gənc azərbaycanlı pianoçu, beynəlxalq müsabiqələr laureatı, “Qran- Pri” mükafatçısı, Avstriyanın Anton Brukner adına Konservatoriyasının tələbəsi Ayan Məmmədlinin “Yurdumun gözəlliyi həzin musiqilərdə” adlı layihəsinin təqdimatı və bununla bağlı solo konserti keçirilib.


AZƏRTAC xəbər verir ki, Danimarka-Azərbaycan Gənclər Cəmiyyətinin təşkilatçılığı və Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunan tədbir COP29-a həs edilib.


Kopenhagenin “Valby Kulturhaus” adlı möhtəşəm mədəniyyət mərkəzində təşkil olunan konsertdə əvvəlcə Azərbaycan və Danimarkanın Dövlət himnləri səsləndirilib.


Tədbirin təşkilatçısı, Danimarka-Azərbaycan Gənclər Cəmiyyətinin sədri Kərim Elhan qeyd etdi ki, bu il Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29 kimi mötəbər tədbirə ev sahibliyi edəcək. Təbii ki, iqlim dəyişikliyi kimi ekoloji məsələlərdə yaranan problemlərin aradan qaldırılması dünyanın hər yerində olduğu kimi, Danimarkada da hər kəsi düşündürən, narahat edən son dərəcə aktual məsələlərdəndir. Bu istiqamətdə maarifləndirici tədbirlərin görülməsi mühüm əhəmiyyət kəsb edir. Məhz bu baxımdan düşünürük ki, Azərbaycanımızın təbiətini, füsunkar regionlarını və onların gözəlliklərini vəsf edən milli musiqiləri əsərlərimizin dili ilə əcnəbilərə çatdırılması həm məmləkətimizin təbii gözəlliklərinin, həm də milli musiqimizin təbliği baxımından son dərəcə maraqlı bir layihə olardı. Bu məqsədlə Avstriyada musiqi təhsili alan Ayan Məmmədli ilə yaratdığımız əməkdaşlıq əlaqələri əsnasında onun “Yurdumun gözəlliyi - həzin musiqilərdə” adlı COP29-a aid hazırladığı musiqi layihəsinin Danimarkanın paytaxtında təqdimatı olduqca qürurvericidir.


Gənc pianoçu Ayan Məmmədli deyib: “Mən də hamı kimi, yaşıl təbiəti, dənizi, çayları, təmiz ekologiyanı çox sevirəm. Bildiyiniz kimi, bütün dünyada ekologiyanın qorunması, zəngin enerji mənbəyinin əldə edilməsi çox vacib məsələdir. Hər kəs bunun üçün çalışmaqdadır. Hər il dünyanın müxtəlif yerlərindən hökumət nümayəndələri COP-da toplaşaraq, iqlim dəyişmələrinin qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində birgə səylər göstərmək üçün çağırışlar edir. Sevindirici haldır ki, bu il bu mötəbər tədbirin növbəti toplantısı, mənim doğma vətənim Azərbaycanda keçiriləcək. Hazırda bu möhtəşəm tədbirlə bağlı çox ciddi hazırlıqlar görülür. Mən də bu işə öz töhfəmi verməyə çalışdım. Bu məqsədlə də, bir musiqiçi kimi, bütün insanlara yaşıl və təmiz dünyamız naminə öz musiqimlə çağırışlar etmək istəyirəm. Bugünkü konsertdə sizlərə ifa edəcəyim əsərlərdə Azərbaycanımızın çox gözəl təbiətinə və iqlimə həsr olunmuş musiqi əsərləri səslənəcək”.


Ayan Məmmədli danimarkalı tamaşaçılar qarşısında Azərbaycanın muğam, xalq mahnıları ilə yanaşı, bəstəkarlardan Qara Qarayev, Cövdət Hacıyev, Vaqif Mustafazadə, həmçinin bəzi Avropa bəstəkarlarının da əsərlərindən nümunələr səsləndirib.


Gənc pianoçu təşkil olunan konsertdə fəal və uğurlu iştirakına görə təşkilatçılar tərəfindən Fəxri fərman və təşəkkürnamə ilə təltif olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
9
ekologiya.az

10Mənbələr