AZ

Ailə təzyiqi abituriyentlərə necə təsir edir? - Psixoloqdan ÇAĞIRIŞ

Abituriyentlik dövrü insanın ən gərgin dövrlərindən biridir. Təəssüf ki, bəzən abituriyentlər valideyn təzyiqindən qorxduqları üçün daha çox stresə məruz qalırlar və bu da nəticədə pis hadisələrin yaranmasına səbəb olur.

 

Bu zaman valideynlər abituriyentlərə necə dəstək olmalıdırlar?

 

Mövzu ilə bağlı Azərbaycan Psixologiya Akademiyasının (APAK) psixoloqu Kamil Həmidov AzEdu.az-a danışıb.

 

Psixoloq bildirib ki, ailə təzyiq abituriyentlərin psixoloji vəziyyətinə ciddi təsir göstərir:

 

“Abituriyentlik dövrü, hər bir gəncin həyatında mühüm mərhələdir. Bu dövr, gənclərin gələcəkdə hansı istiqamətdə təhsil alacaqlarını və karyeralarını necə quracaqlarını müəyyən edir.  Azərbaycanda isə abituriyentlər yalnız təhsil məsələləri ilə deyil, eyni zamanda ailə təzyiqi ilə də qarşılaşırlar. Bu təzyiq, onların psixoloji vəziyyətinə ciddi təsir göstərə bilər.

Bizim ailələr, ənənəvi olaraq uşaqlarının uğurlarına böyük əhəmiyyət verirlər. Bu uğurlar, çox vaxt sosial status və ailə qüruru ilə əlaqələndirilir. Buna bir növ “xalxın uşağını görürsən...” kimi də xarakterizə edə bilərik. Nəticədə, valideynlər uşaqlarının yaxşı təhsil alması və prestijli universitetlərə qəbul olunması üçün yüksək tələblər qoyurlar. Bu təzyiq, abituriyentlərdə stress və narahatlıq yaradır".

 

Ailə təzyiqi davam etdikcə abituriyentlərin psixoloji sağlamlığına çeşidli təsirlər də çoxalır:

 

“Stres və təşviş abituriyentlərdə daim uğursuzluq qorxusu yaradır. Bu qorxu, onların akademik performansını mənfi təsir edə bilər. Özünə İnamsızlıq valideynlərin gözləntilərini qarşılaya bilməyəcəkləri düşüncəsi, abituriyentlərdə özünə inamsızlıq yarada bilər. Depressiya uzunmüddətli təzyiq və uğursuzluq qorxusu, gənclərin depressiyaya düşməsinə səbəb ola bilər".

 

Müsahibimiz ailələrin uşaqlarının psixoloji sağlamlığını qorumaları üçün lazım olan bəzi məqamlara diqqət çəkib:

 

“Valideynlər, uşaqlarına dəstək verməli və onların istəklərini nəzərə almalıdırlar. Motivasiya verici sözlər və davranışlar, abituriyentlərin özlərinə inamını artıracaq.

Uşaqlarının potensialını və maraqlarını nəzərə alaraq gerçəkliyə uyğun gözləntilər qoymalıdırlar. Bu, abituriyentlərin üzərindəki təzyiqi azaldacaq. Bundan əlavə zəruri hallarda, abituriyentlərin psixoloqlardan və məsləhətçilərdən yardım almasına şərait yaratmaq vacibdir.

 

Bundan əlavə abituriyentlərin özlərinin bu dövrü daha asan keçmək üçün bəzi addımlar atması da vacib məqamlardan biridir:

 

Abituriyentlər, həm fiziki, həm də psixoloji sağlamlıqlarına diqqət yetirməli və özlərinə qayğı göstərməlidirlər. Vaxtın düzgün idarə edilməsi stresin azalmasına kömək edəcək amillərdən biridir.

Ailə təzyiqi, abituriyentlərin psixoloji vəziyyətinə ciddi təsir göstərə bilən bir faktordur. Lakin, valideynlərin və abituriyentlərin birgə səyi ilə bu təzyiqin mənfi təsirləri azaldıla bilər. Valideynlərin dəstəyi və abituriyentlərin özlərinə qayğı göstərməsi, onların bu mühüm dövrü daha sağlam və uğurlu keçməsinə kömək edəcək”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
50
azedu.az

10Mənbələr