AZ

Rusiya hərbi sənayesinin bərpasına kömək edən Çin Sülh Sammitində hansı rolu oynaya bilər?

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Çinin Sülh Sammitində iştirakdan imtina etməsini şərh edərkən deyib ki, Birləşmiş Ştatlar Çinin Rusiyaya müdafiə sənayesi bazasını bərpa etməkdə kömək etməklə müharibənin dayandırılmasında necə müsbət rol oynaya biləcəyini görmür.

Qaynarinfo xəbər verir ki, bu barədə "Amerikanın səsi" yazıb.

"Biz həmişə açıq şəkildə bildirmişik ki, Çin istəsə, bu münaqişənin həllində faydalı diplomatik rol oynaya bilər. Lakin keçmişdə etdiyi hərəkətləri nəzərə alsaq, Rusiyanın müdafiə sənayesi bazasını yenidən quran və bərpa edən Çinin sammitdə necə belə bir rol oynaya biləcəyini görmək çətindir. Ona görə də biz bu cür hərəkətlərin əleyhinə olduğumuzu Çinə açıq şəkildə izah etməyə davam edəcəyik və bunda iştirak edən təşkilatları məsuliyyətə cəlb edəcəyik. Artıq eşitmişik ki, avropalı həmkarlarımız da bunu etməyi planlaşdırır", - Miller deyib.

Sülh Sammitini şərh edən Miller bir daha ABŞ-ın Ukraynanın diplomatik səylərini dəstəklədiyini və bu tədbirin uğurlu olacağını gözlədiyini vurğulayıb. "Biz sülh sammitini dəstəkləyirik, onun uğurlu olmasını istəyirik və buna görə də siz ABŞ-ın vitse-prezidentinin bu sammitdə şəxsən iştirak etdiyini görürsünüz. Biz Ukraynanın diplomatik səylərini dəstəkləyirik", - Miller deyir.

ABŞ dövlət katibi Entoni Blinkenin də sammitə qatılmağı planlaşdırıb-qalmayacağına dair aydınlaşdırıcı sualı cavablandıran Miller qeyd edib ki, onun hələlik belə bir məlumatı yoxdur. "Mənim bu Sülh Sammitinin planlaşdırılması ilə bağlı heç bir məlumatım yoxdur. Siz eşitmisiniz ki, dövlət katibi (Entoni Blinken - red.) və biz burada son həftələr ərzində bir neçə dəfə bəyan etmişik ki, bu sammitdə yaxşı təmsil olunacağıq", - Miller vurğulayıb.
Cümə günü Çin Xarici İşlər Nazirliyi bildirib ki, İsveçrədə keçirilən Qlobal Sülh Sammiti Pekinin bu cür məkanlar üçün irəli sürdüyü bütün meyarlara cavab vermir, buna görə də orada  təmsil olunmaq "çox çətin”dir.

Çinin Rusiya ilə sıx əlaqələri olduğu bilinir və onun Ukraynaya təcavüzünü tənqid etməkdən çəkinir. Qərb hökumətləri dəfələrlə Çin hökumətini Rusiyaya müharibə aparmaq üçün yardım göstərməkdə ittiham ediblər. Eyni zamanda Pekin sülh yolu ilə nizamlanmaya öz yardımını təklif edib.

Zelenski bu yaxınlarda ölkə liderlərini, xüsusən də Çin və ABŞ-ı tədbirdə iştirak etməyə çağırıb.

Rəsmi Pekin Ukrayna prezidenti Vladimir Zelenskinin Rusiya və Çinin planlaşdırılan qlobal sülh sammitini zəiflətməyə çalışması ilə bağlı ittihamlarına cavab verib. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning iyunun ortalarında İsveçrədə keçiriləcək Sülh Sammiti ilə bağlı sualı cavablandırarkən, Pekinin heç vaxt Rusiya-Ukrayna müharibəsinin "alovunu körükləmədiyini və alovlandırmadığını” söyləyib.

Alpər
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
33
qaynarinfo.az

10Mənbələr