AZ

Torontoda Azərbaycan icması ilə görüş keçirilib - FOTO

Tanınmış tenor, Azərbaycanın Əməkdar artisti, Prezident mükafatçısı Həsən Enaminin ifasında Azərbaycan və Kanadanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bu barədə İqtisadiyyat.az-a a Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, tədbiri Kanadada təhsil alan tələbələr Riyad Vəliyev və Sara Mirzəyeva açıq elan edərək 28 May tarixinin bizim milli yaddaşımızın qürurverici bir səhifəsi olduğunu vurğulayıblar.

Görüşdə “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin rəhbəri, Kanada Azərbaycan Evinin icraçı direktoru Lalin Həsənova, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Səlhət Abbasova, tarix elmləri doktoru İlqar Məmmədov, Ontario əyalət parlamentinin keçmiş üzvü Reza Moridi, “Mənim Azərbaycanım” həftəsonu məktəbinin Azərbaycan dili müəllimi Sevinc Quliyeva çıxış edərək 28 May – Müstəqillik Gününün tarixi önəmindən danışıblar.

“Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin rəhbəri, Kanada Azərbaycan Evinin icraçı direktoru Lalin Həsənova tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib.

Daha sonra Dövlət Komitəsinin şöbə müdiri Səlhət Abbasova müstəqillik tarixinə nəzər salıb və müasir Azərbaycanın Xalq Cümhuriyyətinin varisi olaraq dünyəvi bir dövlət kimi inkişafına, multikultural dəyərlərə, beynəlxalq hüquqa önəm verməsinə diqqəti yönəldib.

Azərbaycan Respublikasının müstəqillik tarixindən, Kanada Azərbaycan Evinin fəaliyyətindən bəhs edən, eyni zamanda “ELTV” Media qrupu və “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ərsəyə gələn “Salam, Vətən” adlı video çarxlar nümayiş olunub. Kanada Azərbaycan Evinin fəaliyyətində böyük rol oynayan könüllülərə sertifikatlar təqdim olunub.

Tədbirin bədii hissəsində Həsən Enaminin ifasında “Ay Güləbatın”, “Sarı gəlin”, “Ağacda alma” mahnıları, məktəbin nağara qrupunun rəhbəri Cəmhur Hüseynov və şagirdlərinin ifasında Azərbaycan ritmləri, “Mənim Azərbaycanım” həftəsonu məktəbinin şagirdlərinin və rəqs qrupunun rəhbəri Orxan İslamovun təqdimatında “Ey əziz anam”, “Azərbaycan” rəqsləri təqdim olunub. Tədbir çərçivəsində Azərbaycanın zəngin mədəni irsini əks etdirən sərgi də maraqla qarşılanıb.

Görüş “Can! Can! Can, Azərbaycan!” mahnısının ifası ilə və gur alqışlarla başa çatıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
7
iqtisadiyyat.az

10Mənbələr